23 avqust 2019 10:32
264

Prezident İlham Əliyev: Biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq

“Əsrin müqaviləsi” - 25

Üçtərəfli formatda başlanan əməkdaşlığın coğrafiyası illər keçdikcə daha da genişlənərək Cənub Qaz Dəhlizinə yol açdı

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, iqtisadi qüdrətinin artmasında, beynəlxalq münasibətlər sistemində yeri və rolunun müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötür.

Zaman baxımından qısa olan bu dövr ərzində ölkəmizin qazandığı uğurların miqyasına diqqət yetirdikdə böyük qürur hissi keçiririk. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “”Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq” fikirləri bugünkü reallıqlarda öz təsdiqini tapıb. Bu gün dünya inkişafın Azərbaycan modelindən bəhs edir və onun öyrənilməsinin vacibliyini bildirir.

Azərbaycan hələ qədim dövrlərdən bütün dünyada odlar diyarı, neft ölkəsi kimi tanınıb, dünya neft tarixində ilklərə imza atıb. Neftin sənaye üsulu ilə çıxarılmasına, boru kəməri ilə nəqlinə, tankerlərlə daşınmasına məhz Azərbaycanda başlanmışdır. Bu da onu deməyə əsas verir ki, ölkəmiz malik olduğu təbii resurslardan daim səmərəli istifadə etməyə, iqtisadi və siyasi imkanlarını genişləndirməyə səy göstərib.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın inkişaf tarixində yeni bir mərhələnin əsasını qoydu. Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi əsasında, ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəni təmin etmək məqsədilə işlənib hazırlanan neft strategiyası Azərbaycanın növbəti illərdə davamlı inkişafının əsasına çevrildi. Bu fikir hər zaman önə çəkilir ki, dünyada neftlə zəngin çox ölkələr var. Amma o sərvətlər həmin ölkələrə heç də uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi sürətlə gedir. Lakin Azərbaycanda neft strategiyasının dünya ölkələrinin təcrübəsinə əsasən işlənib hazırlanması bu kimi problemlərin ortaya çıxmamasını şərtləndirdi. Neft gəlirlərinin düzgün idarə olunması, ədalət prinsipinin yüksək səviyyədə qorunması əhalinin sosial müdafiəsinin təminatında əhəmiyyətli rol oynadı. Ulu öndər Heydər Əliyev bildirmişdir: “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur.” Ümummilli Liderin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu dövlət siyasətinin prioritetlərini müəyyənləşdirərək, mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsini təmin etməklə ölkənin hərtərəfli inkişafına yol açır.

“Əsrin müqaviləsi”nin əhəmiyyətindən bəhs edərkən ilk öncə Azərbaycana inamın artmasında oynadığı rol önə çəkilir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, heç bir ölkə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi olmadan iqtisadiyyatını təkbaşına inkişaf etdirə bilməz. “Əsrin müqaviləsi”nin imzalanması ilə bu tezisin reallığa əsaslandığı bir daha öz təsdiqini tapdı. Azərbaycana inamın artması ölkəmizə investisiya axınının sürətlənməsində özünü qabarıq şəkildə büruzə verdi. Bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 260 milyard dollardan çoxdur. Sərmayələrin böyük həcmini xarici investisiyaların təşkil etməsi Azərbaycanın bu gününə və gələcəyinə inamı bir daha ortaya qoyur. “Açıq qapı” siyasəti həyata keçirən ulu öndər Heydər Əliyev bildirmişdir ki, Azərbaycanın qapıları ölkəmizə xoş niyyətlə ayaq basan bütün iş adamlarına açıqdır. Onlar qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin ola bilərlər. Bu günümüzün uğurları sırasında yer alan bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan bu gün yalnız investisiya yatırılan deyil, eyni zamanda, investisiya yatıran ölkə kimi tanınır və nüfuz qazanır.

Təkcə son illərin enerji sektorunda əldə olunan uğurlara və onların yol açdığı regional və beynəlxalq əməkdaşlığa diqqət yetirmək kifayətdir. “Əsrin müqaviləsi” 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasına yol açdısa, 2018-ci ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi kimi mühüm hadisələr enerji tariximizə yazıldısa, artıq əməkdaşlığın regional çərçivədən çıxdığı göz önündədir. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində “4 il bundan əvvəl bu ərazidə Cənub Qaz Dəhlizinin təməli qoyulub. O zaman mən tam əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək, baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihədir. Bu layihə geniş beynəlxalq əməkdaşlıq tələb edən bir layihə idi. İlk dəfə olaraq Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermişdir, onun təşəbbüskarı olmuşdur. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır” fikirləri ilə ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı uğurlara baxış keçirən cənab İlham Əliyev bildirmişdir ki, düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir.

Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə doğruldur. Avropa Birliyinə daxil olan ölkələrin təbii qazla təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə də Azərbaycan amilinə xüsusi önəm verilir. Enerji təhlükəsizliyinin təminatı üçün alternativ variantlar üzərində müzakirələr aparan mütəxəssislərin qeyd etdikləri kimi, bu sahədə baxışları üst-üstə düşən Azərbaycanla əməkdaşlıq təkcə region, qitə deyil, bütövlükdə dünya dövlətləri üçün  əhəmiyyətlidir. Dövlətimizin başçısı İlham Əliyevin Avropa ölkələrinə səfəri çərçivəsində keçirdiyi görüşlərdə, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlığın prioritetləri” adlı sənəddə ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin dünyanın enerji təhlükəsizliyinin təminatında oynadığı rol əsas diqqət göstərilən məsələ olmaqla yanaşı, bu sahədə əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcudluğu xüsusi qeyd olunmuşdur. Ölkə Prezidenti İlham Əliyev bildirir: “Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər vardır. Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir.”

Dövlətimizin başçısı bu fikri də xüsusi qeyd edir ki, bəziləri üçün əfsanə kimi görünən layihələri problemsiz, maneəsiz həyata keçirdik. 2006-cı ildə BTC neft, 2007-ci ildə BTƏ qaz kəməri istifadəyə verildi. Bu gün ölkəmizi və bölgəmizi bu layihələrsiz təsəvvür etmək mümkün deyil. Bu layihələr nəinki ölkəmizi gücləndirir, xalqımıza xeyir gətirir. Bir sözlə, Azərbaycan enerji sektorunda da liderlik keyfiyyətlərini çox açıq şəkildə ortaya qoyur. “Əgər biz təşəbbüs göstərib 2012-ci ildə Türkiyə ilə birlikdə TANAP layihəsinə imza atmasaydıq, bu gün Cənub Qaz Dəhlizi haqqında kimsə danışa bilərdimi? Bu gün Avropanın enerji təhlükəsizliyini kimsə bizsiz təmin edə bilərdimi? Bunları biz edirik. Nəyə görə? Çünki bu bizim xalqımıza lazımdır. Bu bizim dövlətimizi, ölkəmizi gücləndirir və bizim maraqlarımıza xidmət edir.”

Cənab İlham Əliyev Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunu əsaslı şəkildə diqqətə çatdıraraq bildirir ki, dörd layihədən - “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP-dan ibarət Cənub Qaz Dəhlizi  ölkəmizə əlavə siyasi, iqtisadi, maliyyə imkanları yaradacaq, zəngin qaz resurslarımızın dünya bazarlarına bundan sonra onilliklər ərzində ixrac edilməsini təmin edəcək, valyuta axını artacaq, dayanıqlı inkişafımız daha da möhkəmlənəcək: “Yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir.” 8 il bundan öncə - 2011-ci ildə  Azərbaycanla Avropa İttifaqı arasında “Cənub Qaz Dəhlizi haqqında” Birgə Bəyannamə imzalananda ölkə Prezidenti bu əminliyi ifadə etmişdir ki, imzalanmış sənədlər uğurla həyata keçiriləcək və Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcək. Bu tərəfdaşlıq nəinki illər, onilliklər boyu olacaq.

