KÖŞƏ

Rəşid Faxralı

Əsgər, sabahın xeyir!

05 may 2020 11:50
3409

Bu ilin yazı bəşəriyyətə bir ürək tutumunca könülxoşluğu verməyə macal tapmamış düzü-dünyanı olduqca qorxulu virus bürüdü. Təbabətin bu yüyrək pandemiyanın qarşısını almağa hələ ki, qüdrəti çatmır. Dünyəvi təbabət etiraf edir ki, bu qüdrətin başlanğıcı dövlətin gördüyü qabaqlayıcı tədbirlər ola bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə pandemiyanın Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görüldü, xüsusi karantin rejimi, karantin rejiminə görə müxtəlif iş sahələrində müəyyən məhdudiyyətlər tətbiq edildi. Lakin Azərbaycan Ordusunun şəxsi heyəti xidmətini həmişəki məsuliyyətlə, hərbi anda, dövlətə, dövlətçiliyə həmişəki sədaqətlə davam etdirməkdədir. Hərbi hissələrdə təhlükəsizliyin təmin edilməsi, sanitar-gigiyena şəraitinin səviyyəsini yüksəltmək məqsədilə nəzarət qrupları yaradılıb.

Bəşəri dövlətləri, başlıca dövlətçilik siyasəti insan amili olan dövlətləri pandemiya ilə mübarizə qeyri-rəsmi şəkildə birləşdirdi. İndi dünya hər açılan səhərdən ümid gözləyir. Ümid dövlətin pandemiyaya qarşi qəbul etdiyi qərarlardır, bu qərarları tam ciddiyyətiylə yerinə yetirən müavfiq dövlət strukturlarıdır, əhalinin məsuliyyətidir...

Neçə gündür ümidə inam hamı kimi, mənim də düşüncələrimdədir. Mən də gecəni əhalinin xüsusi karantin rejiminə tam məsuliyyəti ilə əməl edəcəyinə, dövlətin pandemiya ilə mübarizəsinə yardımçı olacağına əminliklə səhər edirəm və hər səhər hər oxuyanda “Bakı, sabahın xeyir!” şeirini, hər dinləyəndə bu şeirə bəstələnmiş nəğməni xatırlayıram - bütün xatırlayanlar kimi mənim də könlüm tellənir. Könlümdən “Sabahın xeyir!” ifadəsini ön xətdə, səngərdə demək keçir. İstəyirəm ki, səhər yelləri ön xətdə yollar boyunca ağacların xırdaca budaqlarının, hələ dünya işığını düz-əməlli görməmiş yarpaqlarının titrəyişinin içindən keçib səngərə çatam, nəfəs dərib əsgərlərə salam verib, əleyk alam, salamlaşma düzü-dünyanı titrətmiş pandemiya təhlükəsi sovuşandan sonra əsgərlərlə təşnəsində olduğum başlanğıc ola, əlim əsgərlərin əlində isinə, əlim əsgər əli isidə, düşüncələrimin qırışığı açıla, yenə mətləb verib mətləb alaq, bir mətləbi digərinin davamı kimi, bir mətləb digərinin başlanğıcı kimi dinləyək, yenə düşüncələrimiz Vətən, dövlət, dövlətçilik kəlmələrindən barınsın, əsgərlərin döyüş əzmi, qələbə ruhu yenə inamımızı bir boy da dikəldə. Döyüş növbətçiliyinə gedən əsgərləri könül xoşluğuyla, əminliklə uğurlayaq, döyüş növbətçiliyindən qayıdanlarla kəlmələşək. Səngəri müharibə yaradır. Müharibə başa çatınca Vətənin ən həssas yeri səngər olduğuna görədir ki, burada bütün söhbətləri bir mahiyyət birləşdirir: Qələbə...

Azərbaycanda karantin rejimi tətbiq edilməmişdən əvvəl - Novruz bayramı əərəfəsində ön xətdə əzamiyyətdəydim. Hərbi hissədə təhlükəsizliyin təmin edilməsi, sanitar-gigiyena şəraitinin səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış nəzarət qrupunun fəaliyyətini biz də dövlət başçısının tövsiyələrinə, tələblərinə tam ciddiyətiylə əməl edildiyinə əminlik bildik: koronavirus xaricdən gələnlərə görə Azərbaycana yol tapa bilər, ancaq Azərbaycan Ordusuna yox!

Pandemiya Azərbaycana da əl uzatdı. Ancaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qabaqalyıcı sərəncamları, vaxtında tətbiq edilən xüsusi karantin rejimi yoluxmanın geniş miqyasda yayılmasının qarşısını aldı.

Səngərdə verilən salam həm vəzifə borcunun icrasına başlanğıcdır, həm də mənəvi borcödəmədir. Bu iki məqamın vəhdəti könülxoşluğudur, yazılacaq (yaranacaq!) fikirlərin mübtədası olur. O məqama uğur üstəyəm. Dost da, düşmən də bilir ki, Azərbaycan Ordusu qüdrətlidir, yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan əsgərlər Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaq. Bu inam ictimaiyyətin inamıdır və səngərlərə bu inamın işığıyla gedirik, əsgərlərlə bu inamla kəlmələşirik və səngərdə bu kəlmələşməni əsgərlər ictimaiyyətin orduya güvəncini ifadəsi kimi dinləyir, ictimaiyyət bu kəlmələşmənin nəticəsi olan yazılanları əsgərlərin qətiyyətinin, döyüş əzminin, qələbə ruhunun ifadəsi kimi oxuyur, bilir ki, güvəndikləri onlara arxalanır. Əsgərlərə belə ovqat yaşatmağı da, bu ovqatı yaşadıb da ictimaiyyətə çatdırmağı da özümə vəzifə borcu bilirəm.

Azərbaycan əsgəri bilir ki, Vətən təkcə sərhədlərdən, müharibədə, müharibə şəraitində səngərlərdən qorunmur, Vətən həm də dövlətçiliyin yaşamı üçün dövlətin Konstitusiyasına, qəbul etdiyi qərarların tələblərinə vətəndaş münasibətilə qorunur. Ona görə Azərbaycan əsgərinin ön xətdən, səngərdən sevə-sevə qoruduğu, qoruya-qoruya sevdiyi Azərbaycanımıza xitabən deyəcəyi “Hər bir Azərbaycan vətəndaşı üçün xüsusi karantin rejiminə böyük məsuliyyətlə əməl etmək döyüş növbətçiliyidir” kəlmələrini də eşidəcəyəm...

Yaxın vaxtlarda açılan dan yeri bəşəriyyətə Azərbaycanda pandemiyanın sovuşduğunu deyəcək.

Yaxın vaxtlarda açılan dan yeri Azərbaycan Ordusunun Böyük Qələbəsinin carçısı olacaq! Dünya səmimiyyətlə “Sabahın xeyir, Azərbaycan əsgəri!” deyəcək. O salamın veriləcəyi səhər ən gözəl səhər olacaq...

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?