KÖŞƏ

Sevinc Azadi

Erməni vəhşiliyi sərhəd tanımır

16 noyabr 2020 18:33
913

Vətən müharibəsi adlandırılan ikinci Qarabağ müharibəsinin Ermənistanın tam kapitulyasiyası ilə yekunlaşması Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. İlk növbədə qeyd edək ki, Ermənistanın kapitulyasiyası ilə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və konstitusion quruluşu bərpa olundu. Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğalçı qüvvələr Kəlbəcər rayonunu noyabrın 15-dək boşaltmalı idi. Amma Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirilmiş insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istəyib. Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə, Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq, bu müddəti noyabrın 25-dək uzadıb. Halbuki 1993-cü ildə Kəlbəcərin işğalı zamanı erməni hərbi birləşmələri əhaliyə rayonu tərk etmələri üçün cəmi 10 saat vaxt vermişdi. Buna baxmayaraq, Azərbaycan humanistlik göstərərək, daha 10 gün gözləməyə razılaşıb. Şübhəsiz ki, Azərbaycan tərəfi bu qərarı qəbul edərkən Kəlbəcər rayonunun coğrafi baxımdan böyük bir ərazini əhatə etməsini, relyefin mürəkkəbliyini, hava şəraitinin ağırlaşmasını və rayondan çıxış üçün cəmi bir yolun olduğunu nəzərə alıb. Həmçinin nəzərə alınıb ki, Ermənistanın işğal etdiyi Ağdam rayonu ərazisindəki qoşunları da Qarabağdan çıxmaq üçün Kəlbəcər yolundan istifadə etməyə məcburdur. Kəlbəcəri Ermənistanla birləşdirən yolun texniki imkanları insanların kütləvi hərəkətinə imkan vermədiyindən, tıxaclar, ləngimələr müşahidə olunur. Qərarın qəbulu bir daha sübut edir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan həm müharibə, həm də sülh dövrünün qaydalarına tam əməl edir. Hərbi əməliyyatlar zamanı mülki şəxsləri və yaşayış məntəqələrini hədəf seçməyən Azərbaycan Ordusu hazırda rayonun sakit və təhlükəsiz şəkildə boşaldılmasını təmin edir.

Təəssüf ki, Azərbaycanın humanist yanaşması fonunda, erməni hərbi qüvvələri, eləcə də bu torpaqlarda qanunsuz məskunlaşmış mülki ermənilər gethagetdə belə öz murdar xislətlərinə sadiq qalaraq yeni-yeni vəhşiliklər etməkdən çəkinmirlər, Kəlbəcərdə əsl barbarlıq nümayiş etdirirlər. Bütün bunlar xarici KİV-in və dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Belə ki, döyüş meydanında rüsvayçılıqla məğlub olmuş bu nifrət dolu adamlar dünyanın gözü qarşısında ekoloji terror aktları törədərək meşələri yandırır, yaşadıqları evləri dağıdır, kəlbəcərlilərə abad yaşayış massivi və normal təbiət buraxmaq istəmirlər. Sosial şəbəkələrdə yayılan videolarda ermənilərin nə qədər antibəşəri düşüncə daşıdıqları, hər cür vandallığa hazır olduqları açıq-aydın görünür. Kəlbəcəri tərk edən ermənilər hətta yaşadıqları evlərin qapı və pəncərələrini söküb özləri ilə aparırlar. Kəlbəcərdən reportaj hazırlayan “BBC News”un Moskva müxbiri Stiv Rozenberqə danışan ermənilər yaşadıqları evlərdə azərbaycanlıların yaşamaması üçün bu addımı atdıqlarını bildiriblər. Kəlbəcərdən ermənilərin köçü ilə bağlı “Sputnik Armenia” da material yayımlayıb. "Sputnik Armenia"nın çəkiliş qrupunun məlumatına görə, Kəlbəcəri tərk edən ermənilər sözün həqiqi mənasında evləri, dükanları, elektrik yarımstansiyalarını söküb dağıdırlar. Ermənilər çoxlu sayda mikroavtobus və yük maşınlarında daşına bilən hər şeyi – ev əşyalarını, mebelləri belə özləri ilə aparırlar. Onlar bütün yaşayış və inzibati binaları məhv edirlər. Hətta Kəlbəcər şəhərində fəaliyyət göstərən məktəblərdən birinin direktoru getməzdən öncə məktəb binasına od vurub.

Kəlbəcəri tərk edərkən erməni hərbçilərdən ibarət bir qrup ermənilərə məxsus məzar daşlarını dağıdıb. Bu barədə Ermənistanda yaşayan Livan ermənisi, keçmiş döyüşçü Simon Qafalyan məlumat verib. O qeyd edib ki, hərbçilər keçmiş erməni döyüşçü Petros Qevondyanın öldüyü yerdə yerləşən məzar daşını dağıdıb və baş daşını Ermənistana gətirmək istəyib: “Dostlar, bacılar, qardaşlar, “Facebook”dan çıxın, baş verənlər o qədər ağır məsələdir, o qədər ciddi tarixi təhlükəli məsələdir ki, dəyişmək çox təhlükəlidir. Nikol Paşinyana bir sual: sənə kim hüquq verdi ki, xalqın fikrini soruşmadan torpağı təhvil verəsən?”, - deyə Qafalyan bildirib.

Kəlbəcərdən çıxan ermənilər yalnız evləri yandırmaqla kifayətlənmirlər, meşələrdə, yol kənarlarında ağacları da kəsib özləri ilə Ermənistana aparırlar. “Sputnik Armeniya” portalında dərc edilən məqalədə bildirilir ki, kəsilən ağaclar yük, hətta minik maşınlarına yüklənərək Ermənistana daşınır. O da qeyd olunur ki, üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) razılaşmaya görə Kəlbəcəri tərk etməli olan insanlar mikroavtobus, iri yük maşınları ilə oradan hər şeyi daşıyırlar, özləri ilə apara bilmədiklərini isə yandırırlar ki, azərbaycanlılara heç nə qalmasın. Onlar hətta rayonda yerləşən elektrik dirəklərini də çıxarıb aparırlar. Bunlar azmış kimi azğın, vəhşi ermənilər buradaki heyvanları öldürüb, leşlərini əraziyə atıblar. Bununla bağlı görüntüləri rusiyalı jurnalistlərdən biri sosial şəbəkədə yayımlayıb.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?