24 sentyabr 2019 20:07
254

Əməkdaşlığın prinsipləri: Güclü iradə, qarşılıqlı dəstək, inam və gələcəyə aydın baxış

Bu ilin yanvarında keçirilən ənənəvi Davos İqtisadi Forumunun sayca 49-cu toplantısında aparıcının dövlətimizin başçısı İlham Əliyevə ünvanladığı “Siz ölkənizin iqtisadi fəaliyyətini təkcə neft-qaz sahəsinə yox, eyni zamanda, infrastrukturun qurulmasına yönəltmisiniz” sualına Prezidentimizin cavabını xatırlatmaq istərdik: “Müasir infrastrukturun yaradılması bizim hökumətin ən əsas məqsədlərindən biridir. Düşünürəm ki, biz coğrafi vəziyyətimizdən faydalanaraq əsasən infrastruktura, yəni, daxili infrastruktura və Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktura sərmayə yatırmaqla doğru iş görmüşük. Biz yolların, magistralların, hava limanlarının tikintisi, qazlaşdırmanın aparılması, elektrik enerjisinin generasiyası üçün ölkə daxilində infrastruktura sərmayə yatırırıq. Biz, həmçinin nəqliyyat infrastrukturuna da sərmayə yatırmışıq. Bu da bizə yüklərin Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala nəqlinə imkan verəcək... Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Bunun üçün dəmir yolu sistemlərimizin müasirləşdirilməsi, Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanının tikintisi, Avropa və Asiya arasında çatışmayan bağlantının yaradılması ilə bizi Türkiyə və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası yollarımızdan istifadə etmək istəyənlərə yaxşı şərait yaradır.”

Bu fikirlər  regional əməkdaşlığın aparıcı qüvvəsi olan  Azərbaycanın beynəlxalq münasibətlər sistemində  artan yeri və roluna aydınlıq gətirir. Xarici siyasətində iki və çoxtərəfli çərçivədə  əməkdaşlığın qurulmasında və müxtəlif istiqamətlər üzrə  genişləndirilməsində maraqlı olan Azərbaycanın  üçtərəfli formatda birliklərin yaradılmasında təşəbbüskarlığı da regional əməkdaşlığa töhfələrinin tərkib hissəsidir. Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə kimi birliklər deyilənlərin bariz nümunəsidir. Cari ildə  İstanbulda Azərbaycan, Türkiyə və İran, eyni zamanda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin bir araya gəlib, iki tarixi görüşə imza atmaları istər ölkə, istərsə də dünya mətbuatında geniş müzakirə olunaraq bu birlik regionda təhlükəsizliyin və sabitliyin əsas təminatçısı kimi dəyərləndirildi.

Azərbaycan, Türkiyə və Gürcüstanın  siyasi iradəsi və qətiyyəti sayəsində gerçəkləşən enerji və nəqliyyat layihələri təkcə region  deyil, dünya dövlətlərinin davamlı iqtisadi inkişafını şərtləndirir.    Dövlətimizin başçısı  İlham Əliyevin qeyd etdiyi kimi, əlaqələr öncə regional əməkdaşlıq formatı şəklində qurulmuş, bu gün artıq çoxtərəfli əməkdaşlıq üçün möhkəm baza mövcuddur.  Azərbaycan-Gürcüstan- Türkiyə birliyinin, həmrəyliyinin təcəssümü kimi dəyərləndirilən Bakı-Tbilisi-Ceyhan və  Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri, eyni zamanda,  2017-ci ildə  istifadəyə verilən  Bakı-Tbilisi-Qars dəmir yolunun iqtisadi və siyasi əhəmiyyətini geniş şərh etməyə ehtiyac yoxdur. “Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür... Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər” söyləyən cənab İlham Əliyev məqsədin uğurlara yol açan əsas faktor olduğunu xüsusi olaraq vurğulayır.

