Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
14 oktyabr 2020 18:54
468

Ermənistan-Azərbaycan müharibəsində mövcud vəziyyət

Emin Arif Şıxəliyev,

tarix üzrə fəlsəfə doktoru, dosent,
AMEA Naxçıvan Bölməsi

ERMƏNİSTAN-AZƏRBAYCAN MÜHARİBƏSİNDƏ MÖVCUD VƏZİYYƏT: TARİX, REALLIQLAR, TƏHDİDLƏR VƏ TƏHLİLLƏR

Müharibə ədalətin pozulduğu anda baş verir. Ədaləti tənzimləyən sistem beynəlxalq hüquqdur. Böyük dövlətlərin isə ədaləti yox, geosiyasi maraqları var. Bu, həmişə belə olub, bundan sonra da olacaq. Cənubi Qafqaz regionunda təhlükəsizliyi təhdid edən və sabitliyi pozan dövlət Ermənistan, ədaləti bərpa etmək istəyən, öz haqq işi uğrunda mübarizə aparan tərəf isə Azərbaycandır. Lakin bu mübarizə və müharibədə geosiyasi maraqlarını həmişə əsas tutan böyük güclər isə həmişə olduğu kimi ədalət mövqeyindən yox, ikili standartlar mövqeyindən çıxış etməkdədirlər.

Ermənistan tərəfinin izahına görə, münaqişə Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratını (self determination) təyin etmək istəyi və bu istəyin Azərbaycan tərəfinin güc tətbiq etməklə qarşısının alınmasına göstərilən cəhdlər nəticəsində baş vermişdir. Ermənistan Dağlıq Qarabağ ermənilərini dəstəkləmək məqsədilə münaqişəyə qoşulmuş və nəticədə, “status-kvo” formalaşmışdır. Azərbaycan tərəfi isə münaqişəni Ermənistanın aqressiv və işğalçı siyasətinin bir nəticəsi olaraq izah edir. Belə bir vəziyyətdə problemin hansı formatda olmasına baxmayaraq, həlli məsələsində maraqlı olan dövlətlər və beynəlxalq təşkilatlar münaqişə tərəflərinin qarşılıqlı güzəştə getmələrini məqbul hesab edərək, bunu da xüsusi vurğulayırdılar ki, konfliktin həllində qalib tərəf ola bilməz və əgər problemin tənzimlənməsinə beynəlxalq hüquq normaları şamil olunmursa, onda tərəflər dil tapıb barışmalıdırlar. Şübhəsiz ki, Ermənistanın bu torpaqlardan xoşluqla çıxacağı məntiqə uyğun deyildi.

Heç təsadüfi deyildir ki, Ermənistanın bütün dövlət rəhbərləri Dağlıq Qarabağı heç vaxt Azərbaycanın idarəsinə verməyəcəklərini qəti şəkildə bildirmişdilər. Ermənistanda 2018-ci ilin əvvəlində baş verən hakimiyyət dəyişikliyindən sonra da dövlətin Dağlıq Qarabağla bağlı siyasətində hər hansı bir dəyişikliyin olmasını və ya münaqişənin nizamlanması istiqamətində konstruktiv addımlar atacağını gözləmək məntiqli görünmürdü. Bu baxımdan Ermənistanın baş naziri Nikol Paşinyan da sələflərinin siyasətinə sadiq qalaraq eyni fikirləri səsləndirməkdən çəkinməmişdir.

Azərbaycan tərəfi də torpaqlarını heç bir şəkildə güzəştə getməyəcəyini bütün rəsmi və qeyri-rəsmi səviyyədə keçirilən görüşlərdə bəyan etmişdir. Belə bir vəziyyətdə Ermənistan ilə Azərbaycan arasında “sülh” variantının yeri görünmədiyindən, Azərbaycan tərəfinin prizmasından baxıldığında müharibə daha real və məqbul variant kimi qəbul edilir. Son dövrlərə qədər problem “labirint” olaraq dəyərləndirilir, “Kəşmir” və ya “Fələstin sindromu”na bənzədilirdi.

Sülh danışıqlarının inkişaf mərhələlərinə nəzər salsaq görərik ki, problemin hər dəfə nizamlanması istiqamətində durğunluq yarananda və Azərbaycan alternativ həll yolları axtarmağa başladığı zaman qarşı tərəf və ya ATƏT-in Minsk qrupunun həmsədrləri yeni təkliflər irəli sürərək Azərbaycanın danışıqlara olan inamını bərpa etməyə çalışırdılar. Danışıqlar həlledici mərhələyə çatdıqda Ermənistan tərəfinin geri çəkilməsi nəticəsində bütün proses yenidən durğunluq vəziyyətinə qayıdırdı.

