Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
24 sentyabr 2020 18:20
661

Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir

Dövlətimizin başçısı İlham Əliyevin BMT tribunasından səsləndirdiyi bəyanatlar haqqın, ədalətin dəstəklənməsinə, beynəlxalq hüquq normalarının icrası üçün bu qurumda islahatların aparılmasına, bir sözlə, ermənilərə “dur!” demək üçün tərəddüdlərə son qoymağa bir çağırışdır

 

“Ermənistan təcavüzkar dövlətdir. Onların Azərbaycana, azərbaycanlılara qarşı olan nifrəti bax, bu çirkin siyasətdə də özünü göstərir. Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq. Onlar yeni müharibəyə hazırlaşırlar. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq.” Dövlətimizin başçısı İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində yerli televiziyalara müsahibəsində səsləndirdiyi bu bəyanatların davamı olaraq BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformada çıxışında “Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir” bəyan etməsi Ermənistana və ona dəstək olan dövlətlərə ciddi mesaj olmalıdır.

Real həqiqətlər bir daha bu gerçəkliyə işıq salır ki,  zaman keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən  dərk olunur, haqqın, ədalətin maraqların arxasında necə əridiyi aydın görünür. Bu gün dünyaya edilən  «həqiqətə həqiqət gözü ilə baxaq» çağırışı erməniləri və onların havadarlarını narahat etsə də unudulmamalıdır ki, beynəlxalq hüquq normaları və prinsipləri deyilən məfhum mövcuddur ki, onlara böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlər əməl etməli, yanaşmalarında əsas götürməlidirlər. Beynəlxalq hüququn əsas prinsiplərindən biri  Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit olunmuş  hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığıdır. Ölkə Prezidenti BMT-nin yubiley tədbirində   hazırda dünyanın  hüquq problemini yaşandığını bu fikirləri ilə diqqətə çatdırdı: “Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Özünün tarixi boyunca Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə çağırmışdır. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir.”

    BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə  Dağlıq Qarabağın  Azərbaycana mənsub olması birmənalı şəkildə təsbit  edilib. Bu qətnamələrdə əksini tapan  tələblərdən biri bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Azərbaycanın zəbt olunmuş bütün rayonlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasıdır.  Azərbaycan dövlətinin dəyişməz mövqeyini ən yüksək tribunalardan bəyan edən dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə arasındakı balans BMT-nin Nizamnaməsində, Helsinki Yekun Aktında çox aydın şəkildə izah olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. O da məlumdur ki, Ermənistanın yeni rəhbərliyi ilk gündən danışıqların formatında  dəyişiklik edilməsinə, tərəf kimi  qondarma rejimin də danışıqlar prosesinə qatılmasına cəhdlər etsə də  Azərbaycan dövlətinin sərt münasibəti, eyni zamanda, ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı bunun mümkünsüzlüyünü bir daha işğalçı dövlətə açıqladı.  Dövlətimizin başçısı bildirir ki, danışıqlar formatı uzun illər ərzində işlənib hazırlanıb və onu dəyişmək üçün birtərəfli qaydada edilən istənilən cəhd danışıqlar prosesini əngəlləmək cəhdi kimi qiymətləndirilir. Bütün məsuliyyət bunu etməyə çalışan tərəfin üzərinə düşür. Bu səbəbdən,  danışıqlar formatı dəyişdirilə bilməz və  danışıqlar nəticəyönümlü olmalıdır, sadəcə, danışıqlar xatirinə yox.

        Münaqişənin həllində dünyanın ikili siyasətinin yaratdığı problemlər etiraf olunan reallıqlar sırasındadır. Rəsmi Bakı daim bəyan edir ki, beynəlxalq hüququn norma və prinsipləri bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalıdır. 12 iyul təxribatının qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındıqdan sonra dünyanın əksər ölkələrində azərbaycanlıların orduya dəstək adı altında keçirdikləri aksiyalar həqiqətlərimizin təbliğində, ermənilərin əsl simasının ifşasında, diasporumuzun potensial imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Ermənilər və onların havadarları bu reallığı qəbul etməlidirlər ki, Azərbaycanın təbliğatı tarixi  faktlara, real həqiqətlərə əsaslanır, ən əsası, yalanın həqiqət üzərində qələbəsi mümkünsüzdür.

