Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
17 sentyabr 2020 18:02
1344

«Əsrin müqaviləsi» ilə Azərbaycanın enerji diplomatiyasının təməli qoyuldu

 Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal enerji  layihələrində iştirak edən tərəfdaş ölkələrin  milli təhlükəsizliyinin  də təmin edilməsi neft strategiyasının qələbəsi, uğuru və təntənəsidir 

 

 Dünyada sənaye üsulu ilə ilk dəfə neft çıxarılan ölkə kimi  tanınan, «İkinci Bakı»”, «Üçüncü Bakı» adlandırılan, ulu öndər Heydər Əliyevin müəllifi olduğu  «Əsrin müqaviləsi»nin imzalanması ilə qlobal enerji layihələrinin əsas tərəfdaşı və təşəbbüskarı olan Azərbaycan  enerji potensialına görə ən çox maraq göstərilən ölkədir. Müstəqilliyini əldə etdiyi ilk  illərdə çox ağır problemlərlə üz-üzə qalan, iqtisadiyyatı, sənayesi iflic vəziyyətdə olan, inflyasiya səviyyəsi 1000 faizlə ölçülən Azərbaycanın o dövrdə  üzləşdiyi  çətinliyi  «Belə bir vəziyyətdə Azərbaycana xarici sərmayəni gətirmək doğrudan da böyük müdriklik və uzaqgörənlik tələb edirdi və Heydər Əliyevin neft strategiyası bax, bu çağırışlara cavab verdi. Xarici tərəfdaşlarla 1994-cü ildə imzalanmış «Əsrin kontraktı»” bizim üçün bir çıxış yolu idi, bizə bir güc verdi, nəfəs verdi, investisiya gətirdi. Azərbaycan dünyada özünü tanıtdıra bilmişdir. Azərbaycana, ilk növbədə, ölkəmizin neft-qaz sektoruna böyük şirkətlər tərəfindən maraq artmışdır və bu maraq praktiki işlərə gətirib çıxarmışdır» sözləri ilə xarakterizə edən,  bu missiyanı layiqincə davam etdirərək  Azərbaycanın dünyanın enerji və nəqliyyat xəritəsinin  yenidən yazılmasında misilsiz xidmətləri  olan Prezident İlham Əliyev 1994-cü ildən başlayaraq neft-qaz sahəsində qazanılan nailiyyətləri uğurlar xronologiyası adlandırır: «Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə «Əsrin kontraktı»” yaratdı. O vaxtdan bu günə qədər Heydər Əliyev neft strategiyası uğurla icra edilir, zənginləşir.»

«Əsrin kontraktı»ndan  əldə olunan” gəlirlər hesabına ölkə iqtisadiyyatı  dinamik inkişaf etdi,  qeyri-neft sektoru formalaşdı, Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirildi, bölgələrin siması dəyişildi. Ölkədə  təhsilin, səhiyyənin inkişafına diqqət artırıldı, Azərbaycanın təhlükəsizliyinin möhkəmləndirilməsi, Milli Ordunun gücləndirilməsi üçün müdafiə  xərcləri artırıldı.
«Şahdəniz»in işlənməsi ilə bağlı  imzalanmış   müqavilə  Azərbaycanı təbii qaz hasil edən və hazırda Avropanın enerji təhlükəsizliyinin təminatında müstəsna rolu olan ölkə kimi tanıtdı.   Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum  neft-qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin istismarı ilə   dünya enerji bazarında qlobal layihələrin təşəbbüskarı olan Azərbaycanın mövqeyi möhkəmləndi.  Təbii sərvətlərimizin ixracı  ölkəmizə rifah, inkişaf, sabitlik, güc gətirdi. Qarşıdakı onilliklər üçün hazırlanan neft strategiyasının tətbiqi ilə Azərbaycanın xarici sərmayədarlarla  birlikdə işləmək təcrübəsi  nümunə göstərildi. Dünyanın  tanınmış şirkətləri arasında zəngin   iş təcrübəsi, qazandığı etimadı ilə   tanınan, Avropa ölkələrində tərəfdaşları artan SOCAR-ın enerji layihələrinin şaxələndirilməsi istiqamətində apardığı siyasət dəstəkləndi.  Bu uğurlar da son olmadı.

 «Əsrin kontraktı»”nın  müddətinin  2050 –ci ilə qədər  uzadılması ilə bağlı imzalanan yeni Sazişə əsasən  kontraktın icrası nəticəsində Azərbaycana 3,6 milyard dolların sadəcə olaraq bonus şəklində verilməsi, SOCAR-ın payının 11 faizdən 25 faizə qaldırılması, həmin müddətdə mənfəət neftinin 75 faizinin  Azərbaycana qalması ölkəmizin  enerji təhlükəsizliyi məsələlərini tam şəkildə həllini də təmin edəcək. «Biz vaxtilə xaricdən qaz alırdıq, indi xaricə satırıq. Elektrik enerjisi alırdıq, indi onu satırıq. İndi nefti satırıq, neft məhsullarını satırıq. Biz böyük həcmdə qaz satacağıq və ölkəmizə daha çox pul gələcək» söyləyən  Prezident İlham Əliyevin vurğuladığı kimi karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxaran Azərbaycanın  mövqe və rolunun artması, təkcə neft yox,  qaz hasil və nəql edən, zəngin ehtiyatlara malik ölkə kimi önəm daşıması  neft strategiyasının  təntənəsidir.  Cənub Qaz Dəhlizinin, onun seqmentlərindən  olan TANAP-ın istifadəyə verilməsi,  TAP-ın inşasının  başa çatdırılması  Azərbaycanın siyasi, iqtisadi mövqeyini möhkəmləndirir. Hazırda  dünyanın ən  qüdrətli dövlətləri,  iri neft şirkətləri ölkəmizlə əməkdaşlığa və Azərbaycanın enerji layihələrinə  böyük maraq göstərirlər. Çoxformatlı əməkdaşlıq münasibətlərini   qarşılıqlı tərədaşlıq prinsipləri əsasında   birləşdirən Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkənin - Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Bolqarıstanın, Yunanıstanın, Albaniyanın, İtaliyanın iştirakı Azərbaycanın alternativi olmayan  çoxformatlı iş təcrübəsinin nümunəsidir.    Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi  növbəti mərhələdə bu layihəyə qoşulacaqlar. Azərbaycanın  dünyanın enerji bazarında yerinin, mövqeyinin möhkəmlənməsini  tərəfdaş ölkələrin rəsmiləri də  böyük məmnuniyyətlə  etiraf edirlər. Sivilizasiyalararası dialoq məkanı kimi tanınan, siyasi sabitliyi ilə  seçilən, tolerantlıq, multikultural təcrübəsi  təbliğ olunan Azərbaycanın dünya enerji bazarında  hasilatçı,  tranzit ölkə  kimi tanınması, Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminatındakı rolunun artması göstərir ki,  Xəzər dənizindən hasil olunan  enerji ehtiyatları gələcəkdə də  Avropa istehlakçıları üçün yeganə  mənbə olacaq.  Çünki Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi sahəsində çox önəmli,  əvəzolunmaz layihədir. Bu layihədə  mənbələrin, marşrutların şaxələndirilməsi əksini tapır.
Başqa sözlə deyilsə, Avropanın enerji təhlükəsizliyini təmin  edən   Cənub Qaz Dəhlizi yeni enerji damarıdır. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib, balans gözlənilib.  Cənub Qaz Dəhlizinin   başa çatması ilə tərəfdaşlarımızın sayı daha da artacaq.  Cənub Qaz Dəhlizinin  dördüncü və sonuncu layihəsi olan TAP-ın tikintisi  artıq başa çatmaq üzrədir.  Yaxın aylarda Azərbaycanın ən böyük qlobal enerji layihəsi tam  istismara veriləcək.  Təcrübə göstərir ki,  Cənub Qaz Dəhlizi olmasaydı heç bir  investor buraya və heç bir başqa layihəyə vəsait qoymazdı, yaxud da tərəddüd edərdi.   Ona görə Cənub Qaz Dəhlizinin əhəmiyyəti təkcə «Şahdəniz»” layihəsi ilə məhdudlaşmır. Bu layihə icra olunmadan  ölkəmizin enerji siyasəti yarımçıq qala bilərdi.   Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələlərinin həllinə də kömək göstərir. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi qədər önəmlidir. Bu baxımdan Cənub Qaz Dəhlizi layihəsini  neft strategiyasının tarixi nailiyyəti adlandırmaqda haqlıyıq.    Azərbaycanın enerji layihələrində iştirak  etməkdə maraqlı olan dövlətlərin  sayının artması bu həqiqəti təsdiqləyir.

«Qarabağ» yatağı da  Azərbaycanın dünyanın   enerji bazarına  növbəti töhfəsi olacaq.  Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda «Qarabağ»” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edən Prezident İlham Əliyev  Azərbaycan Televiziyasına müsahibəsində  müəllifi  ulu öndər Heydər Əliyev olan neft strategiyasının uğurlarından bəhs edərək  bildirmişdir ki, bu təntənə müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş  «Qarabağ»ın səmərəliliyinə inanmayan xarici tərəfdaşlara daha bir cavabdır : «Ancaq bizim mütəxəssislər tam əmin idilər ki, bu yatağın çox böyük potensialı var və həyat bunu təsdiqlədi. Bu il qazılmış dördüncü quyu səmərəli oldu və beləliklə, yataq tam kəşf edilmişdir… Çünki «Azəri»”, «Çıraq»”, «Günəşli»” yataqları sovet dövründə kəşf edilmişdir. «Şahdəniz”» və «Abşeron”» yataqları qaz-kondensat yataqlarıdır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur. Ona görə bu layihənin əhəmiyyəti haqqında çox danışmaq olar. Əlbəttə ki, bu, bizim uğurlu siyasətimizin nəticəsidir.» Dövlət başçımız onu da  vurğulamışdır ki,  1994-cü ildən başlayaraq xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır. Növbəti illərdə «Qarabağ”» və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda verəcək, Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət edəcəkdir. Potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilən yatağın Azərbaycanda neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün  böyük faydası olacaqdır. Yeni platforma göstərir ki,  neft-qaz yataqlarımızın uzunmüddətli işlənməsi artıq reallıqdır.   «Qarabağ» yatağı  rəmzi mənada daşıdığı adına görə də   dəyərlidir. Prezident İlham Əliyevin
«Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş «Qarabağ»” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!» sözləri   Dağlıq Qarabağ münaqişəsinin həllində  xalqımızın  qələbə əzmini əks etdirir.

Xuraman İsmayılqızı, «İki sahil»