Məhz ikili standartlar siyasətinin nəticəsi idi ki, ardıcıl olaraq hər il prezidentlər və xarici işlər nazirləri arasında görüşlər keçirilirdi. Ümumiyyətlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürülən prinsiplər və imzalanan bəyannamələr heç bir nəticə verməmişdir. Bu da hər şeydən əvvəl onunla əlaqədardır ki, qoyulan müddəalar ya hər iki tərəfi qane etmir, ya da bəzi tövsiyələr müsbət qarşılansa da, bəziləri qəbulolunmaz hal alırdı. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın üzləşdiyi təcavüz və separatizmə qarşı dünya dövlətlərinin və beynəlxalq qurumların mövqeyi qətiyyətli olmamışdır. Təcavüzkar dövlət ilə təcavüzə məruz qalan dövlət arasında heç bir şəkildə kompromis ola bilməz. Belə məsələlərdə təcavüzkar dövlətin beynəlxalq hüquq normalarına əməl etməsi kəskin şəkildə tələb edilməli, əks təqdirdə cəzalandırılmalıdır.

Məlum olduğu kimi, 1992-ci ildən etibarən ATƏT-in Minsk qrupunun həmsədrləri qismində danışıqlar prosesinə Rusiya, ABŞ və Fransa nəzarət edir. Üstəlik, münaqişənin həlli ilə bağlı onların hər birinin öz mövqeyi var ki, bu da danışıqlarda uğur əldə edilməsini çətinləşdirir. Bu bir həqiqətdir ki, Minsk qrupunun həmsədr ölkələri qlobal güc mərkəzlərini təmsil edirlər. Həmin ölkələr təcavüzkara təzyiq etmək üçün geosiyasi nüfuza malikdirlər. Məsələ burasındadır ki, əsas problem böyük dövlətlərin münaqişəni həll etmək bacarıqlarında yox, onların siyasi iradələrindədir. Minsk qrupunda Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi marağın olmamasının nəticəsidir ki, qurum öz öhdəliklərini yerinə yetirməyib. Minsk qrupunun həmsədr ölkələri sırf münaqişənin gərginləşməsinin qarşısını almaq üçün regiona səfərlər ediblər. Beləliklə də onlar daha çox “münaqişənin həlli mexanizmləri”nin icrası ilə deyil, “münaqişənin idarə edilməsi” ilə məşğul olublar. Azərbaycan ictimaiyyətində də həmsədrlərin dəfələrlə regiona səfərləri haqlı olaraq “turistik ekskursiya” kimi qiymətləndirilib.

Həm beynəlxalq təşkilatların, həm ATƏT-in Minsk qrupu həmsədrlərinin, həm də digər dövlətlərin yeritdikləri ikili standartlar siyasətinin nəticəsi idi ki, Ermənistan tərəfi problemin öz real həl­linə yanaşmaq istəməmiş, üstəlik, atəşkəs rejimini də mütəmadi olaraq pozmuşdur. Nəticədə 2-5 aprel 2016-cı il tarixində baş vermiş müharibə Qarabağ münaqişəsinin əslində dondurulmuş olmadığını ortaya qoydu. Düzdür, müəyyən səbəblərdən dövlətlərin, xüsusilə də Rusiyanın müdaxilə etməsi ilə vəziyyət əvvəlki məcrasına qayıtdı. Heç təsadüfi deyildir ki, Ermənistan yenə də havadarlarından ilham alaraq 2020-ci ilin iyul ayında da növbəti təxribata əl atdı. Əlbəttə, bunun müəyyən səbəbləri var idi:

Əvvəla, Ermənistanın Tovuz istiqamətində sərhəddə təxribat törətməkdə əsas məqsədi ilk olaraq baş nazir N.Paşinyanın təmas xəttindən diqqəti yayındırmağa çalışması olmuşdur.

İkincisi, həmin ərazilərdən Azərbaycanın beynəlxalq layihələri olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı- Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti keçir. Ermənistan yüksəklikləri ələ keçirib öz istəyinə nail olmaq məqsədində idi.

Üçüncüsü, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinin diqqətini tamamilə fərqli istiqamətə yönəltmək istəyirdi, amma bunların heç biri alınmadı.

