20 iyul 2020 18:35
940

Ərazi bütövlüyünün bərpasında güvəncimiz qüdrətli Azərbaycan Ordusudur!

Hər bir azərbaycanlı bilir ki,  hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində yeganə güvəncimiz məhz qüdrətli və əzmkar Azərbaycan Ordusudur.  Bəli, bu gün ordumuz ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadir qüvvədir. Ali Baş Komandanın bir əmri kifayətdir ki, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda  mübarizəyə başlasın. 

Təcavüzkar Ermənistanın işğalçı ordusu Tovuz rayonu ərazisində sərhədlərimizi pozaraq, Silahlı Qüvvələrimizə ağır artilleriya qurğusundan davamlı atəş açmışdır. Düşmən tərəf nə qədər cəhd etsə də, bir santimetr belə Azərbaycan torpağına girə bilməmişdir. Çünki Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törədilən təxribatlar ordumuzun sərt cəza tədbirləri ilə cavablandırıldı. Ordumuz düşmənin 100-dən artıq canlı qüvvəsini, xeyli sayda hərbi texnikasını məhv etdi. Ermənistan tərəfinin ölənlərin sayını gizlətməsi də onların mənfur siyasətinin daha bir nümunəsidir. Erməni silahlılarının törətdikləri hərbi təxribatda Vətənə eşqlərini, sədaqətlərini, torpağa məhəbbətlərini qanları, canları ilə bildirən 12 əsgər və zabitlərimiz qəhrəmancasına şəhid oldular. Allahdan şəhidlərimizə rəhmət, ailə üzvlərinə isə səbr diləyirik.

Azərbaycan hərb meydanında növbəti dəfə işğalçı ölkənin dərsini verdi. Rəsmi İrəvan  bir daha Milli Ordumuzun gücünü gördü, layiq olduğu cavabını lazımi səviyyədə aldı. Tovuz döyüşləri bir daha göstərdi ki, Azərbaycan Ordusu sərhədlərini qorumağa,  hətta bir ovuc Vətən torpağı uğrunda belə şücaətlə və qətiyyətlə mübarizə aparmağa həm qadirdir, həm də hər zaman hazırdır.  Bunu deməyə güclü ordumuzun son tutarlı addımları, xalqın gücü və inamı, Prezident İlham Əliyevin qətiyyəti əsas verir.

Azərbaycan Ordusu Ermənistanın Tovuzla bağlı istəyini ürəyində qoydu. Ermənistanın məkrli xəyalları yenə gerçəkliyə qovuşmadı və qovuşmayacaq da! Böyük güclərin əlində oyuncağa çevilmiş Ermənistan rəhbərliyi belə təxribat törətməklə iyrənc və antihumanist məqsədlərini yerinə yetirməyə çalışır. Belə ki, mənfur “qonşu” hələ də Azərbaycan ərazilərindən öz silahlı qüvvələrini çıxarmağa tələsmir, burada yaratdığı separatçı rejimə hərtərəfli dəstəyini davam etdirir, hətta onun fəaliyyətinə hüquqi don geyindirməyə çalışır. İşğalçılıq siyasətini ört-basdır etmək üçün hərbi təxribatlara əl atır, Azərbaycanın sərhəd ərazilərini atəşə tutur. Ermənistanın Azərbaycana qarşı təcavüzü, erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ regionunun işğal edilməsi və bu bölgədə etnik təmizləmələr aparması hamıya məlumdur. Son günlərin hadisələri də erməni faşizminin mahiyyətini bir daha üzə çıxardı. Artıq heç kimə sirr deyil ki, işğalçı Ermənistanın başda Nikol Paşinyan olmaqla indiki rəhbərliyi öz ambisiyaları naminə, nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmaq üçün başqa dövlətin sərhədlərini kobud şəkildə pozur.

Azərbaycanın uğurla həyata keçirdiyi hücum diplomatiyası sayəsində Ermənistanın onsuz da yaxşı olmayan beynəlxalq imici daha bərbad vəziyyətə düşür, onun işğalçı ölkə, terroru, soyqırımı tarix boyu siyasətinin əsas elementi olaraq istifadə etdiyi üzə çıxır. Baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra populist bəyanat və addımları ilə Ermənistan, sözün əsl mənasında, dalana dirənmiş vəziyyətdədir və ən əsası, işğalçı dövlətin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünyanı aldatmağa xidmət edən yalançı manevrlərinə artıq yer qalmayıb.

Ermənistan bir daha şahidi oldu ki, Azərbaycan xalqı ordusunun və Prezidentinin, Ali Baş Komandanın ətrafında sıx birləşib.  Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiyada cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğu bir daha nümayiş etdirildi. Aksiya iştirakçılarının vətənpərvərliyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və  bir o qədər də qürurverici idi. Azərbaycan xalqı Vətən işğalçı düşmən təcavüzünə məruz qaldığı zamanlarda Ali Baş Komandana və ordumuza dəstək olduqlarını bildirdi. Ordumuzun Tovuz istiqamətində düşmən hücumunun qarşısını qətiyyətlə alması, düşmənə canlı qüvvə və texnika itkisi baxımından ağır zərbələr vurması, işğalçının hərbi obyektlərini darmadağın etməsi qədirbilən xalqımız tərəfindən coşğunluqla qarşılandı. Xalq-iqtidar-ordu həmrəyliyi çərçivəsində döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına gəldi.  Bütün dünya o insan izdihamının, azərbaycanlıların ən çətin gündə həmrəyliyinin, Azərbaycan xalqının ordusu ilə həmrəyliyinin bir daha şahidi oldu.

“Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram” deyən Prezident İlham Əliyevin çağırışına səs verən minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edir və müvafiq qaydada qeydiyyata alınırlar. Əlbəttə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən tam təmin edilir. Zərurət yarandığı halda isə qanunvericiliyin tələblərinə əsasən həmin könüllülər ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər. Hamımız dövlətimizin və Ali Baş Komandanımızın ətrafında birləşməli, hər bir addımda xüsusi həssaslıq nümayiş etdirməliyik. Bu birlik- həm dövlətimiz, həm ölkəmizin ərazi bütövlüyü uğrunda misilsiz şücaət göstərən Milli Ordumuz, həm şəhidlik zirvəsini fəth edən qəhrəmanlarımız, Azərbaycan qarşısında milli məsuliyyətimiz və vətəndaşlıq borcumuzdur.

Hər bir xalqın taleyində mühüm yer tutan hadisə azadlığa qovuşmaq və müstəqil dövlətə sahib olmaqdır. Bu yol çətin və məsuliyyətli yoldur, bu yolda gərək mübarizələrdən keçməyi, canını qurban verməyi bacarasan. Azadlıq naminə mübarizədən, savaşdan, döyüş meydanından, ölüm-itimdən çəkinməyən, son anadək mübarizə aparan millət xoşbəxtdir. Məhz Azərbaycan xalqı tarixə həkk olan belə mübarizələrdən keçib, zəfərə aparan yolda rastına çıxan mürəkkəb durumlardan çəkinməyib.

Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Azərbaycanın torpaqlarını hərbi yolla şərtsiz azad etməkdən başqa çıxış yolu qalmır. Son bir neçə ildə Azərbaycanın dövlət büdcəsindən irihəcmli vəsaitlər məhz ordunun inkişafına, onun təchizatının yüksəlməsinə ayrılır. Təbii ki, bu, belə də olmalıdır. Çünki müharibə aparan ölkənin güclü ordusunun olması şərtdir. Prezident İlham Əliyevin diqqəti, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. Beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir.

Yaqut Ağaşahqızı, “İki sahil”