24 sentyabr 2019 19:37
268

“Əsrin müqaviləsi”: Dünya təcrübəsində özünə layiqli yer tutan layihədir

Qlobal layihələri, böhranlı zamanlarda belə dinamik inkişafı ilə qüdrətli ölkələr sırasında yer alan Azərbaycan həm də dünyanın  enerji bazarında aparıcı mövqeyi ilə fərqlənir. Dünyanın enerji, nəqliyyat xəritəsini dəyişən, Azərbaycanın düşünülmüş enerji diplomatiyasının məntiqi nəticəsi kimi dəyərləndirilən, beynəlxalq əhəmiyyətli “Əsrin müqaviləsi”nin 25 illiyi münasibəti ilə keçirilən tədbirlərdə səsləndirilən fikirlər neft strategiyasının qarşıdakı illər üçün gərəkli olacağını bildirdi. Etibarlı, vədinə sadiq, iki və üçtərəfli əməkdaşlıq formatının müəllifi, vədinə sadiq ölkə kimi tanınan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji, nəqliyyat layihələrinin sülhün, regional əməkdaşlığın möhkəmlənməsinə xidmət etdyini bildirən Prezident İlham Əliyev əminliklə söyləyir ki, gələcəkdə də nəinki energetika, başqa sahələrdə münasibətlərimiz qarşılıqlı anlaşma prinsiplərinə uyğun davam etdiriləcək. Avropada və  Cənubi Qafqazda əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərəcək.

Bu nikbinliyin əsası isə 1994-cü ildə “Əsrin kontraktı””nın imzalanması ilə qoyulub. Ulu öndər Heydər Əliyevin şah əsəri, müdrik zəkasının bəhrəsi olan “Əsrin müqaviləsi” Azərbaycanın inkişaf konsepsiyasının istiqamətlərini ehtiva etməklə, sərmayə qoyuluşu, karbohidrogen ehtiyatlarının həcmi baxımından dünyanın ən böyük, qlobal layihəsi kimi maraq doğurur. “Əsrin kontraktı” ulu öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir, onun başlanğıcıdır. Müqavilənin imzalanmasında qətiyyət göstərən dahi, siyasi xadim Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi.

Layihə imzalandıqdan sonra ölkəmizə daxil olan sərmayələr hesabına Azərbaycan sürətlə inkişaf etdi, beynəlxalq aləmdə siyasi , iqtisadi əlaqələri möhkəmləndi. “Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin kontraktı””nın xüsusi rolu vardır” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan həm də qaz hasil və ixrac edən ölkə kimi dünyanın enerji bazarında ən önəmli strateji tərəfdaşdır.

1994-cü ildə “Əsrin kontraktı””nın imzalanması ilə Azərbaycan müstəqil siyasət aparan ölkə olduğunu təsdiqlədi. Müstəqilliyimizin əbədiliyinin əsasında isə güclü siyasi iradə və iqtisadi müstəqillik kimi, amillər dayanır. Dövlət başçımız haqlı olaraq qürurla vurğulayır ki, biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı”” yaratdı.

Bu baxımdan 1994-cü ildən başlayaraq həyata keçirilən  enerji layihələri neft-qaz sahəsində qazanılan uğurlar xronologiyası adlandırılır.

2002-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlinin qoulması, 2006-cı ildə Ceyhan limanının istifadəyə verilməsi ölkəmizin zəngin təbii sərvətlərinin dünya bazarlarına çıxaracaq yeni layihələrin işlənməsi ideyalarını reallaşdırdı. Neft strategiyasının həyata keçirilməsi ilə respublikamızda sosial-iqtisadi, humanitar, mədəniyyət, təhsil, səhiyyə sahələrində islahatlar keyfiyyətcə yeni mərhələ üzrə davam etdirildi. “Əsrin müqaviləsi”nin imzalandığı zaman ölkə iqtisadiyyatında mövcud olan bəzi problemlər sonrakı illərdə keyfiyyətcə yeni, daha mükəmməl həllini tapdı.

“Əsrin müqaviləsi”nin imzalanması tarixi hadisədir. Bu kontraktın faydasını bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı görür” söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi, bu kontraktın timsalında Azərbaycanın xarici siyasəti də düşünülmüş istiqamətdə davam etdirilidi və ölkəmizə beynəlxalq aləmdə böyük nüfuz qazandırdı.

Müqavilədə Azərbaycanın, iştirakçı dövlətlərin, investorların maraqlarının nəzərə alınması ölkəmizə beynəlxalq müstəvidə çox böyük hörmət və tərəfdaş qazandırır. Dünyanın ən böyük qazma qurğularından olan, Heydər Əliyevin adını daşıyan qazma qurğusunun istifadəyə verilməsi, platformaların tikilməsi “Əsrin kontraktı””nın Azərbaycana qazandırdığı faydaların cuzi hissəsidir. Dünyanın enerji bazarında mövqeyi möhkəmlənən Azərbaycanın digər sahələr üzrə də beynəlxalq aləmdə fərqlənməsi, keyfiyyətli təbii məhsulları ilə xarici bazarlarda yer alması, xarici ticarət mexanizminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən siyasət Azərbaycana əlavə dividend qazandırır, ölkəmizin iqtisadi potensialı artır, idxaldan asılılıq azalır. Neft amilinin insan amilinə çevrilməsi imkanları artır. Azərbaycan dünya bazarlarına daha keyfiyyətli məhsullar təqdim edir. Enerji layihələrinin həlli ilə investorlar, milyard dollarlarla vəsait qoyan konsorsiumlar, həm də Azərbaycan dövləti böyük gəlir əldə edirlər.