Özünü Rusiyanın Cənubi Qafqazdakı geosiyasi maraqlarının icraçısı kimi görən və həmişə dəstəklənəcəyini ümid edən Ermənistan təmas xəttini pozmağa davam edir, psixoloji baxımdan Azərbaycana zərbə vurmağa çalışır və qıcıqlandırma metodlarından istifadə edirdi. Əlbəttə ki, Azərbaycan tərəfi strateji məqamı gözləməkdə səbir edirdi. Təxminən 30 il səbir edən Azərbaycan nəhayət ki, əlverişli strateji məqamı ələ keçirdi. Olduqca səriştəsiz bir siyasətçi olan Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” kimi özündən razı və beynəlxalq hüquqa zidd olan daha sərt bəyanatlar səsləndirməsi və yeni bir macəra həvəsi ilə atdığı yanlış addımlar bu strateji məqamın xəbərçisinə çevrildi. Halbuki Paşinyana qədərki Ermənistanın dövlət başçıları və rəsmiləri həmişə münaqişənin əsas tərəfləri kimi Azərbaycan və Dağlıq Qarabağ olaraq dünyaya çatdırmaq istəyir və müharibənin Azərbaycanla Dağlıq Qarabağ arasında olduğunu irəli sürürdülər. Onlar guya Ermənistan tərəfinin danışıqlar prosesində konstruktiv olmaq istədiklərini qeyd ediblər. Hətta dünya birliyinə Dağlıq Qarabağ ermənilərinin öz milli müqəddəratını təyin etməsini istədiklərini, heç bir ərazi iddialarının olmadığı kimi təqdim ediblər. Əgər Ermənistan danışıqlar prosesində Dağlıq Qarabağı respublika kimi tanısaydı, bu, o demək idi ki, rəsmi Yerevan danışıqlardan çıxır. Bu da Azərbaycana faktiki olaraq müharibə elan etmək deməkdir. Amma bu addımı atmadan faktiki olaraq ərazi işğal altında qalırdı və proses ola bilsin ki, bir az da uzana bilərdi. Lakin baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatı belə demək mümkündürsə, Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı etiraf xarakterli işğalçı siyasətini ortaya qoydu. Ermənistan artıq bütün dünyaya özünün necə bir dövlət olduğunu tanıtdı. 

27 sentyabr 2020-ci il tarixində Ermənistan tərəfindən atəşkəsin pozularaq Azərbaycan torpaqlarına gerçəkləşdirilən hücum “ani müharibə”nin başlanmasının işarəsi oldu. Qeyd etmək lazımdır ki, Azərbaycanda həm rəsmi səviyyədə, həm də xalqda artan torpaqların qaytarılması arzusu da bu işarənin xəbərçisi idi. Bu da beynəlxalq arenada münaqişənin dondurulmuş olmadığını ortaya qoydu. Nəticədə Azərbaycan tərəfi əks-hücum gerçəkləşdirərək işğal altındakı mühüm yerləri, tarixi torpaqları, strateji əraziləri və yüksəklikləri ələ keçirdi. Müharibədə Rusiya və Qərb dövlətlərinin, beynəlxalq təşkilatların müharibənin dayandırılması və dərhal müzakirələrə başlanmasının vacib olduğunun bildirilməsinə baxmayaraq, Türkiyə və Pakistan hər zaman Azərbaycanın yanında olduqlarını göstərdilər. 

“Qarabağ Ermənistandır” deyən, Şuşada yallı oynayıb andiçmə mərasimlərində iştirak edən, işğal altındakı torpaqlarda məskunlaşma aparan və oraya terrorist qruplar yerləşdirən, danışıqlarda əldə olunmuş razılıqları alt-üst edən Nikol Paşinyanın məzlum vəziyyətə düşərək dünya liderlərindən imdad dilədiyini bütün dünya gördü. Çünki o, aqibətinin necə olacağını yaxşı bilirdi.  

Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, Paşinyan düşdüyü vəziyyət qarşısında ənənəvi erməni psixologiyasından çıxış edərək, Azərbaycanda guya Suriyadan gətirilən muzdlu döyüşçülərin, xüsusilə cihadçı qrupların olması ilə bağlı növbəti feyk-nyus (saxta xəbər) yaymaqdadır. Əlbəttə ki, dünya miqyasında təxribatçı xarakter daşıyan belə məlumatları ortaya atmaqla Ermənistan dünyanın xristian ölkələrinin, xüsusilə də böyük güclərin diqqətini özünə çəkmək istəməkdə və xristian dövlətlərin Azərbaycana qarşı səlib yürüşlərinin başlanmasına cəhd göstərməkdədir. Heç təsadüfi deyildir ki, Fransa Prezidenti Emmanuel Makron “Dağlıq Qarabağda suriyalı cihadçılar məsələsi ‘oyunu dəyişdirən’ çox ciddi reallıqdır”, – deyərək bu məsələnin Avropa Şurasının müzakirəsinə çıxarılmasının vacibliyi ilə bağlı ənənəvi ermənipərəst mövqeyini ortaya qoydu. Halbuki ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Fransanın tərəfsiz mövqe nümayiş etdirməsi lazım gəlirdi.

Bundan başqa, Ermənistan Türkiyənin və Türkiyə Silahlı Qüvvələrinin də müharibədə iştirakını yalandan qabardaraq saxta xəbərləri dünyanın ayrı-ayrı ölkələrinin media resurslarında tirajlamaqda davam etməkdə və aparıcı güclərdən dəstək almağa çalışmaqdadır. Lakin sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çox tutarlı, sərrast cavablar və arqumentlərlə həm cihadçılar məsələsi ilə bağlı, həm də Türkiyənin və Türkiyə Silahlı Qüvvələrinin də müharibədə iştirakını bağlı “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramında Ermənistan tərəfinin bütün yalanlarını ifşa etdi.

Ümumiyyətlə, Prezident İlham Əliyev digər ölkələrin dövlət telekanallarına da bu cür iddialara yönəlik ciddi arqumentlərlə cavab verərək, bu kimi iddiaları ortaya atanları da ciddi şəkildə tənqid etdi. Halbuki İraq və Suriyadan PKK terrorçularının Ermənistana gətirilməsi, işğal altındakı Azərbaycan torpaqlarına yerləşdirilməsi və ermənilər tərəfdən müharibədə iştirakına dair çox sayda ciddi məlumatlar vardır. 

Bütün bunlarla yanaşı, olduqca vacib bir məqama da diqqət çəkməyi məqsədəuyğun hesab edirik ki, bu da atəşkəslə bağlı məsələdir. 26 illik atəşkəs anlaşmasından sonra siyasi konyunkturanın yaranması ilə Azərbaycanın Ermənistanın işğalı altında olan torpaqlarımızda irəliləməsi və nəzarəti ələ keçirdiyi bir zamanda regionda kilid önəmə sahib olan Rusiyanın mövqeyinin necə olacağı hər kəs tərəfindən düşündürücü idi. Heç təsadüfi deyildir ki, müəyyən vaxtlarda cərəyan edən toqquşmalarda və ya qısamüddətli müharibələrdə bir tərəfin üstünlüyü Rusiyanın ümumi siyasətinin xaricinə çıxmazsa, rəsmi Moskva bu cür toqquşmaya müvəqqəti olaraq səssiz qala bilir və ya öz varlığının əhəmiyyətini hiss etdirmək istəyərsə, buna icazə verirdi. 2016-cı ilin aprel ayında gerçəkləşən “Dördgünlük müharibə”də də bunu göstərdi. Eyni şəkildə 27 sentyabrda başlayan şiddətli müharibənin 13-cü günündə Rusiya təkrar müdaxilə edərək Ermənistan və Azərbaycanın Xarici İşlər nazirlərini Moskvaya dəvət edərək tərəfləri atəşkəs barəsində uzlaşdırdı. Oktyabrın 10-da humanitar məqsədlərlə hərbi əsirlər, digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi ilə bağlı humanitar atəşkəs elan olundu. Cənubi Qafqazı öz “arxa baxça”sı olaraq dəyərləndirən Rusiya baxımından atəşkəsin təmin edilməsi olduqca vacib idi. Öz nüfuzunu ortaya qoyması və müharibədə kilid önəmə sahib olduğunu bir daha dünyaya göstərməsi lazım gəlirdi. Lakin atəşkəsin müvəqqəti xarakter daşıdığı onsuz da bəlli idi. Toplantının ardından 12 saat (və ya daha az) belə keçmədən Gəncə, Mingəçevir, Goranboy, Tərtər və s. şəhər, rayon və kəndlərə Ermənistan ərazisindən raketlər atıldı. Xüsusilə mülki əhalinin hədəf alındığı, çox sayda insanın öldüyü və yaralandığı ikinci böyük şəhər olan Gəncənin vurulması həm erməni terrorunun yeni bir təzahürü oldu, həm də Rusiyanın xarizmasını cızma məqsədli bir akt olduğunu ortaya qoydu.

