Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
01 aprel 2020 23:49
1030

Elşad Məmmədov: Əhalinin geniş təbəqələrinə sosial dəstək birdəfəlik ödənişlərdə özünü əks etdirə bilər

Koronavirus pandemiyası, eləcə də dünya iqtisadiyyatında kapitalın effektivliyinin düşməsi ilə bağlı problemlər və dərin böhrana daxilolma Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı ekspert Elşad Məmmədov deyib. Onun sözlərinə görə, son günlər ərzində işgüzar fəallığın zəifləməsi, iş yerlərinin bağlanması artıq reallığa çevrilib:

"Pandemiya ilə bağlı tədbirlərin gücləndirilməsi, bu xəstəliklə əlaqədar xərclərin artması neftin qiymətinin kəskin şəkildə ucuzlaşması üst-üstə düşdü. Belə olan halda iqtisadiyyatda kifayət qədər mürəkkəb vəziyyət yarandı. Proseslərin ölkə iqtisadiyyatına ciddi mənfi təsirinin olmaması üçün Azərbaycan Prezidenti tərəfindən 4 istiqamət üzrə işçi qruplar yaradıldı. İşçi qruplarının başlıca məqsədi mənfi fəsadların maksimum dərəcədə yumşaldılması və iqtisadiyyatın dayanıqlılığının təmin olunmasından ibarətdir. Addımın bir istiqaməti sosial bloka aiddir. Bu, bir tərəfdən də ölkə əhalisinin geniş təbəqəsinin sosial rifahının yüksəldilməsinə və ən azından zəifləmələrin olmamasına yönələn siyasətdir. Unutmayaq ki, illər ərzində ölkədə sosial paket reallaşdırılmışdı. Paketin effektinin itirilməməsi üçün əhalinin geniş təbəqələrinə sosial dəstək göstərmək önəmlidir. Bu dəstək birdəfəlik ödənişlərdə özünü əks etdirə bilər. Eyni zamanda, yeni iş yerlərinin hazırkı şəraitdə açılması sosial baxımdan olduqca vacibdir. Sosial ödənişlərin yüksəldilməsi ilə daxili bazarın genişləndirilməsinə şərait yarada bilərik. Bu da işgüzar fəallığa müsbət təsir göstərə bilər.

Digər tərəfdən isə bank sektoru ilə bağlı əsas istiqamət valyuta bazarında sabitliyin qorunmasıdır. Bu, ölkənin makroiqtisadi sabitliyi üçün əhəmiyyətlidir. Kreditlərlə bağlı güzəştlərin verilməsi də zəruri məsələdir".

Ekspert bildirib ki, bank sektorunun dayanıqlılığının təmin olunması və bu işlərin reallaşdırılması üçün yeni yanaşma tələb olunur:

"Çünki bu prosesdə pul kütləsi artacaq və bu kütlə düzgün idarə olunmalıdır ki, o valyuta bazarına axmasın, iqtisadiyyatda qeyri-sabitlik artmasın. Bunlarla yanaşı, maliyyə və büdcə sabitliyi, eləcə də vergi siyasəti olduqca önəmlidir. Bilirik ki, bizim büdcəmiz 2020-ci il üçün kifayət qədər irihəcmli büdcə idi. İndiki halda gəlirlərin azalmasının büdcənin icrasına təsirləri ola bilər. Büdcənin əsas parametrlərinin icrasına mütləq nail olmalıyıq.

Bir sözlə, bu məsələlər iqtisadi vəziyyətdən sistemli və kompleksli çıxış yollarının araşdırılmasını tələb edir. Məqsəd ondan ibarətdir ki, iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilsin".