Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
29 sentyabr 2020 18:37
393

Erməni təxribatlarını zamanında dayandırmaq lazım idi!

“Paşinyan Ermənistanın yeni diktatorudur. Lakin əfsuslar olsun ki, özünü həbsxanada əziyyət çəkən insanların müdafiəçisi kimi göstərən insan haqları təşkilatları reaksiya vermir. Bu, ikili standartların nümayişidir. Ermənistanın diktator rejimi dayandırılmalıdır və əgər beynəlxalq ictimaiyyət onları dayandırmasa, Azərbaycan onları dayandıracaq. Azərbaycan onlara yerini göstərəcək və öz ərazi bütövlüyünü bərpa edəcək”.

Bu fikirləri Prezident İlham Əliyev  sentyabrın 29-da Pakistanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən deyib.

İşğalçı Ermənistan zaman-zaman Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparıb. Və bunun ən ağır nəticəsi olaraq Ermənistan tərəfindən 1991-1993-cü illərin hərbi kampaniyası dövründə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal olunub. Əlbəttə ki, bu işdə Ermənistana xarici havadarları da kömək edib. 1994-cü ildə iki ölkə arasında atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan tərəfindən mütəmadi olaraq Azərbaycana qarşı təxribatlar edilir. Bu illər ərzində Ermənistan dəfələrlə atəşkəsi pozaraq hərbiçilərimizə və mülki əhaliyə atəş açıb və soydaşlarımızı qətlə yetiriblər. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 1 milyondan çox azərbaycanlı öz yurd-yuvalarından qovularaq qaçqın və məcburi köçkün olub.

Son zamanlar baş verən hadisələr Azərbaycanın haqlı mövqeyini bir daha təsdiqlədi, Ermənistanın təcavüzkar mövqeyini yenidən dünyaya tanıtdı. İşğalçılıq, terrorçuluq, təxribatçılıq və separatçılıq əməllərini 30 ildən bəri davam etdirən Ermənistan son zamanlar öz havadarlarının dəstəyinə arxalanaraq olduqca təhlükəli addımlar atır. Baş nazir Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan tərəfindən həm sözdə, həm də əməldə törədilmiş təcavüzkar hərbi hərəkətlər ilə müşayiət olunan təhrikedici bəyanatlar, hərbi və digər təxribatlar Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinə zərbə vurmuş və regiondakı gərginliyin ciddi şəkildə artmasına gətirib çıxarmışdır. Ermənistanın hərbi təxribatlar törətmək, müharibə təhlükəsi yaratmaq cəhdləri beynəlxalq icmaya meydan oxumaq, sülhə xəyanət etməkdir. Ermənistan rəhbərliyinin növbəti hərbi təxribatı onun sülh, əmin-amanlıq, təhlükəsizlik kimi dəyərlərə düşmən kəsildiyini bir daha əyani şəkildə sübuta yetirir. İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükəyə çevrilmişdir.

İyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində beynəlxalq səviyyədə tanınan ərazisinə artilleriya atəşi edərək təxribatlar törədir. Avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun törətməyə çalışdığı təxribat da bu terror zəncirinin növbəti halqası idi. Ermənistan ordusunun Tovuz təxribatından sonra Goranboy istiqamətində diversiya-kəşfiyyat əməliyyatının məğlubiyyəti bir daha sübut etdi ki, Azərbaycan Ordusu məkrli düşmənə sarsıdıcı zərbələr endirməyə, onun bütün hərbi təxribatlarını dəf etməyə hər an hazırdır. Ermənistan hökumətinin həyata keçirməyə çalışdığı “məskunlaşdırma” siyasəti  də regionda gərginliyin daha da artmasına xidmət edir. Rəsmi İrəvan Suriyadan və Livandan “mülki ailələr” adı ilə gətirdiyi erməni muzdlularını, terrorçularını işğal olunmuş torpaqlarımızda qeyri-qanuni şəkildə məskunlaşdırmaqla, eyni zamanda, bütün beynəlxalq konvensiyaları da pozur. Bu, açıq-aşkar cinayətdir. Lakin Paşinyan rejimi Qarabağı terrorizm məkanına çevirmək və terrorçuları, muzdluları Azərbaycan Ordusuna qarşı diversiya-zərbə qrupları kimi istifadə etməkdən ötrü bu işə hüquqi don geyindirməyə, qanuni görüntü yaratmağa çalışır. Belə ki, bu yaxınlarda Paşinyanın diktəsi ilə Ermənistan parlamentində qəbul edilmiş “könüllü özünümüdafiə dəstələri haqqında” qanun məhz bu məqsədlə hazırlanıb. Yəni, rəsmi Yerevan gələcəkdə dünya birliyi Ermənistanı hərbi əməliyyatlar zamanı real terrorçuların xidmətindən istifadə etməkdə günahlandırmasın deyə, sözügedən terrorçuları bəribaşdan  “könüllü özünümüdafiə dəstələri” kimi legitimləşdirməyə, qanuniləşdirməyə çalışır və hətta onlara vətəndaşlıq da verirlər. Beləliklə, terrorçu ermənilər və PKK-çılar Ermənistanın rəsmi  ordu birləşmələrində “könüllü özünümüdafiə dəstələri” kimi kamuflyaj edilir, gizlədilir. İstər bu cür qanunsuz məskunlaşdırma, istərsə də Şuşada qondarma rejimin dırnaqarası “rəhbər”inin guya “andiçmə” mərasiminin keçirilməsi Azərbaycana qarşı açıq təxribat əməlləridir. Ermənilərin Şuşaya heç bir aidiyyəti  yoxdur. Bura tarixi Azərbaycan şəhəridir.