Əvvəldə də qeyd etdiyimiz kimi, dünya enerji bazarında mövqeləri möhkəmlənən SOCAR biri-birindən əhəmiyyətli investisiya layihələri həyata keçirməklə beynəlxalq nüfuzunu daha da möhkəmləndirir,  imkanlarını artırır. Neft strategiyasının uğurla həyata keçirilməsinə öz töhfələrini verən Azərbaycan Dövlət Neft Şirkəti bu günədək dünyanın 20-dən artıq ölkəsinin 30-dan artıq şirkəti ilə neft-qaz hasilatına dair onlarla saziş imzalayıb. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, dünyada böyük şirkətlər sırasında tanınan SOCAR-in son illərdə apardığı investisiya siyasəti ölkə iqtisadiyyatının davamlı inkişafını təmin edir. Gürcüstanda, Türkiyədə, Ukraynada, Rumıniyada və digər ölkələrdə sərmayə proqramlarına uyğun fəaliyyətini genişləndirən SOCAR Türkiyənin ən iri neft-kimya nəhənglərindən sayılan “Petkim”ə rəhbərliyi Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla dünya bazarına çıxışının ən səmərəli və yaxın istiqamətlərini müəyyənləşdirir. 2008-ci ildən Türkiyənin neft-kimya sənayesinin nəhəngi sayılan “Petkim”in idarə olunmasında söz sahibi olan və Türkiyəyə investisiya yatıran SOCAR bu günədək qardaş ölkənin neft-kimya sektorunun ən müasir texnologiyalar əsasında yenidən qurulmasına  milyonlarla dollar sərmayə ayırıb.  SOCAR-ın sərmayə yatırdığı ən böyük layihələrdən biri də TANAP-dır. Ölkəmizin təşəbbüsü ilə başlanan TANAP layihəsi Azərbaycan qazının müxtəlif ölkələrə nəql olunmasını təmin edəcək. “Enerjinin İpək yolu” adlandırılan TANAP, eyni zamanda, qardaşlığın daha da möhkəmlənməsinə qoyulan sərmayə kimi dəyərləndirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TANAP ortaq baxışımızın ən son bəhrəsidir” söyləməklə yanaşı, perspektivə işıq salan bu məqamı da açıqlayır ki, TANAP, həmçinin qarşıdakı illərdə həyata keçirəcəyimiz yeni layihələrin də müjdəsidir.

“Star Rafineri”nin açılışı da Azərbaycan ilə Türkiyənin qətiyyətinin və siyasi iradəsinin nəticəsi olaraq gerçəkləşən layihələrin davamlılığına işıq saldı. Zavodun açılışı enerji sahəsində iki dost ölkənin həmrəyliyini gücləndirmək üçün uzun müddət görülən işlərin ən mühüm və konkret örnəklərindən biri kimi dəyərləndirildi. “Dünyanın ticarət müharibələri və böhranlarla sarsıldığı bir dövrdə bir-bir açılışını etdiyimiz bu layihələrin ölkələrimizi həm ayrılıqda öz qayələrinə, həm də ortaq hədəflərinə yaxınlaşdırdığına inanıram. Hər şeydən əvvəl 6,3 milyard dollarlıq bir sərmayə- “Star” neft emalı zavodu” söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu inamı ifadə etmişdir ki, son 30 ildə həyata keçirilən ən böyük real sektor sərmayəsi olan “Star” neft emalı zavodu Avropa, Yaxın Şərq və Şimali Afrika bölgələrində ən böyük neft müəssisələrindən biri olaraq, inşallah, uğurla fəaliyyət göstərəcək.

“Regional əməkdaşlığa böyük töhfə kimi dəyərləndirilən Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanmasını da bu illərin mühüm uğurları sırasında qeyd edə bilərik. Sənədin iqtisadi və siyasi əhəmiyyətindən bəhs edərkən ilk növbədə qeyd edilir ki, Konvensiya  Xəzər regionunda böyük həcmdə enerji ehtiyatlarının sərbəst istismarına və istifadəsinə, həmin ehtiyatların dünya bazarına daşınmasına, regionun enerji təhlükəsizliyinin, eyni zamanda, burada dövlətlərin iqtisadi, siyasi maraqlarının təmin edilməsinə, bütövlükdə regionda sabitliyin və təhlükəsizliyin bərqərar olunmasına öz təsirini göstərəcək.

