12 fevral 2019 17:08
243

Əmlak Xidmətləri Məkanı ictimaiyyət nümayəndələri və medianın gözü ilə

Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət sahələrinə aid 46 xidmətin vahid məkanda göstərilməsi vətəndaşların işini sadələşdirmək məqsədi daşıyır 

Fevralın 12-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən “Əmlak Xidmətləri Məkanı ictimaiyyət nümayəndələri və medianın gözü ilə” adlı infotur və “Açıq qapı günü” keçirilib. Tədbirin məqsədi komitənin göstərdiyi bütün xidmətlərin beynəlxalq standartlar əsasında vətəndaşlara vahid məkandan təqdim edilməsi, tətbiq edilən yeniliklər və elektron idarəetmə mexanizmi ilə ictimaiyyətin, QHT nümayəndələrinin, jurnalistlərin, ekspertlərin tanışlığı və onların məlumatlandırılması olub.

İnfotur çərçivəsində ictimaiyyət nümayəndələri və jurnalistlər ilk dəfə olaraq burada baş tutan hərracın keçirilmə zalında olublar. Qeyd edilib ki, virtual özəlləşmə prinsipini reallaşdıran elektron hərrac sistemi vasitəsi ilə istənilən investor ölkədə və ya xaricdə olmasından asılı olmayaraq sifariş verdiyi əmlakı hərrac günü onlayn olaraq özəlləşdirə bilir. Komitənin elektron xidmətlər portalı üzərindən qeydiyyatdan keçmədən özəlləşdirmə hərraclarını onlayn rejimdə izləmək imkanı da mövcuddur. İnvestorlar isə özəlləşməyə çıxarılan əmlaklarla bağlı bütün məlumatları ”Özəlləşdirilmə portalı” vasitəsilə əldə edirlər. Portalda hərracları canlı izləmək, habelə prosesə onlayn qatılaraq özəlləşmədə iştirak etmək mümkündür.

Bildirilib ki, 2016-cı ilin 14 sentyabrından etibarən yeni formatda keçirilən 600-ə yaxın hərracda 2000-ə yaxın dövlət əmlakı satılıb. Nəticədə dövlət büdcəsinə 1 milyon manatdan artıq vəsait köçürülüb.  

Tədbir iştirakçıları, eyni zamanda,  keçirilən real hərracı canlı olaraq izləyiblər.

Daha sonra ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin  rəisi Hikmət Mustafayevin iştirakı ilə Əmlak Xidmətləri Məkanında (ƏXM) vətəndaşlara göstərilən xidmətlər əyani olaraq nümayiş etdirilib, prosedurlar izah olunub, iştirakçıların göstərilən xidmətlərlə bağlı sualları cavablandırılıb. Bildirilib ki, burada Komitənin fəaliyyət sahələrinə uyğun 46 xidmət vətəndaşa daha operativ göstərilməklə onların işini sadələşdirir. Vətəndaşlar burada torpaq və qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, əmlakın özəlləşdirilməsi, qiymətləndirilməsi, daşınmaz əmlakla bağlı alqı-satqı əməliyyatlarının birbaşa həyata keçirilməsi, kadastr və yerquruluşu planlarının hazırlanması, o cümlədən daşınmaz əmlak və ünvan reyestri ilə bağlı arayışların verilməsi xidmətlərindən yararlana bilərlər.

Həmçinin qeyd edilib ki, burada  daşınmaz əmlakın, yəni torpaqların, fərdi yaşayış sahələrinin və qeyri-yaşayış sahələrinin qeydiyyatını aparmaq imkanı var. Əlavə edilib ki, bununla yanaşı, ƏXM-da notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın sığortalanması xidmətləri də həyata keçirilir.

