Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
25 sentyabr 2020 13:00
603

Əlincəçay mahalına həsr edilmiş dəyərli əsər

          Kitabə mənasını verən epiqrafika əsasən qədim və orta əsrlərə aid yazıların toplanması, nəşri və şərhi ilə məşğul olan köməkçi tarix fənnidir. Vətən tarixinin hərtərəfli öyrənilməsində arxeologiya, etnoqrafiya, antropologiya, numizmatika, toponimika ilə yanaşı epiqrafikanın da çox mühüm əhəmiyyəti vardır. Bu elm sahəsi tədqiqatçıdan müxtəlif dilləri bilməklə yanaşı, həm də böyük iradə, işgüzarlıq və geniş dünyagörüş tələb edir. Bunların nəticəsidir ki, ölkəmizdə bu elm sahəsi ilə məşğul olanların sayı o qədər də çox deyildir. Vaxtı ilə Ə.Ələsgərzadə, M.Nemət, S.Kərimzadə və başqaları tariximizin öyrənilməsində epiqrafik abidələrə xüsusi əhəmiyyət vermiş, yüzlərlə tarixi fakt və hadisələrin dəqiqləşdirilməsində etnoqrafik abidələrin imkanlarından istifadə etmişlər.

          Hazırda respublikamızda epiqrafika ilə məşğul olan, bu sahəyə onlarla kitab, monoqrafiya və çoxsaylı elmi məqalələr həsr edən AMEA-nın müxbir üzvü, tanınmış epiqrafist alim Hacıfəxrəddin Səfərli tədqiqatları ilə diqqəti cəlb edir. Onun epiqrafikaya həsr edilmiş dərs vəsaiti ilk təcrübə olmaqla bu sahəyə maraq göstərən tələbə və müəllimlərin, tədqiqatçıların stolüstü kitabına çevrilmişdir. H.Səfərlinin 40 ildən artıq elmi fəaliyyətində Naxçıvan diyarının epiqrafik abidələrinin öyrənilməsi, araşdırılması mühüm yer tutur.

          Bu yaxınlarda professor Hacıfəxrəddin Səfərlinin “Əlincəçay mahalının epiqrafik abidələri” monoqrafiyası işıq üzü görmüşdür. Müəllifin özünün də qeyd etdiyi kimi, “əsərdə bölgənin qədim zamanlardan başlayaraq XX yüzilliyin ortalarınadək olan tarixinə qısa nəzər salınmış, ərazidəki epiqrafik abidələrin öyrənilməsi vəziyyəti, bu abidələrin təqdim etdiyi məlumatların Azərbaycanın orta əsrlər dövrü tarix və mədəniyyətinin öyrənilməsində əhəmiyyəti, tədqiq olunan kitabələr haqqında yığcam şəkildə ümumi məlumat verilmişdir”.

          Əlincəçay mahalının tarixinə diqqət yetirən müəllif ilk növbədə “Əlincə” sözünün etimoloji izahlarına nəzər yetirir və yekun olaraq Əlincə adının Əlincək tayfasının adı ilə əlaqəli olduğu qənaətinə gəlir. Burada “Culfa” sözünün etimologiyası da izah edilir və bunun sənət növləri ilə - əyiriçilik, toxuculuqla əlaqəli yarandığını göstərir.

          Məlumdur ki, Əlincəçay mahalı əlverişli coğrafi mövqedə yerləşdiyindən tranzit ticarət yolları bu ərazidən keçirdi. Belə bir əlverişli ərazi müxtəlif dövlətlərin maraq dairəsində olmuş və bu ərazini öz dövlətlərinin tərkiblərinə daxil etmişlər. Müxtəlif vaxtlarda Manna və Midiyanın, Atropatenanın, Sasanilərin tərkibində olan Əlincəçay ərazisi VII əsrdə bütün Naxçıvan ərazisi ilə birlikdə Ərəb xilafətinin tərkibinə keçmişdir. XII-XIII əsrlərdə Azərbaycan Atabəylər dövlətinin, daha sonra Hülakülərin tərkibinə qatılmışdır. Əlincəçay ərazisi bir neçə əsr ərzində Naxçıvan tüməninə aid olmuşdur. Daha sonra Səfəvilərin, 1588-1603 və 1724-1736-cı illərdə Osmanlı Türkiyəsinin hakimiyyətində olmuşdur. Səfəvilərin hakimiyyəti dövründə ərazi Əlincə nahiyəsi adını daşımış və XVI əsrin sonlarında 32 kənd və 8 mərkəzdən ibarət idi.

