KÖŞƏ

Sevinc Azadi

Ermənistanda qeyri-müəyyən situasiya

07 may 2020 10:52
876

Hakimiyyətin müxtəlif qanadları arasında gərginlik yüksək həddə çatıb

Hazırda Ermənistanda vəziyyət qeyri-müəyyəndir. İşğalçı ölkədə çıxan “İrates” qəzeti hakimiyyətin baş nazir Nikol Paşinyanın əlindən sürüşüb getdiyini yazıb: “O, komandasında birliyi belə təmin edə bilmir. Hakimiyyətin müxtəlif qanadları arasında gərginlik yüksək həddə çatıb. N.Paşinyanın arxasında “kölgə hökuməti” fəaliyyət göstərir. Hüquq mühafizə orqanları cinayət işlərinin qarşısını arzu edilən səviyyədə ala bilmirlər”.

Ermənistanın baş naziri Nikol Paşinyan Moskva ilə münasibətləri normallaşdıra bilmədiyindən ölkə iqtisadiyyatı böhranın dibinə yuvarlanır. Hakimiyyətin keçmiş nümayəndələri həbslə hədələnir, yaxud həbs olunur. Mayın 4-də “Ucom” “IT” şirkəti direktorlar şurasının sədri, Ermənistanın keçmiş maliyyə naziri Qagik Xaçaturyanın oğlu Qurgen Xaçaturyanın həbsi ilə bağlı xəbər yayılıb. Bir neçə saatdan sonra isə Ermənistan Milli Təhlükəsizlik Xidməti şirkət rəhbəri barəsində axtarış elan etdiyini açıqlayıb. Bu “İrates”in yazdığını təsdiqləyir: “Paşinyan keçmiş hakimiyyət nümayəndələrinin son qəpiyini müsadirə etməklə vəziyyətdən çıxmağa çalışır”.

Koronavirusa qarşı mübarizə ilə bağlı ABŞ-ın Ermənistana əlavə 25 milyon dollar yardım edəcəyi Vaşinqtonun N.Paşinyan hökumətinə münasibətinin göstəricisi sayıla bilər. Ehtimal etmək olar ki, baş nazir və komandası özünü yaxşı aparacağı halda (Moskvadan uzaqlaşmanı sürətləndirərsə) müxtəlif adlar altında yardımlar arta da bilər. Yerevanın belə davranışı, təbii ki, Moskvanın xoşuna gəlmir. Elə keçmiş maliyyə nazirinin oğlunun həbsinə cəhd də bu münasibətin göstəricisi sayılır. Başqa sözlə, N.Paşinyan korrupsiya və başqa cinayət adı altında həm də Rusiyanın Ermənistandakı adamlarını aradan götürür. Bu vəziyyətdə Moskva Yerevana ən güclü kart olan Dağlıq Qarabağ problemi ilə təzyiq edə bilər. Ermənistan isə bu məsələdə indi tutduğu mövqe ilə, əslində, Rusiyaya qarşı çıxmağa səy göstərir. Çünki Ermənistanın nə sərhədi açmağa, nə də təhlükəsizlik kimi məsələni bəhanə etməyə gücü çatar.

Bu arada Paşinyanın komandasındakı problemlər də pik həddə yaxınlaşır. Siyasi texnoloq Vigen Akopyanın qənaətincə, komanda müxtəlif siyasi baxışlı və bekqraundlardan formalaşanda belə olur. Hakimiyyət daxilində parçalanma göz önündədir. Bunu Paşinyanın özü də bir neçə dəfə bildirib. Əlavə edib ki, hakimiyyətdə ümidsiz vəziyyətə düşənlər də var. “Axı insanlar Paşinyanın komandasına ən müxtəlif yerlərdən gəliblər. Onları Paşinyanın yüksək legitimliyi birləşdirirdi və indi də bu, artıq azalır. Bu müddət ərzində birləşmə və komandanın möhkəmləndirilməsi istiqamətində heç bir addım atılmadı”, - deyə V.Akopyan bildirib. Onun qənaətincə, hakimiyyət xarici siyasət məsələlərində də zəifləyir. Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrovun son bəyanatları da sübut edir. “Lavrov faktiki olaraq bidirib ki, Ermənistan hakimiyyət orqanlarının qazın qiymətinin aşağı salınması ilə bağlı mövqeyi müttəfiqlik ruhuna ziddir. Qarabağ məsələsində isə erməni siyasəti üçün üç emosional aspektə toxunub. Qarabağ üzrə danışıqlar aparılır, təklif olunan sənəd var və mərhələli həll variantı müzakirə olunur. Onun sözləri dərhal Ermənistanın siyasi gündəminin episentrinə düşdü və hakimiyyətin mövqeyinə ciddi zərbə vurdu”, - deyə o bildirib. Əlavə edib ki, bu paradiqmaya bu günlərdə səs-küyə səbəb olan “tütün problemini” də daxil edilir. Aprelin 25-də Krasnodarda Rusiya Federal Təhlükəsizlik Xidməti Yerevandan Əfqanıstana qaçaq yolla aparılan 40 ton qaçaqmal siqareti müsadirə edib. Müxtəlif informasiya kanalları bu insidentin arxasında Paşinyanın qaynı, deputat Qraçya Akopyanın durduğunu bildirib. Bu isə birbaşa ailəyə hücum deməkdir. Bütün bu məsələlər müxalifət tərəfindən siyasi məqsədlər üçün istifadə olunur və olunacaq.

Bu yaxınlarda parlament “Qeyri-qanuni yolla əldə olunan əmlakın müsadirə olunması barədə” qanun qəbul edib. Baş nazirin mətbuat katibi Mane Gevorkyan isə bildirib ki, iki keçmiş məmur - Dövlət gəlirləri üzrə Komitənin keçmiş rəhbəri Qaqik Xaçatryan və eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan mafioz qrupların rəhbəri olub və milyonlarla dollar mənimsəyiblər. Siyasi texnoloq Vigen Akopyan hesab edir ki, iri fiqurlara qarşı cinayət işlərinin qaldırılması siyasi mühitdə gərginliyin səviyyəsini daha da artırır. “Bu səbəbdən də biz qalmaqallı korrupsiya bəyanatları, kompromat müharibəsinin tamaşaçısına çevrilirik. Paşinyan bu mübarizədə məğlub ola bilər. Axı rinqin bir tərəfində MTX-nin keçmiş rəhbəri durur. O isə nəhəng daxili informasiya mənbəyinə malikdir. Təsadüfi deyil ki, o, Minasyanla Paşinyanın icazəsi ilə görüşdüyünü bildirib. Onun qənaətincə, əgər Paşinyan bunu təkzib edərsə, az sonra bu söhbətin lent yazısı yayılacaq. Hər iki şəxsin görüşü gərgin siyasi dövrdə olub və təbii ki, onlar el-belə söhbət etməyiblər”, -deyə ekspert fikrini tamamlayıb.

Yaqut Ağaşahqızı
Biz birlikdə güclüyük!
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?