25 noyabr 2020 17:52
325

Ermənistanı gözləyən fəlakət

İşğalçı ölkədə alovlanan qalıcı kataklizmlərin real əlamətləri ən yaxın gələcəkdə daha aydın şəkildə görünməyə başlayacaq...

Cəbhədəki biabırçı məğlubiyyətə, gündən-günə daha da ağırlaşan iqtisadi və siyasi böhrana, eləcə də güclənən pandemiyaya görə Ermənistan sonu görünməyən uçuruma yuvarlanıb. Bu səbəbdən ölkədə baş nazir Nikol Paşinyanın idarəçiliyinə qarşı etiraz dalğası genişlənməkdədir. Bu etirazlarda istefa tələblərinin artması iqtidarın vəziyyətini daha da pisləşdirib. Siyasi-ictimai gərginliyin dərinləşməsi Ermənistanda hər an iqtidarın inqilabi yolla devrilməsini istisna etmir. Hakimiyyət etirazları səngitmək üçün diqqəti müxtəlif istiqamətlərə yönəldir. Belə ki, Azərbaycan Ordusu qarşısındakı ağır məğlubiyyəti cəmiyyətə heç cür izah edə bilməyən Paşinyan struktur dəyişiklikləri ilə ictimaiyyətin diqqətini yayındırmağa çalışır.

Artıq yerli əhaliyə də məlumdur ki, gələcəkdə xalqı yaxşı heç nə gözləmir. Ermənistanın xarici borcu 8 milyard dollardan artıqdır ki, bu da ölkənin ümumdaxili məhsulunun 70 faizindən çoxunu təşkil edir. 2 milyard dollara qədər rezervləri olan ölkə üçün 8 milyarddan çox xarici borcun olması ciddi neqativ iqtisadi nəticələrə gətirib çıxaracaq. İşğalçı ölkədə iqtisadiyyatın inkişafı baxımından ümidverici heç nə yoxdur və gözlənilmir. Artıq yerli politoloq və tanınmış ictimai-siyasi xadimlər də bu vaxta qədər Ermənistana Nikol Paşinyan kimi təsadüfi, savadsız, qəddar, dövlət idarəçiliyindən bixəbər birisinin rəhbərlik etmədiyni açıq şəkildə bildirirlər.

Sentyabrın 27-dən başlanan müharibənin səbəbkarı olan Nikol Paşinyana elə gəlirdi ki, müharibəyə başlayan kimi, bir tərəfdən Rusiya, o biri tərəfdən KTMT, o cümlədən Fransa və digər ermənipərəst dövlətlər ona kömək edəcəklər. Ancaq gözlədiyinin əksi oldu. Həmin ölkələrin rəhbərlərinə nə qədər yalvarıb-yaxarsa da, konkret cavab aldı: Azərbaycan öz ərazisində vuruşur. Azərbaycan Ordusunun bir-birinin ardınca vurduğu ağır zərbələr Paşinyanı siyasi nokauta saldı. Hesablamalara görə, müharibənin bir günü Ermənistana, təxminən, 30 milyon dollara başa gəlirdi. Bunu erməni ekspertləri də etiraf edirlər. Dağlıq Qarabağda müharibənin davam etməsi Nikol Paşinyan hakimiyyətinin bu günə kimi 1,2 milyard dollardan çox vəsait itirməsi ilə nəticələnib. Ermənistan müharibədən öncə də iqtisadi baxımdan son dərəcə zəif ölkə idi. Bu qədər itkiləri də nəzərə alanda, postmüharibə dövründə ölkə iqtisadiyyatının düşəcəyi vəziyyəti təsəvvür etmək çətin deyil.

Ermənistanın keçmiş kənd təsərrüfatı naziri Artur Xaçatryan erməni KİV-nə açıqlamasında bildirib ki, Ermənistanı qarşıda ərzaq təminatı, xüsusilə də taxıl bitkiləri ilə bağlı çox ciddi çətinliklər gözləyir: 2017-2018-ci illərdə “dqr”də təxminən 135-150 min ton taxıl istehsal olunub ki, bunun da 100 min tondan çoxu Ermənistana idxal edilib: “Sazişdən sonra başqa ölkələrdən çörək almalı olacağıq. Rusiya belə taxılı bizə dollarla satır. Dolların hazırkı məzənnəsini nəzərə alsaq, təsəvvür edin, bizim nə qədər böyük problemimiz olacaq. Nəticədə taxıl və çörəyin qiyməti kəskin artacaq”.

Xaçatryan, həmçinin qeyd edib ki, bir ölkənin Kənd Təsərrüfatı Nazirliyinin olmaması şizofren düşüncəsidir: “Ermənistandan başqa dünyada elə bir kənd təsərrüfatı ölkəsi yoxdur ki, Kənd Təsərrüfatı Nazirliyi olmasın”.

Ermənistan iqtisadiyyatının defolt vəziyyəti və müharibədəki acınacaqlı məğlubiyyət özünü beynəlxalq reytinq agentliklərinin hesabatlarında da büruzə verməyə başlayıb. Oktyabrın 6-da Fitch reytinq agentliyi Ermənistanın kredit reytinqini minimum həddə endirib. Buna səbəb COVİD-19 pandemiyasının Ermənistan iqtisadiyyatına vurduğu 1,53 milyard dollarlıq zərər, həmçinin müharibədəki ardıcıl məğlubiyyətlərin ölkə iqtisadiyyatının onsuz da acınacaqlı olan durumunu faciəvi həddə çatdırmasıdır. Bu səbəbdən paytaxt İrəvanda yaşayan xarici iş adamları da bizneslərini Ermənistandan kənara çıxarır, ailələri ilə birlikdə öz vətənlərinə qayıdırlar. Ömrünün 6 ilini İrəvanda keçirən və buradakı İT şirkətlərindən birinin səhmdarlarından olan İsveç vətəndaşı Daniel Surflyu artıq bire neçə gündür ki, ailəsi ilə birlikdə öz vətəninə qayıdıb. Daniel İsveç mediasına müsahibəsində Ermənistanda həyatın demək olar ki, dayandığını bildirir. Surflyunun sözlərinə görə, Ermənistan ordusundakı insan itkiləri səbəbindən onun şirkətində çalışan mütəxəssislərin əksəriyyətini zorla hərbi xidmətə göndəriblər. Daniel Surflyu paytaxt İrəvanda əhval-ruhiyyənin depressiv olduğunu, insanların öz evlərindən nadir hallarda çıxdıqlarını deyir.

Bütün bunlar onu göstərir ki, hazırda Ermənistanın, ümumiyyətlə, mövcudluğu ciddi təhlükə altındadır. Ölkə iğtişaşlar məkanına çevrilib, hakimiyyət böhranı ən ciddi səviyyədədir, iqtisadiyyat dəfn olunub, vətəndaş müharibəsi ehtimalı isə artır.

Sevinc Azadi,

“İki sahil”