          XVIII əsrin ortalarından Naxçıvan xanlığının tərkibində olan Əlincəçay ərazisi, 1828-ci ildən Naxçıvan əyalətinin, 1840-cı ildən Naxçıvan qəzasının tərkibində olmuşdur.

          Naxçıvanda Sovet hakimiyyətinin yaradılmasından sonra Əlincəçay mahalı əsasında Əbrəqunus rayonu yaradılmış, 1930-cu ildə isə Culfa rayonu ilə birləşdirilmişdir. Sonrakı illərdə də inzibati-ərazi quruluşunda dəyişikliklər edilmişdir.

          Bütün bunlar bir daha onu təsdiq edir ki, Əlincəçay mahalı Naxçıvan diyarının mühüm və əlverişli ərazilərindən biri olmuşdur.

          Bu ərazi həm də maddi-mədəniyyət nümunələri ilə zəngin olan yaşayış məskənləri ilə diqqəti cəlb edir. Əlincəçay mahalı Əlincəqala və Əlincəçay Xanəgahı ilə daha çox məşhur olmuşdur. Əlincəçay mahalının təkcə bir kəndində - Gal kəndində 700-ə yaxın iki mərtəbəli evin və təsərrüfat tikililərinin xarabalıqlarının qalması bu ərazinin zəngin tarixi keçmişə malik olduğunu təsdiq edir. Ərazidə ticarət və sənətkarlığın da inkişaf səviyyəsi faktlarla təsdiq olunur. K.A.Nikitinin məlumatlarına görə Əlincəçay mahalından keçən Araz çayı üzərindəki körpülərdən XIX əsrin ortalarında ildə 80-90-dan çox karvan keçirdi. Həmin karvanların hərəsində 160 min manatadək dəyəri olan mallar yüklənmiş 100 və daha artıq dəvə və at olurdu.

          XX əsrin əvvəllərində - 1908-ci ildə İrəvan – Culfa dəmir yolunun çəkilməsi, Culfa şəhərinin Rusiya ilə İran arasında əsas ticarət məntəqəsi kimi əhəmiyyəti daha da artdı. Bu həm də imkan verdi ki, Naxçıvan bölgəsi ilə Azərbaycanın əsas ərazisi arasında birbaşa əlaqə yaransın.

          Kitabələrin tarix-mədəniyyət abidəsi kimi əhəmiyyəti, fakt və hadisələrin dəqiqləşdirilməsi üçün onların verdiyi imkanlar əvəzedilməzdir. Bu cəhətdən Əlincəqalanın şərq ətəyində yerləşən türbədə Cahanşahın adı çəkilən yeganə epiqrafik abidənin, Xanəgahda qeydə alınan kitabələrdə əhəmiyyətli məlumatların olması, Saltaq kəndində qeydə alınmış kitabədə Şeyx Heydər və Şah İsmayılla bağlı məlumatların olması və orta əsrlər zamanında Əlincəçay mahalında müxtəlif sufi cəmiyyətlərinə aid dərvişlərin fəaliyyət göstərmələri kitabələrdən bizə məlum olur. Epiqrafik abidələrdən məlum olur ki, Əlincəçay xanəgahı XIII-XIX əsrlərdə fəaliyyət göstərmiş, ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamış, burada yaşayan dərvişlər böyük nüfuz sahibi olmuş, hətda xalq hərəkatına rəhbərlik etmişlər.

          Monoqrafiyada 20-yə yaxın kənd və yaşayış yerlərində olan epiqrafik abidələr, onlardakı kitabələr, onların izahı və verdiyi məlumatlar təhlil edilir, əhəmiyyəti göstərilir.

          Ümumiyyətlə, Əlincəçay mahalı epiqrafik abidələrinin zənginliyinə görə muxtar respublikanın rayonları arasında əhəmiyyətli yer tutur. Əlincəçay mahalı hazırda Culfa rayonunun tərkibinə aiddir. Ərazidəki “Əshabi-Kəhf” ziyarətgahı nəinki Naxçıvan bölgəsində, bütövlükdə Azərbaycanda çox məşhurdur. Müəllif “Əshabi-Kəhf”dəki kitabələrdən bəhs etmiş, onların bir qisminin Qurani-Kərimin “Əl-Kəhf” surəsindən götürüldüyünü bildirir. Kitabələrin birində Heydərqulu xanın və onun oğlu Şükrulla xan Kəngərlinin adı və əməlləri haqqında bəhs edilir.

