KÖŞƏ

Vəli İlyasov

Erməni “NKVD”çilər Azərbaycan xalqına qarşı

07 fevral 2020 19:45
1608

Bədnam “NKVD üçlükləri”nin (“troyka”)  törətdikləri və gizli saxladıqları dəhşətli faktların üstü hələ də  açılmaqda davam edir. Yada salaq ki, SSRİ-nin o vaxtkı rəhbəri  İosif Stalinin təşəbbüsü və Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun razılığı ilə 30 iyul 1937-ci ildə “NKVD” naziri Nikolay Yejovun əmrinə əsasən yaradılan “üçlük”lər heç bir istintaq və məhkəmə olmadan yüz minlərlə insanın həyatına son qoyub. Yeri gəlmişkən deyək ki, bu qədər insanın işgəncələrlə öldürülməsinə şəxsən rəhbərlik edən həmin Yejov özü də “xalq düşməni” elan edilərək güllələnib. Stalinin böyük terror planının əsas icraçı maşını olan “üçlük”lərə əsasən “NKVD” idarələrinin rəisləri, partiya komitələrinin katibləri və prokurorlar daxil ediliblər.

“NKVD üçlükləri” ilə bağlı maraqlı məqamlardan biri də odur ki, “xalq düşmənləri”ni güllələnməyə məhkum edən bu “üçlük”lərin rəhbərlərinin özlərinə  sonradan “xalq düşməni” adı  verilərək  güllələnməyə məhkum olunublar.

Nikita Xruşşov hakimiyyətə gəldikdən sonra düşmən münasibət saxladığı Stalinin “şəxsiyyətə pərəstiş”ini, əslində siyasi fəaliyyətini ləkələmək üçün mütəxəssislərə arxivləri araşdırmağı göstəriş verəndə “maraqlı” bir sənəd üzə çıxıb. Həmin sənəddə Siyasi Büronun və şəxsən İosif Stalinin təşəbbüsü ilə SSRİ-də “üçlük”lərə rəhbər təyin ediləcək 16 nəfərin siyahısı olub. Sənədə “təsdiq edirəm” dərkənarı ilə İosif Stalin, Vyaçeslav Molotov, Lazar Kaqanoviç imza atıblar. Digər Siyasi Büro üzvlərinin razılığı isə telefonla alınıb.

Nikita Xruşşov bu sənədlə bağlı açıqlama verərkən qeyd edib ki, gərək siyahıda 17-ci adam Stalinin özü olaydı və onu da on yeddinci  cəllad kimi güllələyəydilər.

Burada bizim üçün daha maraqlı məqam Stalinin diktaturasında əzizlənən ermənilərin dövlət strukturlarında, o cümlədən “NKVD” sistemində  yüksək vəzifələrə təyin olunmalarıdır. Onlar “qırmızı terror”un fəal cəlladları kimi bu vəzifələrə irəli çəkilmişdilər.

Lakin Stalinin “xalq düşmənləri” ilə mübarizə etmək üçün seçdiyi və etibar etdiyi bu 16 adamın hamısı sonradan “xalq düşməni” kimi özləri repressiyaya məruz qalıblar. Xatırladaq ki, həmin 16 nəfərin əmri ilə SSRİ-nin müttəfiq respublikalarında və  subyektlərində “xalq düşməni” elan edilən adamları istənilən yerdə və heç bir sorğu-sual etmədən güllələyirdilər. Bu amansız 16 qatilin 2 nəfərinin erməni olması isə heç də təəccüb doğurmur.  Qeyd edək ki, həmin şəxslərdən 10 nəfəri güllələnib, 2 nəfəri istintaq zamanı təcridxanada, 1 nəfəri isə həbs düşərgəsində ölüb. 2 nəfər intihar edib, yalnız 1 nəfər 15 il həbs cəzası çəkdikdən sonra azadlığa çıxa bilib.

“Xalq düşmənləri” ilə mübarizə aparan “xalq düşmənləri” kimlər olub, siyahıda kimlərin adı əks olunub?  Onlardan ikisi bizim üçün maraqlıdır.

Viktor Xvorostyan - Ermənistanın xalq daxili işlər komissarı, dövlət təhlükəsizliyi mayoru, 1939-cü ilin fevral ayında həbs edilib, istintaq zamanı Moskvadakı Butırka türməsində ölüb.

Denerik Apresyan - Özbəkistan xalq daxili işlər komissarı, dövlət təhlükəsizliyi mayoru, 1938-ci ildə güllələnib.

Ancaq bu iki nəfər yalnız  Stalinin siyahısında olanlardır, əslində Anastas Mikoyanın  köməyi ilə “NKVD” və dövlət təhlükəsizliyi orqanlarındakı cəlladların sırasında ermənilər çoxluq təşkil ediblər. Məsələn, Azərbaycanda soydaşlarımızın nahaqdan tutulub güllələnməsinin təşkilatçıları Levon Mirzoyan, Markaryan, Qriqoryan, Sumbatov-Topuridze və onların silahdaşları idi. İnsanlıqlarını itirmiş bu vəhşilər Azərbaycanın yüzlərlə görkəmli oğullarını qərəzli surətdə və tamamilə nahaqdan repressiyaya məruz qoymuşdular. Onlar hətta imzasız və yalançı donosları əsas götürərək Tağı Şahbazi, Hüseyn Cavid,  Mikayıl Müşfiq, Salman Mümtaz, Əhməd Cavad və bir çox görkəmli ədəbiyyat xadimlərini məhv etmişlər. Xeyli sayda dövlət xadimlərimiz, diplomatlarımız, şair və yazıçılarımız, alimlərimiz pantürkist və panislamist damğası vurularaq ya güllələnir, ya da “gedər-gəlməz”ə sürgün olunurdular. Onların arasında Ruhulla Axundov, Yusif Vəzir Çəmənzəmili və başqaları da vardı. Erməni müstəntiqlər onlara uydurma faktlar əsasında “cinayət işi” açır, sonra dəhşətli cəzalar və işgəncələr  verməklə “faktları” guya boyunlarına qoyurdular. Yada salaq ki, “Axırıncı aşırım” filmindəki kolxoz sədri İmanın prototipi də “üçlük” tərəfindən tutularaq güllələnib.

Repressiya illərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində işləmiş Mircəfər Bağırov öz məhkəməsində bu faktları ürək ağrısı ilə  qeyd etmiş, erməni müstəntiqlərin yalançı istintqının “nəticələrinə” inanıb görkəmli elm və mədəniyyət xadimlərinizin cəzandırılmasına razılıq verdiyi üçün özünü günahkar saymışdı. Ona görə də məhkəmədə Mircəfər Bağırov son sözündə demişdi ki, “Məni güllələmək azdır, məni parça-parça doğramaq lazımdır!” Ancaq bu, gecikmiş etiraf idi. Əslində isə repressiya qaniçən ermənilərin Azərbaycan xalqına qarşı 1905-1907 və 1918-1920-ci illər soyqırımlarının davamı idi. Bu soyqırımı 1988-ci ildə yenidən başlanaraq hələ də davam etməkdədir.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?