Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
22 oktyabr 2020 17:58
305

Ermənistanın qeyd-şərtsiz kapitulyasiyası qaçılmazdır

İşğalçı ölkədə ordu iflic olub, aclıq və səfalət başlayıb

Ermənistanın baş naziri Nikol Paşinyan siyasətçiyə yaraşmayan qeyri -ciddi davranışları,  avantürist bəyanatları ilə bir daha göstərirdi ki,  onun hikkəsi, iddiaları mövcud siyasi imkanlarından və qabiliyyətindən çox-çox yüksəkdir. Acınacaqlısı isə odur ki, o bu rəzilliyini həm də erməni ictimaiyyətinə aşılaya bilibdir. Məhz onun bu əxlaqsız siyasi fəaliyyətini ölkəmizin başçısı torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətlərində belə xarakterizə etmişdir: «Bu gün özünü düşük kimi aparan Ermənistan rəhbərliyi gecə-gündüz təşkilatlara bəyanat göstərir. O, özünü dilənçi kimi aparır. Onlar hər bir ifadəyə layiqdir. Onlar beynəlxalq təşkilatlara yazır ki, niyə səsinizi çıxarmırsınız? Necə səslərini çıxara bilərlər? Onlar bu qətnamələri artıq qəbul ediblər. Azərbaycan isə döyüş əməliyyatlarını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində aparır».

Bəli, məhz Azərbaycan Ordusunun zəfər yürüşləri nəticəsində bu gün erməni cəmiyyəti son onilliklərdə özü üçün formalaşdırdığı cəzasızlıq, yekəxanalıq, qarşı tərəfi aşağılamaq əhvalını hazırkı düşkün, məğlub, diz çökmüş və isterik durumla əvəzləmək məcburiyyətində qalıb. Elə Paşinyanın son yalvarışları, Azərbaycanı durdurmağa dair çağırışları da məhz özlərinə olan dərin inamsızlığın göstəriciləridir.

Bu gün Azərbaycan Ordusunu ən çox silahla «təmin» edən ölkə Ermənistandır-lətifəyə oxşayan həqiqəti

Həm siyasi debatlarda, həm də siyasi müzakirələrdə Azərbaycan Prezidenti cənab İlham Əliyevə ciddi şəkildə və həm də biabırcasına uduzan Paşinyan artıq anlayır ki, hərb meydanında olduğu kimi, siyasət meydanında da populizm və eyforiya köməyə çatmır və o, ölkəsi ilə birlikdə məğlub durumdadır.

Qürurverici digər mühüm fakt isə odur ki, Ermənistan ordusu döyüşlərin  başladığı 26-cı gündə hərb tarixində nadir halda rast gəlinən çox ciddi məğlubiyyətlərlə üzləşib. Bu barədə Ali Baş Komandanımız xalqa müraciətində bildrib: «Beləliklə, düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb - toplam 280 tank. Amma yenə də hələ ki, tanklar var, həm işğal edilmiş torpaqlarda, həm Ermənistan ərazisində. Haradandır onlarda bu qədər tank? Bir də ki, bu, bütün bu məsələni tənzimləyən beynəlxalq konvensiyalara ziddir. Bəs bu konvensiyalara monitorinq aparmalı olan qurumlar niyə buna fikir verməyiblər? Bax, biz deyirik 241 tank məhv edilib. Biz sonra onların nümayişini təşkil edəcəyik. 39 tank saz vəziyyətdə götürülüb və bu gün bizim əsgərlərimiz o tanklarda oturub düşmənə onların öz tankları ilə atəş açırlar. Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb və bu gün bizim əlimizdədir. Özüyeriyən 17 artilleriya qurğusu məhv edilib, 198 top məhv edilib. 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 «Qrad» qurğusu məhv edilib. İki «Uraqan», iki «YARS» məhv edilib. Bir TOS məhv edilib. Dörd «S-300» zenit-raket kompleksi məhv edilib. Son dəfə mən bu məlumatı Azərbaycan ictimaiyyətinə çatdıranda iki «S-300» zenit-raket kompleksi məhv edilmişdi. Bu gün artıq dörd kompleks məhv edilib. Hər bir kompleksin, hər bir qurğunun qiyməti bəllidir, çox bahalı hərbi texnikadır. Üç TOR zenit-raket kompleksi məhv edilib. Qırxa yaxın OSA zenit-raket kompleksi məhv edilib. Beş KUB və KRUQ zenit-raket kompleksi məhv edilib. Altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki raket kompleksi – «Elbrus», bir ballistik raket, bir «Toçka-U» raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhv edilib. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobilləri idi. 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb. Biz düşmənin hərbi texnikasını bundan sonra da məhv edəcəyik. Olan-qalan da məhv ediləcəkdir.»