          Əlincəçay mahalında maddi-mədəniyyət nümunələri ilə zəngin olan kəndlərdən biri olan Xanəgah kəndi ərazisində Əlincəqalası, Xanəgah kompleksi, XVIII əsr məscidi və başqa abidələr mövcuddur. Bundan əlavə Xanəgah kəndinin ərazisində indiyədək orta əsrlər dövrünə aid bir neçə qəbristanlıq, memarlıq abidəsi, çoxlu epiqrafik kitabələri gəlib çatmışdır. Kompleksin əsasını təşkil edən türbənin giriş qapısındakı kitabədə əhəmiyyətli məlumatlar həkk edilmişdir: “Bu müqəddəs, mübarək türbənin tikilməsinə öz xüsusi malı hesabına əmir, isfəhsalar, hörmətli, qüdrətli, böyük alim, adil, dinin və dövlətin xoşbəxtliyi, islam və müsəlmanların gözəlliyi, hökmdarların və sultanların qılıncı, hər iki müqəddəs yerin şöhrəti, Həccə gedən zəvvarın və iki müqəddəs, mübarək məkanın dayağı Uluğ Qutluq Lələ bəy mübarək əs-Safvati-Allah ondan kölgəsini əsirgəməsin - əmr etdi. Bu imarətin memarı hörmətli və alicənab Xacə Cəmaləddindir...”.

          Türbənin giriş qapısının şərq tərəfində Qurani-Kərimin III surəsinin 18-19-cu ayələri, mehrabın tağının haşiyəsində 112-ci surə, giriş qapısının qərb tərəfində I surədən 5 ayə, mehrabın tağlarında isə dini xarakterli, hakimiyyətlə bağlı kitabələr həkk edilib.

          Türbənin içərisində bir qəbir vardır ki, həmin qəbrin Azərbaycanda geniş yayılan Hürufilik təliminin banisi Fəzlullah Nəimiyə aid olduğu deyilir.

          Türbənin müxtəlif yerlərində və şərq tərəfində aşkar edilən qəbirüstü tavalarda (onlar ağ mərmərdən hazırlanıb – İ.H.) onlarla kitabələr yerləşdirilib ki, bunlar da abidə və onun sahibləri, hurifilər haqqında maraqlı və əhəmiyyətli məlumatlar verir. Ümumiyyətlə, müəllif Xanəgah kompleksində aşkar etdiyi 30-a yaxın kitabədən bəhs etmiş, bunlar əsasında əhəmiyyətli faktları, tarixi hadisələri dəqiqləşdirə bilmişdir.

          Əlincəqala ölkəmizdə əyilməzlik simvolu kimi tanınır. Orta əsrlərdə bu qalanın müdafiə xarakteri artmış, qalaya sığınanları qorumuşdur. Qala Xanəgah kəndi ərazisində yerləşir. Qala üzərində 15-ə yaxın su hovuzu düzəldilmiş, bu isə qala müdafiəçilərini xilas edən əsas amillərdəndir. Qalanın tarixi, əhəmiyyəti, quruluşu haqqında geniş məlumat verən tədqiqatçı, son illərdə ona göstərilən qayğıdan və bərpasından da bəhs etmiş, qala ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirmişdir.

          Monoqrafiyada Qıtqın və Xorni yaşayış yerləri, buradan aşkar edilmiş kitabələr, həmin kitabələrə əsaslanaraq bu yaşayış yerlərinin ərazisi, tarixi, qəbirüstü xatirə abidələri haqqında məlumatlar verilmiş, müqayisələr aparılmış, yazılara aydınlıq gətirilmişdir. Qıtqın yaşayış yerinin IX-XVII əsrlərə, Xorni yaşayış yerinin isə e.ə. IV-III minillikdən başlayaraq XX əsrin əvvəllərinə qədər olduğu aşkar edilmişdir.

          Əlincə mahalının tarixi abidələri ilə diqqəti cəlb edən kəndlərindən biri Gülüstan kəndidir. Kənddə el arasında “kəsik günbəz” kimi tanınan Gülüstan türbəsi XII əsrin sonlarında inşa olunmuş, onun daşda yonulmuş naxışları daha incə və zərifdir. Bu abidənin sərdabəsi yerin altında deyil, üstündə-kürsülüyündə yerləşdirilmişdir. Türbənin on iki üzlü gövdəsinin səthi ornamentlərlə bəzədilmiş dekorativ tağlarla çərçivələnmişdir. Son illərdə türbəyə ikinci həyat verilmiş, o yüksək səviyyədə bərpa edilmişdir.