Ermənistan Azərbaycan torpaqlarında Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş müharibə cinayətlərinin demək olar ki, hamısını törədiblər. Burada silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı hərəkətsizlik etmə və cinayətkar əmr vermə cinayətlərinin birbaşa tərkibi mövcuddur. Çünki mülki əhaliyə birbaşa hücum əmri vermək, onların öldürülməsinə səbəb olmaq xüsusilə ağır cinayətdir. Bu hadisələr zamanı Azərbaycan və Ermənistanın tərəfdar çıxdığı "Quru müharibəsinin qanun və adətləri haqqında" 1907-ci il Konvensiyasının, "Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında" 1949-cu il Konvensiyasının tələbləri da kobud şəkildə pozulub. Ermənistan bütün bu cinayətləri müasir dünyanın gözü qarşısında davam etdirir. Bütün bunların əsas səbəbi isə dünyadakı ikili standartlar, Ermənistanın hələ də cəzasız qalmasıdır. Bu məsələdə ən böyük məsuliyyət ATƏT-in Minsk qrupunun üzərinə düşür. Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribatlar və cinayətlər işğalçı ölkənin eskalasiya yaratmaq niyyətindən  xəbər verir. Bu gün ATƏT-in prinsipsiz mövqe nümayiş etdirdiyini görən Ermənistan təbii ki, daha da geniş əl-qol açır və təcavüzkarlıq siyasətini gücləndirir, yeni təxribatlara cəhd göstərir. Lakin bu  bəşəri ədalətsizliyə və haqsızlığa “Dur!” deməyin zamanı çoxdan gəlib çatıb. Ona görə də dünya ictimaiyyəti Ermənistanın təcavüzkarlıq siyasətinə son qoymağı və 30 ildən artıqdır ki, işğal altında saxladığı əraziləri tərk etməyi ondan tələb etməlidir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyə məcbur edilməlidir.

Çox böyük qürur və fəxr hissi ilə qeyd etməliyik ki, bu gün beynəlxalq təşkilatların sərgilədiyi  ikili standartlara baxmayaraq, Azərbaycan Ordusu əzmlə irəliləyir, düşmənə sarsıdıcı zərbələr vurur. Bütün bunlar uzun müddətdir ki, Ermənistanın Azərbaycana qarşı təxribatlarına, törətdiyi müharibə cinayətlərinə verilən tutarlı cavabdır. Sentyabrın 27-də  işğalçı Ermənistanın növbəti təxribatı  müharibə həddinə çatmasına səbəb olub. Təbii ki, Azərbaycan Silahlı Qüvvələri qabaqcadan planlaşdırılmış bu məkrli əməllərə qarşı adekvat cavab verib. Azərbaycan Silahlı Qüvvələri əks-hücuma keçərək Qarabağdakı bir sıra yaşayış məntəqələrini yağı düşməndən təmizləyib. Qəhrəman Azərbaycan Ordusu, igid əsgərlərimiz düşmənin xain təxribatlarının qarşısını alır, erməni silahlı birləşmələrinin mövqelərinə ağır, sarsıdıcı zərbələr endirir. İstisna deyil ki, Azərbaycan Silahlı Qüvvələrinin effektiv əks-hücumu erməni tərəfinə ciddi təsir edəcək. İşğalçı Ermənistana layiq olduğu yer göstəriləcək. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycan heç bir təxribata əl atmayıb. Azərbaycan, sadəcə olaraq, öz maraqlarını müdafiə edir, öz torpağını işğaldan azad etmək istəyir: “Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır”

Yaqut Ağaşahqızı, “İki sahil”