11 yanvar 2019 15:37
503

Ermənistanda normal demokratik institutlar yoxdur

Ermənistanda 2018-ci ilin aprelində başlayan siyasi elitanın dəyişməsi prosesi başa çatır və yeni rəhbərliyin vəd etdiyi islahatları həyata keçirəcəyi, demokratik institutları və partiya sistemini bərqərar edəcəyi sual altındadır.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bu fikirləri Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan keçirdiyi mətbuat konfransında söyləyib. Ermənistandakı siyasi reallıqdan danışan institut direktoru əlavə edib: “Ermənistanda güclü və inkişaf etmiş siyasi partiyalar yoxdur. Hazırda partiya sistemi tamamilə dağıdılıb və ölkədə normal fəaliyyət göstərən demokratik institutlar da mövcud deyil. Yeni hakimiyyətin bütün bu problemlərin öhdəsindən gələcəyi isə artıq başqa məsələdir”.

İskəndəryanın sözlərinə görə, Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası da kadr potensialı, maliyyə və media resursları baxımından zəifdir. O, Ermənistanda sosial-iqtisadi siyasətin də bu məsələdə həlledici rol oynayacağını vurğulayıb. Politoloq deyib: “Mən şübhə edirəm ki, indi hakimiyyətə gələnlər hələ ötən ilin fevral-mart aylarında buna özləri də inanmırdı. Buna müvafiq olaraq, onların iqtisadiyyatda, siyasətdə və sosial sahədə islahatların aparılması barədə təsəvvürləri yoxdur və ola da bilməz”.