Göründüyü kimi, ölkəmizin iqtisadi imkanlarının artması beynəlxalq mövqeyinin möhkəmlənməsi ilə müşayiət olunur. Ötən il Almaniyanın Federal Kansleri xanım Angela Merkelin Cənubi Qafqaz regionuna səfərini Azərbaycanla yekunlaşdırması dünyanın bölgədə Azərbaycana verdiyi önəm kimi dəyərləndirildi. Səfərini Azərbaycanla tamamlayan Almaniyanın Kansleri ölkəmizin regionda əsl söz sahibi olduğunu, digər region ölkələrində qəbul olunan qərarların icrası ilə bağlı son sözü Azərbaycanın deyə biləcəyini diqqətə çatdırdı. Təbii ki, bu uğurlara yol açan əsas amil Azərbaycanın öz təbii resurslarından səmərəli istifadə edərək regional inkişafın əsas aparıcı qüvvəsinə və dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilməklə dünya xəritəsində öz yeri və rolunu möhkəmləndirməsidir. Federal Kansler bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, Azərbaycan ənənələri olan bir dövlətdir. Ölkəmizin demokratik inkişafı, sosial-iqtisadi islahatları zamanın tələbinə uyğun təkmilləşdirməsi, həm iştirakçı, həmçinin dünya dövlətlərinin davamlı iqtisadi inkişafını şərtləndirən enerji layihələri təqdir olunaraq, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədi ölkəmizin bütün istiqamətlərdə əldə etdiyi uğurlara verilən dəyər kimi qeyd olunmuşdur.

Bir mühüm uğurumuzu da qeyd etməliyik k

i, Azərbaycan son illər müxtəlif, xüsusilə üç və dördtərəfli formatlarının təşəbbüsçüsü kimi də çıxış edir. Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə kimi əməkdaşlıq formatlarının təşəbbüskarı məhz ölkəmizdir. Bu formatlar isə öz növbəsində əməkdaşlıqda yeni-yeni prioritetləri müəyyənləşdirilməsini, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağı şərtləndirir. Əməkdaşlıq formatları ümumilikdə regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, ölkələr arasında iqtisadi-ticari əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malikdir.

Bu fikirlər beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycanın irəli sürdüyü təşəbbüslər və onların gerçəkləşməsinə xidmət edən addımlar yaxın gələcəkdə region üçün olduqca pozitiv nəticələr vəd edir. Bu, ölkəmizin regionda lider mövqeyini, bölgədə təhlükəsizliyin təmin edilməsi və siyasi-iqtisadi əlaqələrin inkişafında oynadığı rolu aydın şəkildə nümayiş etdirir.

“Əsrin müqaviləsi”nin imzalanmasından ötən 25 ilə qısa baxış bir daha bu reallığı ortaya qoyur ki, uğurlarımız gələcəyə daha böyük inamla baxmağa əsas verir. Azərbaycan çox önəmli iqtisadi və enerji tərəfdaşı kimi dünyada rolunu daha da artıracaq, iqtisadi qüdrətin artması fonunda maliyyə imkanlarının genişlənməsi xalqın sosial müdafiəsini gücləndirəcək. Azərbaycanın bu gün yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan seçilməsi, özünü dünyaya sosial dövlət kimi təqdim etməsi də iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunmasından, ən əsası həyata keçirilən siyasətin bu günümüzə və gələcəyimizə hesablanmasından irəli gəlir. Dövlətimizin başçısı İlham Əliyevin 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa müraciətində qeyd etdiyi “ Gəlin fərz edək ki, əgər 1994-cü ildə “Əsrin müqaviləsi” bağlanmasaydı, nə olardı, əgər çətin, ağır şəraitdə Heydər Əliyevin səyləri nəticəsində biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlamasaydıq nə olardı? Azərbaycan hansı problemlərlə üzləşərdi? İndi Azərbaycanın dünyadakı mövqeləri necə ola bilərdi? Əlbəttə, bunu təsəvvür etmək çətin deyildir. Bu gün Azərbaycanın inamlı inkişafının əsas səbəbi məhz 1990-cı illərin ortalarında ulu öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasıdır. Bu neft strategiyası bizə böyük imkanlar yaratdı, böyük imkanlar da yaradacaqdır və biz bundan səmərəli istifadə edəcəyik” fikirləri “Əsrin müqaviləsi”ndən başlanan yolun aydın mənzərəsini yaratmaqla yanaşı, ölkəmizin iqtisadi, siyasi, beynəlxalq həyatında oynadığı rola işıq salır və qarşıdakı illərin hədəflərini açıqlayır. Məhz 25 ilin uğurlarına söykənərək dünyanın inkişaf etmiş ölkələri sırasında addımlamaq, yüksək gəlirli ölkəyə çevrilmək, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq hədəfimizi açıqlayır və bu yolda inamla irəliləyirik.

Yeganə Əliyeva,

“İki sahil”