KÖŞƏ

Vəli İlyasov

Ətlə dırnağın arasına girən...

21 fevral 2019 11:17
523

Moskvada çeçenlərlə azərbaycanlıların iştirakı ilə baş vermiş kütləvi davanın bəzi detalları məlum olub.  Rusiya mətbuatına istinadla xəbər verilir ki, Peçatniki rayonunun Kuryanova küçəsi, ev 28 ünvanında azərbaycanlılara məxsus “Neolit” kafesində baş verən hadisə ilə bağlı polis 25 nəfərin şəxsiyyətini müəyyənləşdirməyə calışır.

Məlumata görə, insident  zamanı iki nəfər polis yüngül xəsarət alıb. Hadisə yerindən 5 bıçaq, 2 ədəd “Grand Pover” markalı travmatik tapança və bir ədəd “MR-80-13T” markalı tapança götürülüb.

Şahidlərin sözlərinə görə, fevralın 15-də saat  22:30 radələrində 20-30 nəfər şəxs kafeyə daxil olaraq, mebelləri sındırmağa başlayıb. Hücum edənlərdən 4 nəfəri restoranın işçilərindən müşahidə kamerasının video-qeydiyyat aparatının harada yerləşdiyini göstərməyi tələb edib. Onlar həmin qeydiyyat cihazını götürərək  özləri ilə aparıblar. Hadisədə ölən və ağır xəsarət alan olmayıb. Hadisə şahidlərindən biri polisə bildirib ki, münaqişə çeçenlər ilə azərbaycanlılar arasında baş verib.

Ancaq hadisənin ertəsi günü sızdırılan məlumatlarda vurğulanıb ki, burada erməni barmağı var. Hətta davadan əvvəl və sonra Moskvada yaşayan ermənilərin zəngləşərək  bir-birlərini təbrik etmələri, hadisələri qızışdırmaq planları ilə bağlı səs yazıları əldə olunub. Həmin ermənilər telefon  zəngləri ilə hadisələri idarə etməyə çalışıblar. Onlardan biri digərinə deyib ki, biz elə etməliyik ki, adımız ortada hallanmasın. Təbii ki, xəyanətkarlıqda ad çıxarmış  ermənilərdən bir qrupu   iki dost xalq arasında nifaq salmaq və onu dərinləşdirmək niyyəti güdüb. Ancaq onların bütün səyləri  puça çıxıb. Ermənilər unudublar ki, Azərbaycan və çeçen xalqları iyirmi-otuz  nəfərdən ibarət deyil. Bu xalqların yüzillərin sınağından keçmiş dostluq ənənələri var və onlar heç vaxt unudulmur.

1990-cı illərdə çeçen xalqının ağır günlərində Azərbaycanın dost xalqa qucaq açdığı hamımızın xatirindədir. Onda  Bakıya yüzlərlə çeçen ailələri pənah gətirmişdi. Burada onlara pulsuz-parasız qalmağa yer, ev əşyaları, yemək verildi. Həmin ailələr bir neçə il bizimlə bərabər, rahat və qayğısız yaşadılar. Bakıda onlara bir dəfə də olsa ayrı-seçkilik qoyulmadı, əksinə, hamıdan daim hörmət gördülər. 

Ermənilər qondarma işlərin ustası olsalar da, onların bu fitnəkarlığı bu məsələdə keçmədi. Azərbaycan Prezidenti İlham Əliyevlə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dostluq münasibətləri və ümumiyyətlə, xalqlarımızın mehriban münasibətləri erməni məkrinin qarşısında sarsılmaz sipər oldu.

Çeçenistanın mətbuat və informasiya naziri Cambulat Umarov bu hadisə ilə bağlı bildirib ki, hər hansı bir cinayət hadisəsini, xuliqanlığı sosial şəbəkələrdə hansı formada şərh edilməsindən asılı olmayaraq yaymaq istəyənlər çeçen və Azərbaycan xalqlarının əlaqələrini, dostluq və  qardaşlıq münasibətlərini poza bilməzlər. Bu, qeyri-mümkündür, ona görə ki, bu münasibətlər yüzilliklərə söykənir: “Qardaş Azərbaycan xalqını salamlayıram. Böyük qürurla qeyd etmək istəyirəm ki, çeçen xalqı beynəlxalq terrorçuların yaratdığı fitnəni, çeçenlərin həlak olduğu zaman Azərbaycanın bizə açdığı isti qardaşlıq qucağını heç vaxt unutmayacağıq”.

Bu məqamda Azərbaycan və çeçen xalqlarının nümayiş etdirdikləri sıx  birlik onu göstərir ki, üzünə hiylə niqabı çəkərək iki dost xalq arasına nifaq salmağa cəhd göstərənlər biabırcasına ifşa və məğlub oldular. Həm azərbaycalılar, həm çeçenlər  Moskvada bir araya gələrək düzgün nəticə çıxarıblar: düşmənlərin aramıza girməsinə qətiyyən yol verməməliyik!

Azərbaycanda yaxşı bir atalar sözü var: “Ətlə dırnağın arasına girən iylənib çıxar.”