11 yanvar 2019 20:03
1625

Əli Kərimlinin həyat amalı: PUL, PUL, yenə də PUL...

Siyasi kampaniyalar zamanı biri- birinə düşmən kəsilən AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı, dönüklərdən olan Gültəkin Hacıbəyli, “hüquq müdafiəçisi” Qurban Məmmədov kimiləri qrant qoxusunu alan kimi  xəyanət süfrəsinin lap başında yer almaq üçün agent şəbəkəsində birləşir, mənəviyyatlarını belə xırıd edirlər. Siyahını uzatmaq da olar.

Öz mənafeləri  naminə  Azərbaycanı gözdən salmaqla məşğul olan Əli Kərimlinin “miqrant alveri”ndən bəhrələnənlər,  havadarlarının əlinə, cibinə  möhtac olaraq yadların  haram süfrəsinin   artıqları  ilə qarınlarını doyuranlar kimisə   təhqir edib, söyüş söyəndə əslində qarşısındakına öz ünvanlarını bildirir, əsil-nəcabətini,  tərbiyə və əxlaqını təqdim edirlər.   Vətənini  bir qarın çörəyə satan Orduxan Bəbirov,  Vidadi İsgəndərli, Qənimət Zahid, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Rafail Piriyev, Leyla Yunus, Sevinc Osmanqızı... mənəviyyatlarını itirən büqələmunlardır.

“Meydan TV”də, “Kanal Turan”da, “Azadlıq”da    toplaşan,  etik normalara sığmayan davranışları ilə  mənəvi çirkinliklərini ortaya qoyan  “söyüş şəbəkəsi” tör-töküntülərinin “Azərbaycan, xalqım” ifadəsini yad tikələrdən  murdarlanmış ağızlarına alıb, Vətən kəlməsini çirkləndirməyə haqları yoxdur. Fərari kimi diyar-diyar gəzərək bir gün  almanın “brot”undan, ertəsi gün ingilisin “bread”dından dadan bu əqidəsizləri, insanlığa yaraşmayan simasızları heç bir azərbaycanlı həmyerli kimi qəbul etmir. Ən böyük günahın Vətənə  xəyanət olduğunu bilsələr də  vicdanlarını yadellilərə satanların ən böyük  cəzası elə  vətənsizlikdir. Ətrafına  toplaşanlara daim yuxarıdan aşağı baxmaqla onları  çirkin xəyanətlərinə alət edən Əli Kərimlinin  “demokratiya axtarışı ilə” tez-tez xarici dəstəkçilərinə müraciəst etməsi, onlarda  Azərbaycan “siyasi məhbus”ların olması barədə fikir  formalaşdırması  mənəvi   köləlikdir.

Bəzən bir ölkədə yaşasaq da bizim tanımadığımız adamlara elə yerlərdən  “dəstək göstərilir” ki, lap məəttəl qalırsan. Təbii ki,  siyasi məqsədlər naminə göstərilən belə “bələd olmaların, səmimiyyətin” arxasında Əli Kərimli amili dayanır.  Məsələn,  keçmiş “hüquq müdafiəçisi”, Əli Kərimlinin çətiri altında müdafiə olunan Leyla Yunusun almaniyalı “həmkarı” K.Ştrasserə  göndərdiyi saxta siyahıda adları çəkilən “ siyasi məhbus”lar ölkədən kənarda  yaxşı tanınırdılar. AXCP sədri Əli Kərimlinin planına uyğun Musalı qəbiristanlığında törədilən iğtişaşların  iştirakçısı, “Real” hərəkatının rəhbəri İlqar Məmmədlini Avropa Parlamenti müdafiə edir.  Qanunsuz sahibkarlıq fəaliyyətinə,  vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, vergidən yayınma,  xuliqanlıq hərəkətlərinə görə  məsuliyyətə cəlb olunan “REAL”ın icra katibi Natiq Cəfərovun  “müdafiəçisi” isə ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner olmuşdu.

