KÖŞƏ

Mənsumə Babayeva

Əli Kərimli ilə Arif Hacılı arasında “mitinq savaşı”

03 aprel 2019 10:42
438

Bu gün Azərbaycan özünün sürətli inkişaf dövrünü yaşayır və qarşıdakı illər üçün əsas hədəfi daha da inkişaf etmiş ölkələr sırasında addımlamaqdır. Həyata keçirilən siyasətin mərkəzində vətəndaşlarımızın rifahı, milli maraqlarımızın təmin olunması və müstəqil dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsi kimi mühüm amillər dayanır. Xalq Prezidentinə, onun həyata keçirdiyi siyasətə inanır və dəstəkləyir.

Lakin ölkəmizin bu cür inkişafını həzm edə bilməyən bəzi dairələr var ki, onlar öz ermənipərəst mövqeləri ilə uğurlarımıza kölgə salmağa çalışırlar. Heç bir əsası olmayan, yersiz mitinqlər təşkil etməklə özlərini biabır edirlər. Hər kəsə açıq-aydın məlumdur ki, radikal müxalifətin hər hansı mitinq və ya aksiya keçirməsi üçün ortada nə iqtisadi, nə sosial, nə də mənəvi amilləri yoxdur. Ona görə də bütövlükdə ölkə ictimaiyyəti tərəfindən müxalifətin mitinq keçirmək istəyi normal qəbul edilmir. Xalqın yekdil rəyi belədir ki, bu cür yersiz mitinqlərin, ümumiyyətlə, heç mənası yoxdur. Mitinqlərin heç bir mənası olmadığını, heç bir işə yaramadığını anlayan cılız müxalifət bunu bilə-bilə yenə də öz çirkin əməllərindən əl çəkmir. Sadəcə olaraq onların bunu təşkil etməkdə yeganə məqsədi xaricdəki “dayılarından” qəpik-quruş əldə etməkdir. 

Son günlər müxalifət deyilən dağıdıcı düşərgə təmsilçiləri yenə də mitinq keçirmək sevdasına düşüblər. Budəfəki mitinqlərini “Milli Şura”nın aprelin 6-da, Müsavatın isə aprelin 7-də mitinq təyin etməsi qərarı Əli Kərimli ilə Arif Hacılı arasında əməlli-başlı qarşıdurma yaradıb. Əlbəttə ki, “Milli Şura”nın bu addımı Müsavat Partiyasında birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə iki partiyanın aparıcı şəxsləri və üzvləri arasında böyük “mitinq savaş”ı başlayıb. Satqınlıq və bölücülük prizmasında gedən mübahisələr çərçivəsində yazılmış statuslar AXCP və Müsavat sədrlərinin dəst-xəttini açıq şəkildə ortaya qoyur. Məsələn, AXCP-nin mətbuat katibi Natiq Adilovun statusunun Əli Kərimli tərəfindən yazılması heç kəsdə şübhə doğurmadı və Müsavat birbaşa bölücülükdə ittiham olundu. Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı, həmçinin Mustafa Hacıbəyli isə Arif Hacılının tezisləri əsasında yazdıqları statuslarda AXCP-ni mətnaltı olaraq satqınlıqda ittiham etdilər. Bir sözlə, Müsavat və AXCP arasında “mitinq savaşı” getdikcə böyüyür. Kimin satqın və bölücü olmasını isə sosial şəbəkələrdə həmin partiyaların nümayəndələri detallı şəkildə açıqlayırlar.

Artıq dağıdıcı müxalifət birdəfəlik bir reallığı anlamalıdır ki, Azərbaycan cəmiyyəti mənəvi dəyərlərini itirmiş insanların arxasınca getməyəcək. Özünü “Milli Şura” adlandıran quruma daxil olan bir sıra dağıdıcı müxalifət partiya və birliklərinin yanvarın 19-da keçirdikləri mitinq göstərdi ki, Azərbaycan cəmiyyəti belə mənəviyyatsız və əxlaqsızları çoxdan tarixin zibilliyinə atıb. Bu rəzillər zaman-zaman ölkəmizdə sərbəst toplaşmaq hüququnun əngəllənməsindən danışıblar. Nəticə isə biabırçılıqla bitib. Belə olan halda, istər “Milli Şura”nın, istərsə də Müsavatın mitinq tribunasına çıxacaq isimlər kimi, həmin aksiyadakı tələblərin miqdarı da artıq heç kim üçün maraqlı deyil.