 Bu gün, eyni zamanda, Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığı, əbədiliyi türk diaspor təşkilatlarının   fəallığında da öz aydın ifadəsini tapır. Ermənilərin son təxribatları zamanı Azərbaycana ən böyük dəstək qardaş Türkiyədən oldu.  Dövlətimizin başçısı İlham Əliyev daim ən yüksək tribunalardan bəyan edir ki, iki dost, qardaş ölkənin  birliyi, həmrəyliyi dünyaya nümunədir.   Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarında yer alan bu fikirləri yada salmaq istərdik:  “BMT başda olmaqla regional və qlobal problemlərin həlli üçün qurulan təşkilatların bu səssizliyi onların özlərini də məhvə sürükləyir. Haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmaz. Beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara “Dur!” deməsini gözləyirik. Sabitliyin, əmin-amanlığın, rifahın təmin olunması qaydaları istisnasız bütün dövlətlər üçün tətbiq edilməzsə, kimsə gələcəyinə əminliklə baxa bilməz. Türkiyə və Azərbaycan olaraq biz istənilən vəziyyətdə və şərtlər altında inandığımız dəyərlər uğrunda apardığımız birgə mübarizəni davam etdirəcəyik. Allahın izni ilə bu müqəddəs mübarizəmizdə müvəffəqiyyət qazanacağıq.» Türkiyə Prezidenti BMT-nin yubiley tədbirində də  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyərək  bildirmişdir ki, Azərbaycan torpaqlarına hücumları davam etdirən Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə qarşı ən böyük mane olduğunu bur daha təsdiqləyib: “Dağlıq Qarabağ problemi başda olmaqla, bölgədəki bütün münaqişələrin Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün və suverenliyinin qorunması, BMT və ATƏT-in qətnamələri əsasında həll olunmasını istəyirik”

     Dövlətimizin başçısı İlham Əliyev BMT-nin tədbirində ermənilərin əsl simasını faktlarla dünya ictimaiyyətinə çatdırdı.  Təkcə bu faktı qeyd etmək kifayətdir ki, 29 ildir dünyadan ədalət gözləyən  Xocalı faciəsi iki yüz ilə yaxın  müddətdə erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı  həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.   Bir gecədə məhv edilmiş Xocalı şəhərinin adı indi Xatın, Ruanda, Srebrenitsa və Holokost ilə qoşa çəkilir. Ədalət prinsipini maraqlara qurban verməklə inamsızlığa yol açan, beynəlxalq hüquq problemini yaradan dünya dövlətləri  prinsipləri zamana və məkana görə tətbiq edəndə sonda bu laqeydliklərinin özlərinə qarşı olacağını da düşünməlidirlər. Necə olur ki, Fransa kimi  böyük nufuza və söz sahibinə malik olan bir dövlət ermənilərin dünyaya sırıdığı   qondarma “erməni soyqırımı” tarixini-24 apreli matəm günü kimi qeyd edir, amma XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımına biganə yanaşır? XX əsrin dəhşətli faciəsi olan Xocalı hadisəsinin soyqırımı kimi tanınmasına dünyanın biganə yanaşmasının səbəbləri  özlərinə sirr olsa da, bizlərə yaxşı məlumdur. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin  Azərbaycan ərazisindən  dərhal və qeyd-şərtsiz  çıxarılmasını tələb edən 4 qətnamə qəbul etməsini,   İslam Əməkdaşlıq  Təşkilatının, Qoşulmama Hərəkatının, ATƏT-in, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin qərar və qətnamələrini önə çəkən dövlətimizin başçısı İlham Əliyev  bəyan edir ki, işğalçı dövlət bu sənədlərə məhəl qoymur və buna görə ona cəza tətbiq edilmir. Bəzi hallarda  BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur.  Bu, ikili standarta  əsaslanan yanaşmadır.  Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir.  BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.

  Dövlətimizin başçısı İlham Əliyev istər “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində yerli televiziyalara müsahibəsində, istərsə də  BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda bir daha  bildirmişdir ki, törədilən təxribatlar  Ermənistanın faşist mahiyyətini bir daha göstərdi.

     Ermənistanın 12 iyul məğlubiyyətindən sonra atdığı addımlara diqqət yetirmək kifayətdir. Təbii ki, birinci dəfə deyil ki, təcavüzkar döyüş meydanında məğlubiyyətə uğrayandan sonra dinc əhaliyə qarşı hərəkətə keçir: “Bizim kəndlərimiz atəşə tutulmuşdur. Namərdlərin bu atəşi nəticəsində 76 yaşlı ağsaqqal həlak olmuşdur. Bu, vəhşilikdir. Müharibəni ordular, əsgərlər, könüllülər aparır. Ancaq bizim mənfur qonşumuz müharibəni dinc əhaliyə qarşı aparır, necə ki, Xocalıda soyqırımı törətmişdir, günahsız insanları-uşaqları, qadınları qətlə yetirmişdir.” 2016-cı ilin aprelində təmas xəttində yaşananları xatırlayaq.  İşğalçı dövlət  şəhər və kəndlərimizə hücum edərək  təmas xəttində növbəti cinayəti törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, 26 mülki şəxs  yaralandı, yüzlərlə ev dağıdıldı.  Uğurlu əks-hücum nəticəsində  Azərbaycan 3 işğal olunmuş rayonunda – Ağdərə, Füzuli və  Cəbrayılda  bir neçə ərazi azad edildi, bayrağımız həmin ərazilərdə  yüksəldildi.