Bu günlərdə daha bir “dəstəkçi səsini qaldırıb.” Üç aydan artıqdır ki, “sarı jiletlilərin” əlində  əsir-yesir olan,  öz vətəndaşlarının hüquqlarını qorumaqda aciz qalan Fransa aclıq etmədiyi  hüquq müdafiəçiləri, yaxınları tərəfindən təsdiqlənən Mehman Hüseynovla bağlı bəyanat  yayır. Halbuki Fransada “sarı jiletlilər”in pozulan hüquqları  Avropanın  “demokratiyaya sadiqliyini” göstərdi. 17 noyabr 2018-ci ildən etibarən “sarı jiletlilər”in keçirdiyi aksiyalarda 5600 nəfər saxlanılıb, 1000-dən çoxu həbs edilib. Aksiyalarda 10 nəfər ölüb, 1000-dən çox insan isə yaralanıb. Etirazçılara sözün əsl mənasında fiziki xəsarət yetirən  Fransa hökuməti isə icazəsiz mitinq keçirənlərə qarşı qanun hazırlayır. Əksinə,  Azərbaycanda icazəli mitinqlərin keçirilməsi üçün yerlər müəyyənləşdirilir, nümayişçilərin hüquqları, aksiyaların təhlükəsizliyi   asayiş keşikçiləri tərəfindən qorunur.  Deyən lazımdır ki,  ay özünə umac ova bilməyib, başqasına əriştə kəsmək  niyyətində olanlar, əvvəlcə  gözünüzün qabağında olan hadisələri araşdırın, özünüzə kənardan diqqət yetirin,  sonra dumanlanan başınızı başqa səmtlərə  döndərin. Yüzlərlə etirazçını həbs edib, polis dəyənəyinin altına salan, nümayişçilərə qarşı  gözyaşardıcı qazlardan istifadə edən  “ədalət” carçılarının Azərbaycanın daxili işlərinə qarışmağa  səlahiyyətləri çatmır. İllərdən bəri saxta, əsası olmayan böhtanları Avropaya, Qərbə “ixrac edən” Əli Kərimli Mehman Hüseynovu  Fransada “ məşhurlaşdırıb” ki, bəlkə  Azərbaycana qarşı  qarayaxma  kampaniyasına görə  Makrondan, Fransada  çoxluq təşkil edən erməni lobbisindən də bəhrələnsin. Qəribədir ki, öz ölkələrində hər addımda  tapdalanan demokratik dəyərləri görməyərək Azərbaycanda demokratiya axtaranlar elə ən çox insan haqqlarını pozanlardır.

Daha bir misal. İspaniyada katalonların etirazları qanla yatırıldı. Hüquqlarını müdafiə edən 1000-ə yaxın dinc sakin yaralandı.  Böyük Britaniyada  baş verən kütləvi iğtişaşları, Fransada su bəndinin tikintisinə etiraz edən nümayişçilərin döyülməsi, Ştutqartda (Almaniya) 400 nəfər nümayişçinin vəhşicəsinə döyülməsi, qitə dövlətlərində  jurnalistlərin ciddi təzyiqlərə məruz qalması Azərbaycanda  demokratiya axtaranlar tərəfindən məqbul  hesab edildi. “Bütün müsəlmanları öldürün” şüarını hələ də qüvvədə saxlayan  Avropa ölkələrində miqrantlara  qarşı  törədilən qeyri-insanı rəftarı, təzyiq və   təhqirləri də  əlavə etsək kimin kim olduğu  aydınlaşar. Bəla burasındadır ki,  demokratiyanı ayaq altına salanlardan  “demokratik dəstək” dilənən Əli Kərimli bunlardan xəbərdardır. Amma ağaları kimi  Əli Kərimlinin də siyasi korluğu, pula hərisliyi həqiqəti görməyə imkan vermir.  Buna görə də  Əli Kərimlini  elə düşərgədə də  araqarışdıran, maxinator, siyasətdə piyada  fiqur  kimi tanıyırlar.

Bir sözlə,  Sədi Şirazinin “Tədbirləri baş tutmayanda  düşmən dostluq fikrinə düşər və dostluqda elə işlər görər ki, onu heç bir düşmən bacarmaz” sözlərində Əli Kərimlinin həyat amalının,  məkrli planlarının cizgiləri tam əksini tapıb.

Xuraman İsmayılqızı, “İki sahil”