11 yanvar 2019 18:25
579

Energetik içkilərə növbəti “zərbə” istehlakı azalacaqmı?

Nazirlər Kabineti “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib. Bununla bağlı Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun imzaladığı qərara əsasən, 2019-cu ilin dekabrın 15-dək Azərbaycana idxal edilən meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilərə gömrük dəyərinin 15 faizi  qədər gömrük rüsumu tətbiq olunacaq. Bu qərar fevralın 10-da qüvvəyə minəcək.

Azərbaycanda şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular və alkoqolsuz energetik içkilərin 1 litrinə 0,3 dollar idxal gömrük rüsumu tətbiq edilir. Bu baxımdan indiyə qədər meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilərin də 1 litri üçün 0,3 dollar idxal gömrük rüsumu alınıb.

Lakin energetik içkilərlə bağlı edilən dəyişikliklər bununla bitmir. Qeyd edək ki,  Vergi Məcəlləsinin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, bu ildən alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3 manat aksiz vergisi nəzərdə tutulub.

Buna müvafiq olaraq Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə  dəyişikliklər edib. Bu qərar da fevralın 10-dan qüvvəyə minəcək.

Qeyd edək ki, alkoqollu və alkoqolsuz energetik içkilərlə mübarizə ilə bağlı maarifləndirmə işləri bir neçə il əvvəldən başlasa da, bu məhsullara aksiz vergisinin tətbiqi və gömrük rüsumunun artırılması barədə təkliflər ötən ildən başlamışdı. Məqsəd isə insan orqanizminə təhlükəsi ilə tanınan bu məhsullardan istifadənin azaldılmasına nail olmaqdır. Bu, həm də dövlət büdcəsinə əlavə vəsaitin cəlb edilməsinə imkan verir.

Bununla belə son illərdə ölkəyə energetik içkilərin idxalı əhəmiyyətli dərəcədə artıb. Qısa müddət ərzində alkoqollu və alkoqolsuz olmaqla xeyli adda məhsulun ölkə bazarına daxil olması onları rəqabəti qiymət müstəvisinə keçməsinə  səbəb olub. Nəticədə belə məhsullara qiymət baxımından əlçatanlığın artması energetik içkilərin ölkəmizdə geniş istifadəsinə şərait yaradıb. Tələbatın artması hətta ölkədə alkoqolsuz energetik içkinin istehsalına da rəvac verib.

Ancaq belə görünür ki, sözügedən əlavə və dəyişiklər energetik içkilərin istehlakını azaldacaq. Xüsusilə də alkoqolsuz energetik içkilərə tətbiq edilən aksiz vergisinin  demək olar ki, bu məhsulların qiymətinə bərabər olması (bəziləri üzrə ondan da yuxarı) onların bahalaşmasına gətirib çıxarır. Bu da həmin məhsullara olan marağın azalmasına səbəb olacağını istisna etmir. Nəticədə belə hal energetik məhsulların idxalının və yerli istehsalının azalması deməkdir. Lakin satış dövriyyəsinin azalması şirkətlər üçün əlavə qiymət artımını qaçılmaz edə bilər. Yerli istehsalçı şirkət üçün isə eyni zamanda, xarici bazarlara çıxmaq aktuallaşmış olur.  

Hərçənd ki, bununla bağlı xarici təcrübəyə nəzər saldıqda  məlum olur ki, bəzi ölkələrdə energetik içkilərin satışına nəinki vergi və əlavə rüsum tətbiq edilir, hətta onların satışına qadağalar və məhdudiyyətlər mövcuddur. Məsələn, hələ 2010-cu ildə ABŞ-da kofein tərkibli spirtli enerji içkilər tamamilə satışdan çıxarılıb. Elə həmin il Litvada energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışına qadağa qoyulub. 2015-ci ildə isə Rusiyanın Moskva vilayətində də eyni məhdudiyyətlər tətbiq olunub. Türkiyə, Danimarka, Norveç, Uruqvay, İslandiya, eləcə də ABŞ-ın Vaşinqton, Yuta, Oklaxoma, Miçiqan kimi ştatlarında da bu cür qadağalar var.

Ceyhun Piriyev, “İki sahil”