KÖŞƏ

Vəli İlyasov

Əvvəllər dil-dil ötən Paşinyan həmişəlik kaput oldu

25 noyabr 2020 18:28
642

Neçə il idi ki, torpaqlarımızın işğaldan müharibə yolu ilə azad edilməsi barədə söz düşəndə Laçına, Ağdama və Kəlbəcərə bələd oldu adamlar narahatlıqla qeyd edirdilər ki, bu rayonlar təbii qaladır, onları azad etmək üçün itkimiz çox olacaq. Bəli, belə düşünənlər öz fikirlərində haqlı idilər. Çünki Ermənistan otuz il müddətində ərazilərimizdə bir neçə möhkəmləndirilmiş  müdafiə səddi yaratmışdı. Həmin sədləri keçmək böyük qurbanlar tələb edirdi. Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri və ölkə rəhbərləri öyünərək bəyan edirdilər ki, “Ohanyan  müdafiə xətti” keçilməzdir, erməni ordusu yenilməzdir. Ancaq bu gün fərəhlə deyirik ki, Prezidentimiz və Ali Baş Komandanımız cənab İlham Əliyevin son dərəcə ağıllı tədbirləri nəticəsində “Ohanyan xətti” və onun barəsində quraşdırılmış mif igid əsgərlərimizin birinci əks-hücumunda darmadağın edildi və döyüşçülərimiz strateji Murov yüksəkliyini bir gecədə aldılar. İndi biz düşməni diz çökdürməklə o rayonlara heç bir itki vermədən daxil oluruq.

“Bu gün bir çox ölkələrdə, inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir. Bu gün bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. XXI əsrdə ilk dəfə olaraq, bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edilib”.

 Bu fikirləri noyabrın 23-də işğaldan azad edilmiş Ağdam şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib: “İndi buraya gələrkən mən ən azı üç müdafiə xəttini gördüm. Amma mənə hərbçilər tərəfindən verilən məlumata görə, beş müdafiə xətti var. Füzulidə də, həmçinin. Biz bu əsgər və zabitlərimizin qəhrəmanlığı, peşəkarlığı sayəsində müdafiə xəttini yarmışıq. Biz texniki cəhətdən ən müasir silahlarla təchiz edilmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, o videogörüntülər var. İndi onlar bir çox ölkələrdə öyrənilir və öyrəniləcək, hərbi kitablara salınacaq.

Eyni zamanda, biz ordumuzun döyüş potensialını gücləndirirdik. Çünki tam aydın idi ki, təkcə silahlarla qələbə qazanmaq mümkün deyil. Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular. Şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların valideynlərinə Allah səbir versin! Yaralı hərbçilərimiz var, onlar da sağalırlar. Onların bir çoxu artıq sağalıb. Allah onlara şəfa versin! Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq.”

 Dövlətimizin rəhbəri  Qarabağın paytaxtı olmuş Şuşa şəhərinin spesifik hərbi əməliyyat planının uğurla reallaşdırılması nəticəsində azad edildiyini xüsusi vurğulamışdır: “Təkcə Şuşanın işğaldan azad edilməsi əməliyyatı əminəm ki, tarixdə əbədi qalacaq. Demək olar ki, yüngül silahlarla dərələrdən, meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Qarabağın tacı olan Şuşanı azad etdik”, - deyə dövlət başçısı vurğulayıb.

Bəli, qəhrəman əsgər və zabitlərimiz gözəl Şuşamızın ermənilər tərəfindən dağıdılmaması üçün artilleriyadan və  başqa dağıdıcı silahlardan istifadə etmədilər. Komandanlıq hərbi hiylə işlədərək gözlənilməz hücumla əlbəyaxa döyüşlə şəhəri murdar düşməndən təmizlədilər. Rəsmi erməni mənbələrinin məlumatına görə, Şuşanı əldə saxlamağa çalışan Ermənistan qoşunları 800 nəfər itki verərək qaçmışlar. Beləliklə, lovğa Ermənistan bütün parametrlər üzrə Azərbaycan Ordusuna məğlub oldu və bunu açıq etiraf etməli oldu. 44 günlük müharibə Ermənistan üzərində hərbi, siyasi və mənəvi qələbəmizlə sona çatdı. Otuz il himayəçilərinin arxasında daldalanıb meydan oxuyan Ermənistan biabırçı kapitulyasiyaya uğradı, əvvəllər dil-dil ötən Paşinyan həmişəlik kaput oldu.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?