KÖŞƏ

Sevinc Azadi

Ermənistan ordusunda dəhşətli faktlar necə gizlədilir?

22 aprel 2019 10:58
495

Ermənistan hakimiyyəti bütün üsullardan istifadə edərək ordudakı neqativ halları və ölüm faktlarını gizlədir. Hətta bunu hüquqi cəhətdən rəsmiləşdirməyə və zor gücünə öz xeyrinə məhkəmə qərarlarının çıxarılmasına da nail olur. Lakin bütün bu qadağalara baxmayaraq sosial şəbəkələrdə və açıq mənbələrdə yayılan məlumatların təhlili göstərir ki, Ermənistan ordusunda vəziyyət  göründüyündən də qat-qat acınacaqlıdır. Ordudakı ədalətsizliyin, aclığın, səfalətin və digər neqativ halların qurbanları fiziki və psixoloji cəhətdən zəif, düşdüyü mühitə uyğunlaşa bilməyən gənc əsgərlərdir. Bu vəziyyətdən yeganə çıxış yolunu isə onlar intiharda, özlərinə müxtəlif bədən xəsarətləri yetirməklə xidmətdən boyun qaçırmaqda görürlər.

Təsadüfi deyil ki, Ermənistan Silahlı Qüvvələrində baş verən korrupsiya halları ötən illərlə müqayisədə 66 faiz çoxalıb. Bunu ölkənin hərbi prokuroru Vaqe Arutyunyan bildirib. Ötən ilin yekunlarına dair Hərbi Prokurorluqda keçirilən müşavirədə çıxış edən V.Arutyunyan deyib ki, həmin hadisələrdən 173-ü üzrə cinayət işi başlanılıb. Onun sözlərinə görə, 86 nəfər barəsində başlamış 43 cinayət işi məhkəməyə göndərilib. Hərbi prokurorun sözlərinə görə, orduda törədilən ağır cinayət hallarının sayı 9 hadisə, yaxud 8,1 faiz artıb. Qeydə alınan xüsusi ilə ağır cinayətlərin sayı isə 43 hadisə olub. Bunlardan biri hərbçinin öz xidmət yoldaşını qətlə yetirməsi cinayətidir. Digər hadisə zamanı isə mülki şəxs hərbçini öldürüb. V.Arutyunyan qeyd edib ki, iki halda hərbçilərin bir-birini qətlə yetirməsi cəhdinin, rəis tərəfindən güc tətbiqinin, habelə 7 dəfə vəzifəli şəxsin rüşvət alması cəhdinin qarşısı alınıb. Ötən il hərbçilər 1173 halda bir-birinə ağır bədən xəsarəti yetiriblər.

Ötən ay Ermənistanın Meğri rayonunda yerləşən Aqarak batalyonunda baş verən hadisə Ermənistan ordusundakı vəziyyətin nə qədər acınacaqlı və biabırçı bir hal aldığını nümayiş etdirmiş oldu. Belə ki, bir qrup hərbçi komandirin əmrlərinə tabe olmaqdan boyun qaçırmış, özləri üçün xüsusi xidmət şərtlərinin təmin edilməsi tələbi ilə çıxış etmişlər. Tələblər əsasən, yaşayış, geyim, qida və s. imtiyazlarla bağlı olub. Nəticədə komandirlə hərbçilər arasında uzun sürən qarşıdurma yaşanıb. Tabesizlik göstərən əsgərlər xidmətlərini davam etdirmək üçün cəbhə xəttində yerləşən Arsax və digər hərbi hissələrə göndəriliblər. Günlərlə oğullarının harada olduğundan xəbərsiz olan valideynlər bu çirkin və utancverici hadisənin ictimaiyyətə çatdırılması istiqamətində fəallıq nümayiş etdiriblər. Onların sözlərinə görə, hadisədə əsas günahkar əsgərlərə qarşı qanunsuz davranaraq onları bu addımı atmağa sövq edən komandirdir. Anaların birinin sözlərinə görə, qarşıdurmada, demək olar ki, bütün hərbi hissə, yəni bir neçə yüz əsgər iştirak edib.

Göründüyü kimi, Ermənistan ordusunda vəziyyət təsəvvür edildiyindən də ağırdır. Bir neçə ay öncə Ermənistan ordusunda olan çatışmazlıqların öyrənilməsi məqsədilə “Brevis” şirkətinin keçirdiyi sorğu bu ölkənin hərbi sistemində dəhşətli vəziyyətin olduğunu təsdiqləyib. Məlum olub ki, ordudakı acınacaqlı durum səbəbindən erməni gənclərin böyük əksəriyyəti müxtəlif bəhanələrlə hərbi xidmətdən yayınır. Belə gənclərin sayı 70 faiz təşkil edir.  Sorğuya cəlb olunan keçmiş hərbçilərin  20 faizə yaxını yeməyin miqdarından və keyfiyyətindən, 40 faizdən çoxu isə hərbi əmlakın keyfiyyətsizliyindən narazı olduqlarını bildiriblər. Qeyd edək ki, sorğu yekunlaşdıqdan sonra Ermənistan müdafiə nazirliyi nəticələrin yalnız bir qisminin dərc edilməsinə icazə verib.

Cavid Əkbərov
Hoqqabazlar
Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...