          Tədqiqatçı Əlincə mahalının Saltaq, Camaldın, Qazançı, Milax, Ərəfsə, Bənəniyar, Kırna və başqa kəndlərin ərazilərində olan maddi-mədəniyyət abidələrini tədqiq etmiş, yeni kitabələr aşkar etmiş, onların məna və mahiyyətindən bəhs etmişdir. Camaldın kəndindən əldə edilmiş maddi-mədəniyyət nümunələri təsdiq edir ki, insanlar bu ərazidə təxminən 50 min il bundan əvvəl yaşamağa başlamışlar. Kəndin ərazisində XII-XVII əsrlərə aid yaşayış yeri də aşkar edilmişdir. Kəndin şimal-şərq tərəfində yerləşən qəbiristanlıqda vaxtilə çoxlu daş qoç və qoyun fiquru, sənduqə və başdaşı tipli qəbirüstü xatirə abidələri də olmuşdur. Alimin aşkar etdiyi kitabədə bir mərhum haqqında məlumat verilir: “Allahın mərhəmətinə, himayəsinə, köməyinə möhtac Bəkirin vəfatı – daima Allahın rəhməti (olsun). 1114-cü ilin zilhiccə ayında” (Miladi tarixlə 1703-cü il- red.). Başqa bir kitabədə də Mir İbadın vəfat tarixindən bəhs edilir.

          Saltaq kənd məscidində aşkar edilmiş kitabə haqqında məlumat verən müəllifin qənaətincə kitabə məscidə başqa yerdən, güman edilir ki, Əlincəqaladan gətirilmişdir. Muxtar respublika ərazisində müsəlman kitabələri içərisində Şeyx Heydərin və oğlu Şah İsmayılın adı qeyd olunan ilk epiqrafik sənəd aşkar edilmişdir. Həmin sənədə əsasən demək olar ki, Naxçıvan bölgəsi Səfəvi hökmdarlarının diqqət mərkəzində olmuşdur.

          Ləkətağ kəndi ərazisindən aşkar edilmiş iki ədəd başdaşı tipli xatirə abidəsi üzərindəki kitabələrdən iki nəfərin – İman və Həmidin vəfat tarixi (1907-ci il) göstərilmişdir. Kənd ərazisindən keçən Əlincəçayın üzərində XVI əsrin sonuna aid edilən bir aşırımlı körpü və “Qırxlar piri” adlanan ziyarətgah da vardır. Körpü Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2019-cu ildə bərpa edilmişdir. Qeyd etməliyik ki, Qazançı körpüsü də (“Qozbel körpü”) yüksək səviyyədə bərpa olunaraq əvvəlki görkəminə qaytarılmışdır.

          Naxçıvan diyarının başqa yerlərində olduğu kimi, Əlincə mahalının yaşayış yerlərində, kənd ərazilərində, qəbristanlıqlarında çoxsaylı qoç və qoyun heykəlləri, onlar üzərində isə müxtəlif xarakterli kitabələr olmuşdur. Təəssüf ediləsi haldır ki, Sovetlər birliyi dövründə XIX əsrin 20-ci illərindən Naxçıvan bölgəsinə köçürülən ermənilər bu mədəniyyət nümunələrinə də vandalcasına yanaşmış, əllərinə düşən fürsətdən istifadə edərək bunların böyük əksəriyyətinin aradan çıxarılmasına, yaxud məhv edilməsinə nail olmuşlar. Tədqiqat işində qoç və qoyun heykəllərindəki kitabələrə, işarələrə, bəzəklərə də diqqət yetirilmiş, onlar haqqında dəyərli fikir və mülahizələr söylənilmişdir.

          Tədqiqatçının araşdırmaları ilə sübut olunur ki, Əlincəçay mahalı ölkəmizin inkişaf etmiş bölgələrindən biri olmuşdur. Qeyd olunan monoqrafiyada gətirilən faktlar, söylənilən fikirlər, aparılan təhlillər bunu bir daha təsdiq edir. Kitabın sonunda verilmiş tarix və mədəniyyət abidələrinə aid şəkillər, müxtəlif xarakterli kitabələr, xatirə abidələrindən verilmiş nümunələr, söylənmiş alimin apardığı araşdırmaların əhəmiyyətini daha da artırmış olur.

          AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Hacıfəxrəddin Səfərli Əlincəçay mahalının epiqrafik abidələrini tədqiq etməklə Vətən tariximizi zənginləşdirmiş, bir sıra qaranlıq məsələlərə aydınlıq gətirmişdir. Fikrimizcə, çox zəngin epiqrafik materiallar əsasında gərgin əmək hesabına hazırlanaraq elmi dövriyyəyə daxil edilmiş “Əlincəçay mahalının epiqrafik abidələri” adlı monoqrafiya AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlinin böyük uğurudur. Müəllifi uğurlu tədqiqat işinə görə təbrik edir, bundan sonrakı elmi, təşkilati və ictimai fəaliyyətində ona daha böyük uğurlar arzulayırıq.

İsmayıl Hacıyev

AMEA Naxçıvan Bölməsinin

sədri, akademik