15 may 2020 10:25
704

Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat tərzinə çevrilib

Nikol Paşinyanın babasının faşizmə xidmət etməsi faktı, Qaregin Njdenin müdafiəsi ermənilərin keçmişinə işıq salsa da,
dünya susmağında və seyrçi mövqedə qalmaqda davam edir

Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində “O da təəccüblüdür ki, bəzi ölkələrdə siyasətçilər tarixi yenidən yazmağa, onu saxtalaşdırmağa çalışırlar. Bəzi ölkələrdə şəhərləri xilas etmiş sovet hərbi sərkərdələrinə, sovet döyüşçülərinə ucaldılmış abidələri məhv edirlər, bəzi ölkələrdə isə hətta faşist kollaborasionistlərinə və ya faşist rejiminin adi xadimlərinə heykəllər qoyulur, xatirə lövhələri vurulur. Siz buna necə baxırsınız” sualına cavabında bildirmişdir ki, tarixi yenidən yazmaq, Böyük Vətən müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmi və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyirik. Azərbaycan bir sıra forumlarda bu mövzuda açıq çıxış edib, mövqeyini bildirib: “Əlbəttə, bəzi ölkələrdə baş verənlər, İkinci Dünya müharibəsi iştirakçılarının abidələrinə qarşı vandalizm aktı, faşistlərə heykəllər qoyulması nifrət və ikrah hissi oyadır.”

Dövlətimizin başçısı İlham Əliyev ötən il MDB Dövlət Başçıları Şurasının Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunan Aşqabad Sammitində bu reallığı faktlar əsasında diqqətə çatdırmışdır ki, Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir. Bir neçə il bundan əvvəl Ermənistanda faşist cəllad və cani, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyulub. Bu adamın cinayətləri sübut olunub. Qələbənin 75 illiyi ərəfəsində həm Rusiya Federasiyası Xarici İşlər Nazirliyi, həm də Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən dərc edilmiş sənədlər də buna sübutdur. Bu adam müharibə dövründə deyirdi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Bu adamın təxribatçılıq fəaliyyəti çoxsaylı insanın ölümünə gətirib çıxarıb və təsadüfi deyil ki, müharibə qurtarandan sonra o, SMERŞ tərəfindən həbs edilib, 25 il azadlıqdan məhrum edilib, Vladimir həbsxanasında ölüb. Belə bir adama Ermənistanda 6 metr hündürlüyündə heykəl qoyulur. Hətta onun açılışında ölkənin keçmiş prezidenti də iştirak etmişdir.

Qeyd olunan müsahibədə o da bildirilir ki, Rusiya Federasiyasının ərazisində, Armavir şəhərində də cinayətkar, faşistlərin əlaltısı Njdeyə xatirə lövhəsi vurulub. Qeyd edilən sammitdə bu məsələ qaldırılandan, kütləvi informasiya vasitələrində əksini tapandan sonra həmin lövhə götürülüb: “Haqlı olaraq sual yaranır: Ermənistanda Böyük Vətən müharibəsi qəhrəmanları olmayıbmı? Bəs Armavirdə erməni kilsəsinin yaxınlığında nə üçün onlara yox, faşist caniyə xatirə lövhəsi vurulub? Bunu necə başa düşməli?... Ermənistanda bir tərəfdən deyirlər ki, onlar Qələbənin yubileyini bayram edəcəklər, amma digər tərəfdən faşistin abidəsi önünə gül qoyurlar. Bu, ən azı ziddiyyət, əslində isə riyakarlıq təzahürüdür.”

