16 iyul 2019 20:09
369

Etnik və dini mənzərənin rəngarəngliyinə görə dünyada unikal məkan

Bakıda “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun keçirilməsi Azərbaycanın İslami dəyərlərin təbliğində artan rolunun növbəti təzahürüdür

Şərqlə Qərb dəyərlər sisteminin qovuşması üçün ölkəmizdə münbit şəraitin mövcudluğu, sivilizasiyalararası münasibətlərin möhkəmlənməsi, mədəni əlaqələrin inkişafı xalqlar arasında qarşılıqlı əməkdaşlığın güclənməsinə təsir edən başlıca amillərdir.

Şərqi Asiya Qərbi Avropa dəyərlərini eyni istiqamətdə birləşdirən və “sərhəd mədəniyyətini” formalaşdıran qlobal proseslər bütünlükdə dünya xalqlarının inkişafına təsirsiz ötüşməmişdir. Dünya mədəniyyət xəzinəsinə bənzərsiz incilər, dahilər bəxş edən Azərbaycan sivilizasiyalar, Şərqlə Qərb arasında körpü rolunu oynayan, geosiyasi əhəmiyyətə malik bir ölkədir.

Etnik-mədəni müxtəlifliyi və təbii-coğrafi zənginlikləri ilə unikal dövlət sayılan, tarixi İslam dini ilə bağlı olan Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindən olmaqla müxtəlif xalqların ikinci doğma Vətəni sayılır. Qafqazın müxtəlif bölgələrində bu dinə məxsus çoxsaylı maddi və qeyri-maddi mədəniyyət nümunələri, abidələri İslam sivilizasiyasının regiondakı dərin köklərindən xəbər verir. Bu gün Qafqazda yaşayan xalqların bir çoxunun mədəniyyətinin əsasını İslam dəyərləri təşkil edir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “İslam Sivilizasiyası Qafqazda”” Beynəlxalq Simpoziumunun ilk dəfə Bakıda keçirilməsi xalqımızın öz tarixi keçmişinə və milli-mənəvi dəyərlərinə bağlılığının bariz nümunəsi idi. Həmin simpoziumda çıxış edən ulu öndər Heydər Əliyevin “ Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söykənərək, eyni zamanda, xalqımızın elminin, mədəniyyətinin inkişafına, milli -mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə zənginləşməsinə və vəhdətinə xüsusi əhəmiyyət veririk” sözləri sübut edir ki, Azərbaycan xalqı təbiətinə, xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir.

Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43 sessiyasından sonra paytaxtımızda “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun keçirilməsi islami dəyərlərin qorunmasına xüsusi əhəmiyyət verən, siyasi sabitliyi ilə seçilən, dini-mədəni müxtəlifliyə hörmətlə yanaşan Azərbaycanda multikulturalizm ənənələrinin zəngin tarixə malik olduğunu göstərir.

Əvvəlki illərdə də Azərbaycanda mütəmadi keçirilən Bakı Beynəlxalq Humanitar forumlarında, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, Dünya Dini Liderlərinin Forumunda, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda ölkəmizdən dünyaya ünvanlanan çağırışlar, Birinci Avropa Oyunlarının ilk standartlarının Azərbaycanda müəyyənləşdirilməsi, IV İslam Həmrəyliyi Oyunlarının təşkili də göstərir ki, müxtəlif dinlərə, millətlərə məxsus xalqlar ölkəmizdə eyni hüquqlara malik vətəndaşlardır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən humanitar tədbirlər əməkdaşlığa xidmət edir, sivilizasiyalararası körpüləri möhkəmləndirir, müxtəlif ölkələrin və dinlərin təmsilçiləri, fərqli fikirli insanlar arasında daha böyük anlaşma üçün humanitar platforma yaradılır. Dünya ictimaiyyəti tərəfindən dəstəklənən və iştirakçılarının sayı artan, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq tribunası olan “Bakı Prosesi” kimi tədbirlərin təşkilində məqsəd terror, ekstremizm kimi mənfi hallara qarşı birgə mübarizəni gücləndirmək, münaqişə zonalarında sülhə nail olmaqdır. Fərqli dinlərə qarşılıqlı hörmət bu sahədə ən əsas amildir.

İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən olduğunu İslam aləminin ayrılmaz parçası olması ilə təsdiqləyən Azərbaycan bəşəri fikir tarixinə böyük şəxsiyyətlər bəxş etmiş, dünya şöhrətli azərbaycanlı alim və mütəfəkkirlər, söz və sənət dühaları İslam mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmişlər.