Ermənilərin rusiyalı jurnalistə danışdığı dəhşətlər: İrəvan  qəbiristanlıqlarında hər yarım satdan bir hərbçi dəfn olunur.

Sosial şəbəkələrdə lətivəvari belə bir video da yayımlanır ki, bu gün Azərbaycan Ordusunu ən çox silahla təmin edən ölkə Ermənistandır. Bundan başqa, işğalçı Ermənistan  ordusunun əsgər və zabitlərinin də döyüş meydanındakı itkiləri minlərlədir. Nikol Paşinyan hakimiyyəti  gerçək itkilərini hər nə qədər gizlətməyə çalışsa da, döyüşlərdə ölən ermənilərin real sayı ilə bağlı yeni-yeni faktlar üzə çıxmaqdadır. Belə ki, Rusiyanın məşhur «Kommersant.ru» saytında İrəvandakı Erablur (Üçtəpə) qəbiristanlığındakı vəziyyətlə bağlı yazılı reportaj dərc edilib. Həmin qəbristanlıqda olan nəşrin əməkdaşı yazır ki, dəfn edilən əsgərlərin sayı olduqca çoxdur: «Bazar günü açıqlanan rəsmi rəqəmlərə görə, daha 77 hərbçi həlak olub. Bununla da onların sayı 710-a çatıb. Lakin öz yaxınları ilə sonuncu dəfə vidalaşmağa gələn ermənilərin dediyinə görə, morqlar hələ də kimliyi müəyyən olunmayan meyitlərlə doludur. Onların çoxu MAXE-lərdir, onları qapalı qəbirlərdə basdırmaq lazım gəlir. Erablur qəbiristanlığı İrəvanın kənarındadır. Turist və xarici qonaqlar bura gəlmirlər, bura ermənilərin özləri üçündür...» Jurnalistin danışdırdığı dəfnə gələn ermənilərdən biri isə  deyir ki, qəbiristanlıqda hər yarım saatdan bir hərbçi dəfn olunur.

Ermənistanda artıq həyat tam olaraq iflic olub. Burada aclıq və qıtlıq mövcuddur. Belə ki, döyüşlərdə çoxlu canlı qüvvə və bahalı hərbi texnika itirərək taqətdən düşən işğalçı ölkənin  dövlət büdcəsi tükənmək üzrədir. Hətta Ermənistan parlamenti müharibə vəziyyəti dövründə qida məhsullarının, dərman və əsas malların satışı və alışına dair xüsusi proseduru nəzərdə tutan qanun qəbul edib. Bildirilir ki, bundan sonra Ermənistanda zəruri qida məhsullarının, dərmanlar və başqa zəruri malların istehsalı, saxlanması və satışı yalnız polis əməkdaşları, Milli Təhlükəsizlik Xidməti və digər dövlət qurumlarının nəzarəti altında həyata keçiriləcək. Hazırda işğalçı ölkənin bir sıra bölgələrində onsuz da zəruri ərzaq məhsullarının çatışmazlığı var. Sosial şəbəkələrin erməni səhifələrində  yazırlar ki, paytaxtdan xeyli aralı olan mağazalarda artıq heç nə tapmaq mümkün deyil.

Eyni zamanda, işğalçı ölkədə koronavirus pandemiyası da tüğyan edir. Hər gün  1000 nəfərədək yoluxma və 20-dən çox ölüm halları qeydə alınan bu ölkədə üstəgəl Qarabağdan gətirilən çoxsaylı yaralılar və ölülər Ermənistanın müharibəni qısa müddətdə tamamilə uduzmasına gətirib çıxaracaq. Bəli, məhz bu reallıqlar ən qısa müddətdə Ermənistanın qeyd-şərtsiz kapitulyasiyasına səbəb olacaqdır.

Elçin Zaman, «İki sahil»