Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
22 oktyabr 2020 15:58
294

Ermənistan XİN-in bəyanatı tamamilə cəfəngiyyatdır

XİN: Müharibə cinayətlərinə görə bütün məsuliyyəti daşıyan Ermənistanın XİN-inin bəyanatında beynəlxalq humanitar hüquqa istinad edilməsi riyakarlıqdan başqa bir şey deyil

Ermənistanın Xarici İşlər Nazirliyinin bu ölkənin baş nazirinin “münaqişənin diplomatik həlli olmadığını” vurğulayan son açıqlamasına münasibətdə Ermənistanın mövqeyini “sülhsevər” kimi qələmə verməyə çalışan bəyanatı tamamilə cəfəngiyatdır.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "İki sahil"ə bildiriblər ki, məhz Ermənistanın Azərbaycana qarşı müharibə başlatdığını, Dağlıq Qarabağ və ətraf yeddi rayonu əhatə edən Azərbaycan ərazilərini təxminən 30 ildir işğal altında saxladığını, öz doğma yurdlarından zorla qovulmuş bir milyonadək məcburi köçkünün əsas insan hüquqlarını kobud şəkildə pozduğunu xatırlatmaq istərdik. Ermənistanın sentyabrın 27-dən bəri Azərbaycana qarşı əl atdığı yeni təcavüzü beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyaları da daxil olmaqla, beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması ilə müşayiət olunur.

Müharibə zamanı törətdiyi dəhşətli cinayətlərə, o cümlədən humanitar atəşkəsi kobud şəkildə pozaraq yalnız cəbhə bölgəsində deyil, həm də münaqişə bölgəsindən çox uzaqda olan dinc əhalini və mülki infrastrukturlarını qəsdən atəşə tutmaqla törətdiyi son müharibə cinayətlərinə və insanlığa qarşı cinayətlərə görə bütün məsuliyyəti daşıyan Ermənistanın Xarici İşlər Nazirliyinin bəyanatında beynəlxalq humanitar hüquqa istinad edilməsi riyakarlıqdan başqa bir şey deyil.

Ermənistan yanlış bəyanatlar verməklə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən əl çəkməlidir. Mövcud reallıq açıq-aydındır - Ermənistan işğalçılıq siyasətindən əl çəkməli, qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı və münaqişənin danışıqlar yolu ilə həllinə başlamalıdır. Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu ölkənin gərginliyin artması və qan tökülməsinin qarşısını almaq şansı bir o qədər çox olar.