Regional əməkdaşlığın inkişafına mühüm töhfələr sırasında Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanmasını da xüsusi qeyd etməliyik. İranın təkcə Xəzərin hüquqi statusu məsələsində deyil, Azərbaycan-Türkiyə-İran formatının daha da möhkəmləndirilməsində marağı   bir çox məqamlara aydınlıq gətirdi.   2018-ci ilin enerji sektorunun uğurları sırasında yer alan,    “enerjinin İpək Yolu” kimi dəyərləndirilən TANAP   da zamanın mütərəqqi əməkdaşlığına yaxşı bir nümunədir. Xəzər dənizindəki təbii ehtiyatların ən münasib marşrutlarla daşınaraq Türkiyəyə,  oradan da Avropa bazarlarına nəql edilməsi bölgədə iqtisadi inkişafa və təhlükəsizlik mühitinin yaranmasına  töhfə verəcək. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır.

Bu ilin aprelində Pekində keçirilən  2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu bir daha Azərbaycanın tranzit imkanlarına, regional və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrə  işıq saldı. “Müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır. Coğrafi mövqeyimizdən bəhrələnərək biz Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq,  Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Qonşularımızla birləşdirən şaxələnmiş dəmir  yolu şəbəkəsi yaratmışıq. Azərbaycanda son 15 ildə 15 min kilometr yol və avtomagistrallar çəkilib. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü yerdədir.

Ölkəmizdə yaradılan sabitlik, biznes mühiti investisiya axınını sürətləndirməklə yanaşı əməkdaşlığın coğrafiyasının genişləndirilməsini şərtləndirir. Ölkə iqtisadiyyatına  260 milyard dollardan artıq investisiya yatırılıb və bunun yarısını xarici investisiyalar təşkil edir. Bu gün Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən biridir. Dünya Bankının ən son “Doing Business” hesabatına görə, Azərbaycan biznes mühiti üzrə 25-ci pillədədir və bir il ərzində biz mövqeyimizi əsaslı şəkildə yaxşılaşdırmışıq. İndi Azərbaycan dünyada ən çox islahat aparan on ölkə sırasındadır.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın sərmayə yatırdığı  əhəmiyyətli nəqliyyat layihələrindən biri  Şimal-Cənub dəhlizidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycanın ərazisindən istifadə edirlər. Bu baxımdan Azərbaycanın  müasir infrastrukturun yaradılmasına yatırdığı investisiyalar yalnız iqtisadi potensialımızın artırılmasına, dost, tərəfdaş və qonşu ölkələrə  xidmət göstərməyə kömək etmir, bu, həm də ticarət, turizm, nəqliyyat sahələrində mühüm  imkan yaradaraq xalqları, ölkələri birləşdirir.

“Müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla biz yalnız ölkəmizi mühüm nəqliyyat mərkəzinə çevirmədik” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki,  biz eyni zamanda,  Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfə verdik.  “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir.

Bu günlərdə “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə də dövlətimizin başçısı İlham Əliyev “Əsrin müqaviləsi”nin regional və beynəlxalq əməkdaşlığa töhfələrindən geniş bəhs edərək bildirmişdir: “ Hesab edirəm ki, biz “Əsrin kontraktı”nın timsalında beynəlxalq əməkdaşlığın müsbət tərəfini görürük. Çünki həm sərmayə qoyan tərəf - investorlar, həm də ki, Azərbaycan dövləti maraqlar balansını taparaq ən məqbul şərtlərlə özləri üçün bu kontraktı imzaladılar. Əgər investorları kontraktların şərtləri qane etməsə, onda əlbəttə ki, heç bir kontraktın imzalanmasından söhbət gedə bilməz. Eyni zamanda, Azərbaycan dövlətinin maraqları da tam şəkildə təmin edildi. Bu gün kontraktın icrasının nəticəsi olan yeniləşən, müasirləşən, güclənən Azərbaycan bu sözlərimin əyani sübutudur.”  Azərbaycanın gələcəyinə inamın artması yeni-yeni əməkdaşlıq formatlarının gündəmə gətirilməsini şərtləndirdi və uğurlu icrasına yol açdı. Yeni  tərəfdaşlar qazanan Azərbaycan dövlətinin qətiyyəti və siyasi iradəsi nəticəsində reallaşan layihələr həm iştirakçı, həm də dünya dövlətlərinin iqtisadi imkanlarını artırır, siyasi nüfuzuna yeni-yeni əlavələr edir. Bu isə özlüyündə  Azərbaycana beynəlxalq dəstəyin aydın ifadəsini nümayiş etdirir. 

Yeganə Əliyeva, “İki sahil”