Gələcəkdə  məkan Gəncə-Qazax, Quba-Xaçmaz, Şirvan, Cənub bölgələrini də  əhatə edəcək

Tədbir iştirakçılarının diqqətinə o da çatdırılıb ki,  Məkanda gün ərzində orta hesabla 1000-ə yaxın vətəndaş müxtəlif əməliyyatlardan istifadə edir. Yüksək ixtisaslı 100-ə yaxın işçi həftənin bütün günləri (şənbə və bazar günləri daxil) məkana üz tutan insanların xidmətindədir. Vurğulanıb ki, qısa müddətdir fəaliyyətə başlamasına baxmayaraq Məkana 20 mindən çox müraciət daxil olub. Gələcəkdə isə Məkan arealını genişləndirməklə Gəncə-Qazax, Quba-Xaçmaz, Şirvan, Cənub bölgələrini də  əhatə edəcək. Yaxın vaxtlarda həmin ərazilərdə bu binaların inşasına başlanılacaq.

Binada əlillərin sərbəst hərəkəti üçün də bütün şərait var

Binada könüllülər masası yaradılıb və onların xidmətlərindən də istifadə olunur. Vətəndaşların məlumatlı olması üçün informativ monitorlar, tablolar da quraşdırılıb. Xidmətdən yararlanmaq üçün elektron növbəlilik prinsipi həyata keçirilir. Hər hansı bir əməliyyatı yerinə yetirmək istəyən vətəndaş sıra nömrəsini monitorlarda görə bilir. BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq binada əlillərin sərbəst hərəkəti üçün də bütün şərait var.

Tədbir iştirakçıları bəzi xidmətlərin, elektron informasiya sistemlərinin iş prinsipi ilə əyani olaraq tanış olublar. Bildirilib ki, bina müasir İKT avadanlığı ilə təchiz edilib. Elektron idarəetmə sistemini həyata keçirən qurğular vasitəsilə xidmətlər daha dəqiq, proseduralar sürətli yerinə yetirilir.

“Elektron çıxarış” sisteminin istifadəsi ilə vətəndaş-məmur ünsiyyəti olmadan,
“virtual əl” prinsipi ilə çıxarışlar əldə olunur

Həmçinin daşınmaz əmlakın qeydiyyatı üzrə ödənilən xidmət haqqının və dövlət rüsumunun öyrənilməsi ilə bağlı “Əmlak kalkulyatoru” və “Elektron çıxarışın yoxlanması” kimi vətəndaşlara maraqlı olan digər elektron xidmətlər monitorda nümayiş etdirilib. Bildirilib ki, “Elektron çıxarış” sisteminin istifadəsi ilə vətəndaş-məmur ünsiyyəti olmadan, “virtual əl” prinsipi ilə çıxarışlar əldə olunur. Məkanda xidmət haqqının və dövlət rüsumunun ödənilməsi üçün terminallar da quraşdırılıb.

İnfoturda ünvan məsələləri ilə bağlı bütün göstəriciləri bir virtual platformada cəmləşdirən “Ünvan portalı”nın da iş mexanizmi nümayiş olunub. Məlumat verilib ki,  vətəndaşlar, dövlət qurumları və hüquqi şəxslər ünvanlarla bağlı rəqəmsal şəkildə toplanmış bütün məlumatları rəsmi, fasiləsiz və çevik qaydada portaldan əldə edə bilmək imkanına malikdirlər.

Tədbirdə bundan başqa “Kadastr kalkulyatoru” xidmətinin üstünlükləri də izah olunub. Qeyd edilib ki, bu xidmətlə vətəndaşlar, fiziki və hüquqi şəxslər əmlakla bağlı kadastra dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya bilərlər.

Qeyd edək ki, ƏXM-nın inzibati binasında bu xidmətlərlə yanaşı,  uşaq oyun sahəsi, kafe, kitabxana da fəaliyyət göstərir. Burada,  eyni zamanda, 1909-2018-ci illərdə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını özündə əks etdirən sənədlərə dair arxiv guşəsi yaradılıb. 

Ceyhun Piriyev, “İki sahil”