10 oktyabr 2019 19:46
139

Erməni yalanının növbəti ifşası - FOTO

Oktyabrın 10-da Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində partiyanın Nəsimi rayon təşkilatı tərəfindən ərsəyə gətirilən “Erməni yalanının növbəti ifşası” adlı kitabın və bunun əsasında hazırlanmış videoçarxın təqdimatı keçirildi.

Sözügedən kitab oktyabrın 3-də Prezident İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında növbəti erməni yalanını ifşa edən çıxışı əsasında hazırlanıb.

Əvvəlcə tədbirdə YAP Nəsimi rayon təşkilatı tərəfindən Prezident İlham Əliyevin bu tarixi çıxışı əsasında müxtəlif xarici dillərə titrlərlə tərcümə edilmiş videoçarxın təqdimatı oldu.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək bildirdi ki, işğalçı Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasət nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub: “Prezident İlham Əliyev davamlı olaraq ən ali beynəlxalq kürsülərdən erməni yalanlarını və onu dəstəkləyənləri, bu yalanları uyduran Ermənistan rəhbərlərini ifşa edir. Oktyabrın 3-də Prezident İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında növbəti erməni yalanını və bu yalanı uyduran işğalçı dövlətin baş naziri Nikol Paşinyanı “Qarabağ Azərbaycandır” deyərək ifşa etdi. Qətiyyət və cəsarət rəmzi olan bu çıxış ictimaiyyət, eləcə də gənclər tərəfindən yüksək dəyərləndirilərək hələ də müzakirə olunur. Bu tarixi çıxış YAP Nəsimi rayon təşkilatı tərəfindən 10-a yaxın xarici dilə tərcümə edilərək kitab şəklində nəşr olunub, videoçarx hazırlanıb”.

Çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov 30 ilə yaxındır ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu bildirdi. O, əlavə etdi ki, işğalçı ölkə, eyni zamanda, uzun illər ölkəmizə qarşı böhtan və şər kampaniyaları da apararaq dövlətimizin imicinə kölgə salmağa çalışır.

Siyavuş Novruzov xüsusi vurğuladı ki, ümummilli lider Heydər Əliyev daim beynəlxalq təşkilatların tribunalarından erməni yalanlarını dünya ictimaiyyətinə çatdırırdı. Bu gün bu siyasi missiya Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlətimizin başçısı “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında konkret olaraq Qarabağın tarixi və əzəli Azərbaycan torpağı olduğunu bir daha bəyan etdi. Prezident qətiyyətlə “Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə bir daha dövlətimizin birmənalı mövqeyini nümayiş etdirdi. Azərbaycanın siyasi arena ilə yanaşı, hərb meydanında da ermənilərə sarsıdıcı zərbə vurduğunu deyən deputat buna misal olaraq Aprel döyüşlərini göstərdi.

YAP Gənclər Birliyi Ofisinin rəhbəri Fərid Nəsibov söylədi ki, bu gün Azərbaycan gənclərinin üzərinə düşən əsas missiya müstəqilliyimizi qorumaqdır: “Ümummilli lider Heydər Əliyev də qeyd edirdi ki, müstəqilliyi qorumaq onu qazanmaqdan daha çətindir. Müstəqil Azərbaycan dövləti indiyə qədər çətin və keşməkeşli yollar keçdi və müstəqilliyini möhkəmləndirdi. Bu gün bütün dövlətlər beynəlxalq arenalarda ölkəmizlə hesablaşırlar. Azərbaycanın sözü bütün beynəlxalq arenalarda qətiyyətlə keçir. Bu isə cənab Prezident İlham Əliyevin təkidi, qətiyyəti və gərgin zəhməti hesabına baş verir. Prezident İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən XVI illik iclasının plenar sessiyasındakı çıxışında konkret olaraq Qarabağın tarixi və əzəli Azərbaycan torpağı olduğunu bir daha bəyan etdi. Dövlət başçımızın bu qətiyyəti biz gənclərə güc verir, bizi ilhamlandırır. Biz gənclər olaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşmişik, daim onun siyasətini dəstəkləyirik”.

Sonda çıxış edən YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Salman Salmanov bildirdi ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bu gün inamla demək olar ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dövlətinin gələcəyi etibarlı əllərdədir. Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ölkədə və regionda ən öncül gənclər təşkilatıdır. Hazırda respublikamız böyük inkişaf yolundadır.  Dövlətimizin iqtisadi qüdrəti durmadan artır, xalqın həyat səviyyəsi  gündən-günə yaxşılaşır. Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı bir çox ünvanlara hədəflənmiş çıxış idi. Onun hədəflərindən biri Ermənistandır. Bununla Ermənistan cəmiyyətinə mesaj verilir ki, işğalçı dövlət öz xülyasından əl çəkməlidir. Biz gənclər olaraq çalışdıq ki, Prezident İlham Əliyevin bu mesajına öz əməyimizlə töhfə verək. Qərara aldıq ki, bu tarixi çıxışı kitab şəklində müxtəlif dillərə tərcümə edək. Təsüdüfi deyil ki, bu gün ölkəmizin hər yerində “Qarabağ Azərbaycandır” sədasını eşidirik”.

Cavid Əkbərov,
Vüsal Cahanov (foto), 
“İki sahil”