  İşğalçı dövlət  yenə də  məkrli siyasətini davam etdirdi. 2017-ci ilin  iyulunda  Füzuli rayonuna məqsədli hücumu nəticəsində 2 dinc sakin – 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi qətlə yetirildi.  Həmin ilin avqustunda  Ermənistanla sərhəddə yerləşən Tovuz  rayonunda  13 yaşlı oğlan  erməni əsgərləri tərəfindən yaralanmışdır. Qeyd etdiklərimiz təkcə son illərdə  ermənilərin törətdikləri vəhşiliklərdir.

    Təhlillər əsasında erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının nə qədər geniş olduğu bir daha açıqlanır. Həmişə  olduğu kimi, dünyaya yenə də bu çağırış ünvanlanır – Ədalət əsas meyardır. Həllini gözləyən məsələlər vahid meyarın müəyyənləşdirilməsini, bütün dövlətlərə eyni şəkildə tətbiq olunmasını tələb edir.  Ermənistanın siyasi liderləri, disporunun rəhbərləri başa düşməlidirlər ki, erməni xalqının və dövlətinin xoşbəxtliyi, firavanlığı və gələcəyi qonşu dövlətlərlə dinc yanaşı  yaşamaq, mehriban qonşuluq ruhunun dəstəklənməsi ilə bağlıdır.

    Qeyd edək ki, Yer üzərində sülhün bərqərar olunması, xalqların qardaşlıq, dostluq şəraitində yaşaması üçün təşkil olunan  bütün danışıqlarda  sülhsevər siyasəti, diplomatik səyləri ilə diqqət çəkən dövlətimizin başçısı  İlham Əliyev  dəfələrlə bildirir ki, müasir dünyamızın əsas çağırışları əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsini, vahid mövqenin ortaya qoyulmasını bir zərurətə çevirir.   Azərbaycanın beynəlxalq nüfuzunun əsas göstəricilərindən olan 2011-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının uzvü kimi sədrlik etdiyi  iclaslarda da terror aktlarının beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlərdən geniş bəhs edən cənab İlham Əliyev bildirmişdir ki,   Azərbaycan terrorçuluğun bütün forma və  təzahürlərini qəti surətdə pisləyir.  Terrorçuluğun dəyişən mahiyyəti və siması, bir çox hallarda onun təcavuzkar separatizm, ekstremizim və mütəşəkkil cinayətkarlığa bağlılığı var. Bu fakt da ən yüksək tribunalardan bəyan edilir ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə və  infrastrukturuna  qarşı törətdiyi  terror aktları nəticəsində  2 mindən artıq  dinc əhali qətlə yetirilmiş,  həmin  vəhşiliyin kulminasiya nöqtəsi olan Xocalı şəhəri bir gecədə dağıdılmış, bütün əhalisi məhv edilmiş, insanlar diri-diri basdırılmış, yandırılmışdır. 

    “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində yerli televiziyalara müsahibəsində «Ermənistan terrorizmə sponsorluq edən ölkədir. Silahların göndərilməsinin intensiv xarakter alması əlbəttə ki, bizi ciddi narahat edir. Çünki bu silahlar bizə qarşı istifadə olunur. Bu silahlarla bizim uşaqlarımız, insanlarımız vurulur, həlak olur. Ona görə bu məsələ, hər bir başqa məsələ kimi, diqqət mərkəzindədir. Biz bundan sonra da vəziyyətə nəzarət edəcəyik” söyləyən dövlətimizin başçısı İlham Əliyev  iyul ayında törədilən  təxribat zamanı və ondan sonrakı dövrdə yerli və xarici mətbuatda Rusiya və Serbiyadan Ermənistana silah göndərilməsi barədə yayılan məlumatlara münasibətində bildirib ki, bu məsələni mütləq aydınlaşdırmalıyam: “Mən, ümumiyyətlə, hesab edirəm ki, əgər hansısa problem, sual, narahatlıq varsa, niyə biz bunu gizlətməliyik.”

 Ölkə Prezidenti, eyni zamanda, bu məqama da  diqqət  yönəldir  ki,   Ermənistanın baş naziri Azərbaycana yeddi şərt irəli sürüb: “Ermənistanın baş naziri bizə 7 şərt qoyur. Birincisi, sən kimsən ki, bizimlə şərt dilində danışırsan. Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək. Mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır. Orada hansısa komediya tipli təlimlər keçirirlər. Yəni, hər bir addım bizə qarşı açıq təxribatdır.”
     Ümumiləşdirilmiş şəkildə qeyd etsək dövlətimizin başçısı İlham Əliyevin BMT tribunasından səsləndirdiyi bəyanatlar haqqın, ədalətin dəstəklənməsinə, beynəlxalq hüquq normalarının icrası  üçün bu qurumda islahatların aparılmasına, bir sözlə, ermənilərə “dur!” demək üçün tərəddüdlərə son qoymağa bir çağırışdır: “Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq.”

 Yeganə Əliyeva, “İki sahil”