10 avqust 2020 15:07
927

“Əlincəçay mahalının epiqrafik abidələri” işıq üzü görüb

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Əlincəçay mahalının epiqrafik abidələri” adlı monoqrafiyası çap edilib.

Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən “İki sahil”ə verilən məlumata görə, nəşrdə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvanın epiqrafik abidələrinin geniş yayıldığı yerlərdən biri, Əlincəçayın adı ilə adlanan mahala daxil olan yaşayış məskənlərində qeydə alınaraq tədqiq edilən epiqrafik abidələr işıqlandırılıb.

Azərbaycanın orta əsrlər dövrü siyasi-iqtisadi və mədəniyyət tarixinin bir sıra məsələlərinin aydınlaşdırılması üçün zəngin faktlar təqdim edən bu abidələr əsasında bəzi yaşayış məskənlərinin, memarlıq abidələrinin, qəbiristanlıqların tarixi müəyyənləşdirilib. Kitabələrin köməyi ilə çoxlu görkəmli şəxsiyyətin, o cümlədən Azərbaycan hökmdarlarının, orta əsrlər zamanı Əlincəçay mahalından çıxmış və ya orda yaşamış dövlət xadimlərinin, hərbiçi-sərkərdələrin, sufi təriqətləri rəhbərlərinin, kübar ailələrə məxsus bir sıra qadınların və başqa insanların adları, daşıdığı titullar, vəfat tarixləri, qəbirlərinin yeri və sair aşkar edilərək elmi dövriyyəyə daxil edilib.

Mahala daxil olan yaşayış məskənlərindən günümüzədək gəlib çatan, yerli sənətkarlar tərəfindən hazırlanan sənduqə və qoç heykəl tipli qəbirüstü xatirə abidələri orta əsrlər zamanı bu ərazidə daş üzərində işləmə-bədii daşyonma və xəttatlıq sənətinin inkişaf mərhələlərini izləməyə imkan verməklə bərabər, bu sənətlərin yüksək dərəcədə inkişaf etdiyini təsdiq edən çox sanballı qaynaqlardır ki, bu məlumatlar da yeni nəşrdə öz əksini tapıb.