“Əsrin kontraktı””nın uzadılması ilə bağlı yeni Sazişin imzalanması isə daha möhtəşəm uğurlar qazandırır. Müqavilənin 2050-ci ilə qədər daha yaxşı şərtlərlə uzadılması Azərbaycana 3,6 milyard dollar bonus qazandıracaq. Dövlət Neft Şirkətinin payı 11 faizdən 25 faizə qaldırıldı. SOCAR, eyni zamanda, operator funksiyasını daşıyacaq və mənfəət neftinin 75 faizi 2050-ci ilə qədər, yəni, kontraktın bütün müddəti ərzində Azərbaycana qalacaq.

Bakı-Tbilisi-Ceyhan neft kəməri haqqında müzakirələrin aparıldığı zaman layihənin çəkilişinə əngəl törədənlər, təxribat kampaniyası aparanlar hazırda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələrində iştirak etməkdə maraqlıdırlar. Bu istək müstəqilliyimizin təntənəsi olmaqla respublikamızın neft ehtiyatlarının zənginliyinə şübhə ilə yanaşanların qərəzli niyyətlərinin də əsassız olduğunu göstərdi.

“Kontraktın 2050-ci ilə qədər uzadılması onu göstərir ki, bizim kifayət qədər neftimiz var, qoy, heç kim narahat olmasın. Eyni mövzunu qazla bağlamaq istəyirdilər, yenə də bədxahlar, bizi istəməyən qüvvələr şayiə yayırdılar ki, Azərbaycanda qaz yoxdur. Ancaq bu gün “Şahdəniz-2”” layihəsi reallıqdır. Qeyd etməliyəm ki, bizim təsdiq edilmiş, dəqiqləşdirilmiş neft ehtiyatlarımız 1,5 milyard tondur, proqnoz isə 2 milyard tondur. Təsdiq edilmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir, proqnoz təqribən 3-4 trilyon kubmetrə bərabərdir. “Azəri-Çıraq”” yatağının işlənilməsi onu göstərir ki, biz həmişə çox konservativ rəqəmlər ortaya qoyuruq” söyləyən cənab İlham Əliyevin kontraktın 25 illiyi münasibətilə keçirilən tədbirdə söylədikləri həmin dövrün çətinliklərini yada salır: “Bu kontraktın imzalanması asan məsələ deyildi. Uzun müddət ərzində aparılan danışıqlar nəticə vermirdi. Əlbəttə hər iki tərəf çalışırdı ki, özü üçün daha əlverişli  və məqbul şərtləri əldə etsin. Hesab edirəm ki, “Əsrin kontraktı”nın timsalında beynəlxalq əməkdaşlığın müsbət tərəfini görürük.”

Müqavilənin imzalanmasından sonra onlarla kontraktın, pay bölgüsünün imzalanması o deməkdir ki, ölkəmizin neft sektoru ilə bağlı müəyyənləşdirdiyi enerji diplomatiyası özünü doğruldur. Azərbaycan enerji təhlükəsizliyi məsələlərini tam şəkildə təmin edib.

Təbii sərvətlərimizin ixracından əldə olunan gəlirlər hesabına ölkədə quruculuq işləri aparılır, infrastruktur layihələri gerçəkləşdirilir, respublikamızın sürətli inkişafı təmin olunur. Davos Dünya İqtisadi Forumunun hesablamalarında qeyd olunduğu kimi, inkişaf etmiş ölkələrlə eyni sırada yer tutan Azərbaycanda qazanılan uğurlar neftdən əldə olunan gəlirlər hesabına qazanılmışdır. Ölkədə qazlaşdırmanın səviyyəsi 96 faizdir. Üç Dövlət Proqramının icrası nəticəsində ölkəmizdə bir çox önəmli məsələlər həllini tapıb. 3200-dən çox məktəb tikilib və təmir edilib. 640-dan çox yeni xəstəxanalar, tibb müəssisələri yaradılıb. Ölkə daxilində 15 min kilometr avtomobil yolu salınıb. Zavodların və fabriklərin işə salınması ilə xeyli iş yeri açılıb.

Ölkəmizdə kosmik sənaye inkişaf etdirilib. Şəhid ailələrinin, məcburi köçkün və qaçqınların sosial müdafiəsi, mənzil və avtomobillərlə təminatına diqqət artırılıb. Müdafiə qüdrətimiz gücləndirilib. Müasirləşən şəhərlər, abadlaşan kəndlər, ölkədə gedən quruculuq, abadlıq işlərinin təməlində dünyanın enerji xəritəsini yeniləyən neft strategiyası dayanır.

Xuraman İsmayılqızı, “İki sahil”