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi milli münaqişələrin gücləndiyi narahat dünyamıza əmin-amanlıq və həmrəylik çağırışları kimi qiymətləndirildi. Bir sıra ölkələrdə islamofobiyanın vüsət aldığı bir zamanda insanları birliyə, bərabərliyə, sülhə və tolerantlığa dəvət edən, İslami dəyərlərin təbliği istiqamətində xüsusi rolu olan Azərbaycan mədəniyyətlərarası dialoq və əməkdaşlıq təşəbbüslərini davam etdirir. Bu təşəbbüsə real nümunə “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun maraqlı və konstruktiv müzakirələr şəraitində keçməsidir. Simpozium iştirakçılarına ünvanlanan məktubunda toplantının işinə uğurlar arzulayan, bu tədbirin Azərbaycanın, ümumilikdə Qafqazın İslam sivilizasiyasının inkişafındakı tarixi yerinin və rolunun araşdırılmasına yeni töhfələr verəcəyinə əminliyini bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin bütün səyləri təhlükəsizliyin, sabitliyin və proqnozlaşdırmanın, eləcə də xalqlar arasında sülh şəraitində birgə yaşamanın və anlaşmanın möhkəmləndirilməsinə yönəlib: “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir, bizim həyat tərzimizdir. Biz çoxmillətli, çoxkonfessiyalı cəmiyyətimizdən fərəhlənirik. Bütün dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Hesab edirəm ki, bu, indiki dünyada böyük zənginlikdir. Biz, həmçinin öz təcrübəmizi bölüşmək istərdik. Fikrimcə, müasir Azərbaycanın bugünkü inkişafı bunun yeganə düzgün siyasət olduğunu göstərir.”

Şərq və Qərb dəyərlərinin sintezi, Azərbaycanın demokratiya modelinin xüsusiyyətləri ölkəmizə marağı artırmaqla sübut etdi ki, bəşəri dəyərlərə cəmiyyətin ictimai-siyasi inkişafının əsas istiqamətləri kimi diqqət göstərilir. Multikultural cəmiyyətin formalaşması Azərbaycanın dövlət siyasəti, həyat tərzidir. Dünyada sivilizasiyalararası dialoqa ehtiyacın artdığı, qarşıdurmaların kəskinləşdiyi bir zamanda “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun panellərlə davam etməsi, aparılan maraqlı müzakirələr, humanitar tədbirlərin təşkilində Azərbaycanın təşəbbüskarlığının yüksək qiymətləndirilməsi ölkəmizdə İslami dəyərlərin tarixi köklərinin olmasını da göstərir.

Dünyamızda irqçilik, ksenofobiya, islamofobiya təzahürlərinin gücləndiyi bir məqamda ölkəmizin daha bir missiyanı üzərinə götürərək müsəlman ölkələri arasında həmrəyliyin möhkəmlənməsi naminə insani dəyərlərin təbliği üçün geniş imkan yaratması Azərbaycanın sülhsevər siyasətinin təsdiqidir. Cənubi Qafqazda sülhün təminatında rolu artan, səyləri nümunə göstərilən ölkəmizdəki dövlət-din münasibətlərinin tolerantlığın, əməkdaşlıq və həmrəyliyin təminatına yönəldilməsi multikulturalizmin Azərbaycanın dövlət siyasətinin əsasını təşkil etdiyini göstərir. Haqlı olaraq bildirilir ki, milli-mənəvi dəyərlərin qorunmasında və təbliğində, dini radikalizmə, terrorizmə qarşı apardığı mübarizəsi ilə fərqlənən, dinlərarası dialoqların təşkilinə diqqətlə yanaşan ölkəmizin İslam coğrafiyasında yeri və rolu müstəsnadır.

Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə kiberekstremizm əleyhinə əks-təbliğat tədbirləri, münaqişə zonalarında sülhün bərqərar edilməsi prosesində qadınların rolu, davamlı və inklüziv inkişaf naminə idman, qlobal miqrasiya prosesində şəhərlərin rolu ilə bağlı müzakirələrdə dünyada baş verən siyasi, iqtisadi dəyişikliklərə nəzər yetirilir, münasibətlərin tənzimlənməsi yolları öyrənilir. Həlli vacib, qlobal məsələlərlə bağlı təklif və təşəbbüslər, multikulturalizm sahəsində qazanılan nailiyyətlər, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, milli və dini müxtəlifliyin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, ayrı-ayrı istiqamətlərdə müşahidə olunan problemlərin həllinə imkan yaradan qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi ilə bağlı təcrübələr təbliğ olunur. Təbii ki, sivilizasiyalararası dialoq mərkəzi kimi tanınan, qlobal və regional əhəmiyyətli tədbirlərə ev sahibliyi edən Azərbaycanın dini radikalizmə qarşı mübarizədəki rolu qiymətləndirilir. Dünya dövlətlərinin Azərbaycana olan hörməti, etimadı, respublikamızın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, multikultural dəyərlərin təşviqi və sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələrin təbliği Azərbaycanın təşəbbüslərinə verilən qiymətin real ifadəsidir. Birgə yaşayış və əməkdaşlıq prinsiplərinə sadiqliyi ilə diqqət çəkən Azərbaycanda bu istiqamətdə həyata keçirilən islahatların uğurlu nəticələri isə göz qabağındadır. Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf, dini və milli azadlıqların təmin edilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Milli və dini, vicdan, söz azadlıqları tam təmin olunur, Azərbaycanın tolerantlıq təcrübəsi başqalarına nümunə göstərilir. Roma Papası II İohan Pavelin “Azərbaycan xalqı özünəməxsus və nadir mədəniyyət yaratmışdır. Bu mədəniyyətin əsasında müsəlman və xristian sivilizasiyalarının sintezi dayanır” sözləri təsdiqləyir ki, ölkəmiz öz geosiyasi mövqeyinə, etnik və dini mənzərəsinin rəngarəngliyinə görə Qafqazın, bəlkə də dünyanın unikal guşələrindən biridir.

Xuraman İsmayılqızı, “İki sahil”