24 aprel 2019 12:41
193

Ermənistanda kriminal vəziyyət nəzarətdən çıxıb

Ermənistanın sabiq daxili işlər naziri 1 mart terroru ilə bağlı xüsusi istintaq komitəsinə çağırılıb. Ona ölkəni tərk etməmək barədə bildiriş verilib və əmlakına müsadirə qoyulub.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, 1 mart terroru ilə əlaqədar sabiq daxili İşlər naziri general-polkovnik Vladimir Kasparyan Xüsusi Istintaq Komitəsinə çağrılıb. O, istintaqa ifadəsində verilən göstərişi yerinə yetirdiyini deyib. V.Kasparyan, həmçinin iş adamından 900 milyon dram rüşvət almaqda şübhəli bilinir. Onun həyat yoldaşının adı isə fırıldaqçılıqda hallanır.

Ümumiyyətlə işğalçı ölkədə kriminal vəziyyət də sabit deyil. Əhali polis özbaşınalıqlarından və hakimlərin laqeydliyindən narazılıq edir.

Polisin işgəncəsi və zorakılığı nəticəsində 32 yaşlı şəxsin ölümü ölkədə böyük etirazlara səbəb olub. Onun yaxınları bildirib ki, üç polis əməkdaşı axşam saatlarında yaşadıqları evə girərək heç bir səbəb gətirmədən bölməyə getməli olduğunu deyiblər. Polislər zor tətbiq edərək uşaqların gözü qarşısında onun qollarını qandallayıb bölməyə aparıblar. Ölən şəxsin anası baş nazir Nikol Paşinyana və baş prokuror Artur Davityana müraciət edib. “Görün Ermənistanda nələr baş verir. Ermənistanın daxili işlər naziri Valeri Osipyana üzümü tutub deyirəm. Ar olsun sənə və sənin polis əməkdaşlarına”,- deyə narazı vətəndaş bildirib.

Ümumiyyətlə, paytaxt sakinləri üçün güllə səsləri adi hala çevrilib. Ermənistan daxili işlər nazirliyinin yaxınlığında baş verən atışma nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Ölənlərdən biri 23 yaşlı futbolçudur.