Bu məqamlar bu gün istər ölkə, istərsə də dünya mətbuatında geniş müzakirəyə səbəb olan Nikol Paşinyanın babasının faşizmə xidmət etməsinin aydın mənzərəsini yaradır. Faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə babasının fotosunu paylaşan Paşinyan özünü belə çətin duruma salacağının bəlkə də fərqində deyildi. Çünki hər zaman atdıqları addımlara bir həqiqət donu geyindirməyə çalışan ermənilər müstəqilliyimizin ilk illərində Azərbaycan ətrafında informasiya blokadasının yarılmasına, ən əsası ölkəmizi işğalçı, təcavüzkar dövlət, özlərini isə “yazıq, məzlum, döyülən və əzilən” millət kimi təqdim edib ədalətsiz 907-ci düzəlişin tətbiqinə nail olmuşdularsa, bu gün də üzə çıxan bu faktları ört-basdır edəcəklərini düşünürdülər. Necə ki, həmin paylaşımdan sonra Ermənistan Müdafiə Nazirliyinin saytında dərhal bu faktı inkar edən məlumatın dərc olunması diqqətdən kənarda qalmadı. Həmin gülünc məlumatda bildirilir ki, Yenokovan kəndindən müharibədə iki Nikol Paşinyan adlı şəxs iştirak edib. Onlardan biri SSRİ ordusunda, digəri isə düşmən cəbhədə olub. Baş nazirin babası faşistlərin tərəfdarı olmayıb. Bu da növbəti erməni riyakarlığı, erməni fitnə-fəsadı. Amma diqqət çəkən məqam budur ki, yalnız dünya deyil, erməni ictimaiyyətinin özü də bu məsələni böyük ajiotajla qarşıladı.

Paşinyanın babasının faşistlərə xidmət etməsi, onun SSRİ-yə qarşı vuruşması təəccüb doğurmamalıdır. Bu baxımdan ki, xəyanət ermənilərin qanındadır. Tarixə nəzərə salsaq görərik ki, ermənilər harada məskunlaşırlarsa, öz maraqlarına uyğun hərəkət edirlər. Ermənilərin bu gün qəhrəmanlıq zirvəsinə ucaltdıqları Qaregin Njde kimdir? O da SSRİ-yə qarşı vuruşub, sovet əsgərlərini öldürüb. Ermənilərin Njde məhəbbəti Paşinyanın babasından qaynaqlanır. Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Eyni zamanda, hadisələrə ən böyük dəyəri zaman özü verir. Zaman keçdikcə, daha zəngin faktların üzə çıxması fonunda ermənilərin əsl siması özünü göstərir. Ermənilərin 30 ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal altında saxlaması faşizm nümunəsidir.

Hər zaman qeyd etdiyimiz kimi, bu faktlar dünya dövlətlərinə, beynəlxalq təşkilatlara bəlli olduğu halda yenə də susmağa üstünlük verilirsə, təbii ki, ermənilər ərköyünlüklərini davam etdirəcək, beynəlxalq hüququn norma və prinsipləri deyilən bir məfhumun olmasını şübhə altına alacaq, ən əsası hələ bundan sonra daha çox babalarının faşizmə xidmət etməsi açıqlanacaq. Təbii ki, bir cinayətin cəzasız qalması növbəti cinayət üçün əsasdır. Tarix boyu azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti həyata keçirən, torpaq iddiası irəli sürən Ermənistana bu günə qədər hansısa təzyiq göstərilməyibsə, bu, artıq onların faşizm ideologiyasını həyat tərzinə çevirmələrinə, işğalçılıq və terrorizm siyasətlərinə göz yummaq kimi dəyərləndiriləcək. 

Dövlətimizin uğurlu xarici siyasəti, real həqiqətlərə əsaslanan təbliğatı erməni yalanlarını ifşa, dünyanı həqiqətlərə həqiqət gözü ilə baxmağa bir çağırış edir. Əvvəldə də qeyd etdiyimiz kimi, ötən il ölkəmizin BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan, 120 üzvü sıralarında birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünə ev sahibliyi etməsi və sonda qəbul olunan sənəddə Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyinin dəstəklənməsi mühüm diplomatik uğurumuz kimi dəyərləndirildi. Həmçinin dövlətimizin başçısı İlham Əliyevin Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun “Şərq şəfəqləri və dünya siyasi quruluşu” mövzusunda XVI illik iclasında, MDB Dövlət Başçıları Şurasının Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunan Aşqabad Sammitində çıxışı Ermənistana və onun havadarlarına ciddi mesaj olmuşdur. Soçidə “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatının ardınca Aşqabad sammitində ermənilərin faşistləri qəhrəman kimi təqdim etmələrinin əsaslı şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması bir daha inkaredilməz olan bu həqiqəti ortaya qoydu ki, ermənilər nə qədər zamanın hakimliyini, tarixin yaddaşlığını inkar etməyə çalışsalar da bunun mümkünsüzlüyünün fərqindədirlər. Aşqabad sammitində cənab İlham Əliyev bir daha bəyan etmişdir ki, biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib.