Atəşkəsi elan edən Rusiyanın xarizmasını cızan atəşkəsin pozulması məsələsi Ermənistanın amerikanpərəst mövqeyini ortaya qoydu. Heç təsadüfi deyildir ki, Rusiyanın müttəfiqi olan Ermənistan rəsmi Moskvanın rəqiblərinin dəstəklədiyi bir sima olan Qərb və Soros tərəfindən dəstəklənən Nikol Paşinyan tərəfindən idarə olunmaqdadır. Lakin Rusiyanın Qafqazdakı ən önəmli müttəfiqi olan Ermənistandan əl çəkməsi də mümkün görünmür. Sadəcə olaraq Paşinyanın iqtidardan uzaqlaşdırılması planlaşdırılır. Lakin Qarabağ müharibəsi Xarici İşlər nazirləri çərçivəsində həll oluna biləcək bir məsələ də deyil, daha geniş mahiyyətli bir məsələdir. Zatən Azərbaycan Ermənistanın atəşkəsi pozacağını hesab edərək masaya əyləşdi. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də ifadəsi ilə desək, Azərbaycan tərəfindən Ermənistana verilən son şans idi. Lakin buna baxmayaraq, Ermənistan atəşkəsi pozaraq sivillərə hücum etdi və danışıqlar yolu ilə işğal etdiyi torpaqları geri qaytarmayacağını göstərmiş oldu. Əlbəttə, hadisələrin necə formalaşacağını əlahəzrət zaman göstərəcək. Azərbaycan müharibədə və diplomatiyada haqlı mübarizəsinə davam edir və uyğun zamanda ortaya çıxan fürsətləri öz lehinə çevirməyə çalışır. Bu istiqamətdə uğurlu addımlar atdığı da şübhəsizdir. Prezident İlham Əliyevin tələbinə əsasən qrafik üzrə Ermənistan işğal etdiyi torpaqlardan çıxmadığı təqdirdə müharibənin daha da şiddətlənəcəyi və Azərbaycan Ordusunun irəliləyəcəyi heç də sürpriz deyil.

Ümumiyyətlə, BMT, Avropa Şurası, Avropa Birliyi ölkələri, ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ tərəfindən Ermənistanın Dağlıq Qarabağa heç bir aiddiyyəti olmayan Azərbaycanın digər önəmli tarixi ərazilərindəki sivilləri hədəf olan təcavüzkar hərəkətinə qarşı heç bir qınayıcı bəyanatlar gəlmədiyini biz müşahidə edirik. Bunun əvəzinə müharibənin dayandırılması, silahların susması, dərhal müzakirələrə başlanması kimi ənənəvi ifadələrə yer verilir. Azərbaycan tərəfi isə hərbi əməliyyatları yalnız işğal altındakı öz torpaqlarında apardığını, bu davada haqlı tərəf olduğunu ortaya qoyaraq, heç bir güzəştə getməyəcəyini, Vətən müharibəsində geri çəkilməyəcəyini böyük bir əzm və cəsarətlə göstərməkdədir. Əgər beynəlxalq təşkilatlar və dövlətlər həqiqətən müharibədən narahatdırlarsa, insan ölümünə səbəb olan bu vəziyyətdən gərgin hisslər keçirirlərsə, ədalətin bərqərar olmasını istəyirlərsə, işğalçı tərəf olan Ermənistanın BMT qətnamələrinə əməl edərək dərhal işğal etdiyi əraziləri boşaltmasını təmin etməli, lazım gələrsə təzyiq göstərməlidirlər. Qeyd olunduğu kimi, Azərbaycan heç bir dövlətin ərazisinə hücum etməyib, hərbi əməliyyatları öz işğal olunmuş torpaqlarında aparır. Bu, Azərbaycanın haqlı davasıdır. İnanırıq ki, bu davada Azərbaycan qısa bir müddətdə qalib gələcək. Dağlıq Qarabağ məsələsi ilə bağlı ermənilərin mövqeyini dəstəkləyən, status məsələsində ermənipərəst mövqedən çıxış edən ABŞ, Fransa və Rusiya əvvəla ermənilərin sıx məskunlaşdığı Kaliforniyada, Marsilyada və Krasnodarda onlar üçün muxatariyyəti düşünsünlər. Qarabağ Azərbaycandır. Bunu heç kim dəyişdirə bilməz.