17 iyul 2019 16:40
155

Ermənistanda Koçaryanı azadlığa buraxan hakim təqib olunur

Ermənistanda sabiq prezident Robert Koçaryanı həbsxanadan azadlığa buraxan birinci instansiya məhkəməsinin hakimi David Qriqoryan hakimiyyətin təzyiqinə məruz qalıb.

AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, hazırda Qriqoryanın məhkəmə binasındakı kabineti möhürlənib. Bundan başqa, Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları onun evində axtarış aparıblar. Ölkənin Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan bu məlumatı təsdiq edib. O əlavə edib ki, axtarış bu xidmətin apardığı istintaq çərçivəsində həyata keçirilib və təfsilatı barədə məlumat verilməyəcək. Bundan əvvəl də Politika.am portalı yazıb ki, kabinet möhürləndikdən sonra hakim və onun vəkilinə oraya daxil olmaq qadağan edilib. Xüsusi İstintaq Xidmətinin müstəntiqi isə bildirib ki, kabinet cinayət yeridir. Məzuniyyətdən qayıdan Qriqoryan nə baş verdiyini anlamayıb.

Yerevan birinci instansiya məhkəməsi mayın 20-də oyuncaq “Dağlıq Qarabağ” respublikasının indiki başçısı Bako Saakyan və keçmiş rəhbəri Arkadi Qukasyanın zəmanəti ilə sabiq prezident Koçaryanın azadlığa buraxılması, cinayət işinin icraatının dayandırılması və onun əlavə istintaqı barədə qərar verib. İyunun 25-də isə Ermənistan Apellyasiya Məhkəməsi bu qərarı ləğv edib və sabiq prezident yenidən həbsxanaya göndərilib.