Təbii ki, Ermənistanın bu kimi əməllərinin davamlı xarakter almasında dünyanın ikili siyasəti əsas yer tutur. Rəsmi Bakı daim ən yüksək tribunalardan bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin bu günədək uzanmasında, işğalçı Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymamasında, yalanlarını həqiqət kimi beynəlxalq ictimaiyyətə sırımaq cəhdinin davamlı xarakter almasında dünyanın ikili siyasəti əsas rol oynayır.

Bölgədə sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi fonunda ermənilərin əsl siması beynəlxalq təşkilatların tribunasından açıqlanır, dünyaya bir çağırış olunur. Azərbaycana qarşı əsassız torpaq iddiası ilə çıxış edən ermənilərin həyasızcasına Türkiyəyə qarşı “erməni soyqırımı” iddiasını irəli sürməsi də beynəlxalq hüququn norma və prinsiplərinin icrasında vahid mexanizmin olmamasını təsdiqləyir. Məhz dünya dövlətlərindən gələn dəstəyə arxalanaraq işğalçı dövlət “erməni soyqırımı” abidəsini ucaldaraq bundan öz çirkin məqsədləri üçün istifadə edir. Ölkələrinə gələn qonaqları protokol qaydalarına riayət adı altında həmin abidəni ziyarət etdirməklə “erməni soyqırımı”nı tanıtdırmaq istiqamətində atdıqları addımlara işıq salmış olurlar.

Bu kimi faktların açıqlanmasının davamı olaraq Paşinyanın babasının faşizmə xidmət etməsinin təsdiqlənməsi işğalçı Ermənistanın havadarlarının dəstəyi əsasında hansı həyasızlıqlara imza atdığını nümayiş etdirir. Beynəlxalq təşkilatların tribunasından ikili siyasətin yolverilməzliyi ilə bağlı bəyanatların saysız-hesabsız olmasına baxmayaraq dünya susursa, bu artıq ədalətin maraqların arxasında əriməsinə işarədir.

Dövlətimizin başçısı İlham Əliyev ötən il Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqində də diqqəti Aşqabad sammitinə yönəldərək bildirmişdir ki, Ermənistanın baş naziri böyük səhv buraxdı, Soljenitsinlə faşisti eyniləşdirdi: “Amma heç olmasa, ondan sonra bir nəticə çıxaraydı. Çünki həm mətbuatda, özü də Rusiya mətbuatında, başqa mətbuatda bunu lağa qoydular ki, bu, nə deyir, nə danışır, bu, nədir? Ondan sonra, görün, nə deyir? Rusiya jurnalisti ilə görüşdə deyir ki, nə olsun ki, Njde Hitlerlə görüşüb, Molotov da Hitlerlə görüşüb. Bax, bilirsiniz, buna daha şərh vermək mümkün deyil. Molotov Sovet İttifaqının Xarici İşlər naziri olub, 1939-cu ildə müharibənin mümkünlüyünü aradan aqldırmaq üçün gedibdir, görüşübdür. O, Hitlerə xidmət etmirdi. O, Hitlerə qarşı koalisiyanın başında duran Sovet İttifaqının aparıcı simalarından biri idi. Onu Njde ilə eyniləşdirmək olar?!”

Dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri Ermənistan rəhbərinin tarixi faktları yenə də özlərinin maraqlarına uyğun təhlil etdiyini, ən əsası inkar yolunu tutmaq, saxtalaşdırmaq ənənələrinə sadiqlikdə davam etdiklərini bir daha açıqlayır. Təbii ki, bu həyasızlıqların davam etdirilməsində yenə də stimulverici amil dünyanın ikili siyasətidir.

Bu kimi faktlar Ermənistanın hələ də Hitler Almaniyasına xidmət etmiş faşizmi dəstəklədiyini nümayiş etdirir. Xatırladaq ki, işğalçı dövlətin bu kimi “milli qəhrəman”larının əlləri, vicdanları minlərlə Ukrayna, Polşa vətəndaşlarının qanına batıb. Artıq geniş şərhə ehtiyac yoxdur. Dünyanın işğalçı Ermənistana “dur” deməsi, qərar və qətnamələrin kağız üzərindən reallığa keçməsi zamanıdır.

Yeganə Əliyeva, “İki sahil”