Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
23 sentyabr 2020 15:49
304

Ermənistana müharibə lazımdırsa cavabını artıqlaması ilə alacaq

Bu, işğalçı ölkə üçün yaxşı heç nə vəd etmir

 

Son bir neçə ayda işğalçı Ermənistanın hərbi təxribatlarının artması müharibənin hər an başlaya biləcəyindən xəbər verir. Lakin Azərbaycan xalqı və dövləti sülhpərvər missiyasına sadiq qalmaqla müharibə təhriklərindən də çəkinmir. Çünki bizim güclü ordumuz var və xalqımız ona sonsuz dərəcədə güvənir.

Məhz Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda « Abşeron» yatağının dəniz əməliyyatlarının təməlqoyma tədbirindən sonra yerli televiziya kanallarına verdiyi müsahibədə bir sıra vacib məsələlərə toxunmuş, eyni zamanda işğalçı Ermənistana açıq mesajlar vermişdir. Müsahibənin bütövlükdə Azərbaycan xalqının istəyini ifadə etməsi ölkə başçısı ilə xalq arasında çox sıx münasibətin olmasının göstəricisidir.

Cənab Prezident hər zaman qeyd edir ki, Azərbaycan tam müstəqil xarici siyasət yeridir, xarici və daxili siyasətdə əsas olan məsələ ölkənin maraqlarıdır. Həm iqtisadi, həm də hərbi gücü Azərbaycanla müqayisədə çox gülünc görünən Ermənistanın azğınlaşması sadəcə olaraq daxili problemləri ört-basdır etmək cəhdindən başqa bir şey deyil. Azərbaycan sülh və diplomatik həllə sadiqdir. Lakin ATƏT-in Minsk qrupunun uzun illər ərzində fəaliyyətsizliyi həm xalqımızın, həm də ölkə başçısının narazılığına səbəb olub.

Dünyanın 50 ən güclü ordusu sırasında olan Azərbaycan Ordusu qısa vaxt ərzində Qarabağı işğaldan azad etməyə qadirdir

Təbii ki, Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyev qətiyyətlə bildirir ki, danışıqlar xatirinə danışıq aparmaq olmaz. Danışıqların dalana dirənməsi Azərbaycanın öz tarixi torpaqlarını silah gücünə geri qaytarmasına səbəb olacaq. Dünyanın 50 ən güclü ordusu sırasında olan Azərbaycan Ordusu çox qısa vaxt ərzində bunu etməyə qadirdir. Bu məsələdə xalqın və ölkə başçısının fikri tam olaraq üst-üstə düşür. Faktiki olaraq danışıqlar prosesini pozan Ermənistan hakimiyyəti bu məsələni yaxşı təhlil etməlidir.

Son bir neçə ayda siyasi reytinqi ayaqlar altına düşən Nikol Paşinyan özünün siyasi ömrünü uzatmaq üçün hər cür avantüraya gedir. Artıq erməni ictimaiyyətindəki ziyalı təbəqənin əsas hissəsi anlayır ki, ölkələrinin iflasdan və özünü təcriddən xilas yolu Azərbaycanla münasibətlərin nizamlanmasından keçir. Təbii ki, münasibətlərin nizamlanmasının isə bir şərti var- Qarabağ və ətraf rayonlardan Ermənistan hərbi birləşmələrini qeyd-şərtsiz çıxarmaq. Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev dəqiq informasiya və kəşfiyyat məlumatlarına əsaslanaraq bildirir ki, Ermənistan və onların havadarları yeni müharibəyə hazırlaşırlar. Burada iki məsələni qeyd etmək lazımdır ki, əvvəla Azərbaycan bölgədə baş verən istənilən hadisə barəsində xəbər tutur.

Paşinyan vassal bir ölkəyə rəhbərlik edən və xaltası başqalarının əlində olan, arvadının əlinə avtomat verib hər formada şəkillərini çəkdirən avantüristdir

Mühüm faktdır ki, Azərbaycan dövləti milli mənafeyimizi qorumaq üçün hər hansı bir məsələyə münasibətdə qabaqlayıcı addımlar atmağı bacarır. Bu məsələdə Azərbaycan xalqı öz seçimini edib. Xalq Prezidentin yanındadır, Ali Baş Komandan isə tarixi şanlı qələbələrlə zəngin olan Azərbaycan xalqına inanır.

Çox önəmli digər məsələ isə odur ki, əgər hər hansı kiçik və böyük müharibə başlasa bu, Ermənistan üçün yaxşı heç nə vəd etmir. Axı, forpost və vassal bir ölkəyə rəhbərlik edən və özünün xaltası başqalarının əlində olan, arvadının əlinə avtomat verib hər formada şəkillərini çəkdirən bu diletant baş nazir Nikol Paşinyan çətin ki, xalqının maraqlarına uyğun qərarlar versin. Bu gün onun siyasi fəaliyyətinin əsasını ağalarının tapşırıqlarını canla-başla yerinə yetirməkdir.

Təbii ki, artıq qaçılmaz olan müharibənin bütün məsuliyyəti birbaşa Ermənistanın və onun havadarlarının üzərinə düşür. Bu məsələdə beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in Minsk qrupu da böyük məsuliyyət daşıyır. Ermənistan siyasi rəhbərliyi məntiqi olmayan bəyanatlar verməklə, populist çıxışlar etməklə ölkə əhalisinin başının altına yastıq qoyur, arxayınçılıq sindromu yaradır.

Xatırladaq ki, 2016-cı ilin Aprel döyüşlərindəki məğlubiyyətlərinə görə, erməni generalları ordudan qovuldu və ardınca da Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi. Bu, bir daha göstərdi ki, yeni müharibə həvəsi onlara da baha başa gələcəkdir. Paşinyanın şovinist və faşist rejimi mütləq cəzalandırılacaq.

Ermənistandan və erməni xalqından fərqli olaraq Azərbaycan xalqı Ali Baş Komandanın əmrinə hazırdır. Artıq ölkəmizdə gənclərin hərbi təlimlərə kütləvi şəkildə qoşulmaları da bir daha göstərir ki, Azərbaycan xalqında döyüş əhval-ruhiyyəsi yüksək səviyyədədir. Bir sözlə, biz mütləq işğal altında olan torpaqlarımızı qaytarmağa qadirik .

Elçin Zaman, «İki sahil»