12 sentyabr 2019 10:36
116

Əli Həsənov əqidəli və sadiq dövlət xadimidir

Yazıçı Murad Köhnəqala sosial şəbəkələrdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisinə edilən hücumlara münasibət bildirib

Son vaxtlar sosial şəbəkələrdə hakimiyyət nümayəndələrinə qarşı virtual hücumlar edilir, onlar haqqında əsassız və reallıqdan uzaq fikirlər səsləndirilir. Sosial şəbəkələr üzərindən reallaşdırılan qarayaxma kampaniyaları zamanı şəxsi nüfuzun ləkələnməsi ilə yanaşı, dövlətin etibarını zədələmək də əsas məqsəd kimi ortaya qoyulur. Doğrudur, bu cür “qara piar” kampaniyası ictimaiyyət tərəfindən ciddi qəbul edilməsə də, ikrah doğurması inkar olunmur. Bu cür virtual hücumların ən çox edildiyi şəxs isə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur. Əli Həsənovun Azərbaycan Respublikasının maraqlarını güzəşt yeri qoymadan müdafiə etməsi, dövlətin və xalqın mənafeyinin ziddinə olan fəaliyyət göstərən qrupları, dəstələri ifşa etməsi onu həmin virtual hücumların əsas hədəfinə çevirib. Məhz bu səbəbdən də sosial şəbəkələrdə iştirak edən ziyalı insanlar, ictimaiyyət bu cür əsassız hücumlara sərt reaksiya verir, məsələlərə ayrı-ayrılıqda qiymət verirlər. Təbii ki, bu cür reaksiyalarda anti-Azərbaycan təbliğat şəbəkəsinin üzvlərinin tənqidi əsas yer tutur. Bu mənada yazıçı Murad Köhnəqalanın Əli Həsənova edilən virtual hücumlarla bağlı “facebook”dakı münasibəti də istisna təşkil etmir.

Murad Köhnəqala “Facebook” hesabında yazıb: “İnternet mediada Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov haqqında bir sıra xoşagəlməz yazılara rast gəldim. Sağlam, etik tənqiddən uzaq, yalnız ləkələməyə, nüfuzdan salmağa hesablanmış bu əməlləri kim(lər) həyata keçirir, bilmirəm. Amma bildiyim bir neçə məsələni yazmaq istəyirəm.

Mənim cənab Əli Həsənovla şəxsi tanışlığım olmadığına görə əmin olun, burada yazdıqlarımın bəzilərinin düşündüyü kimi, mənə mənzil verilməsi ilə heç bir əlaqəsi yoxdur. Hamınıza məlumdur ki, həmin məsələ tanınmış ictimaiyyət nümayəndələrinin cənab Prezidentə müraciəti əsasında həll olunub. Ona görə bu fikirləri tamamilə obyektiv və səmimi mövqeyim kimi qəbul edin.

Əli Həsənov ölkənin milli maraqlarını hər cür şəxsi və qrup maraqlarından üstün tutan əqidəli və sadiq dövlət xadimidir. O, eyni zamanda, dahi Heydər Əliyevdən dərs almış təcrübəli kadr və peşəkar siyasətçidir.

İstənilən dövlətin idarəetmə strukturunda Əli Həsənov kimi beş-altı şəxs olsa, həmin ölkədə daim daxili sabitlik, sakitlik, qonşularla heç vaxt gərgin olmayan diplomatik münasibətlər davam edər. Əli Həsənovun gərgin situasiyalarda emosiyaya qapılmayan, provakasiyaya uymayan soyuq təmkini, hər bir çətin vəziyyətdən zərərsiz çıxmağı bacaran əsl siyasətçi məntiqi var.

Ümumiyyətlə, ölkəsinin inkişafını özünün fəaliyət prinsipinə çevirmiş uğurlu bir dövlət adamı üçün ən vacib keyfiyətlər bunlardır:

- Praqmatik və çevik zəka,

- Siyasi ayıqlıq,

- Dövlətə və dövlətçiliyə sədaqət,

- Milli maraqlarda güzəştsizlik.

Bu xüsusiyyətlərin hamısı Əli Həsənovun portretini müəyyənləşdirən cizgilərdir.

Belə dəyərli dövlət adamları təmsil etdikləri xalqın mənəvi sərvəti hesab olunur.

Və bu cür şəxsiyyətlərə bilərəkdən qara yaxmaq, nüfuzlarına xələl gətirmək cəhdləri yalnız və yalnız bu ölkənin yaxşılığını istəməyən qüvvələrə lazım ola bilər. Həmin qüvvələr satın ala bilmədikləri yüksək çinli dövlət məmurlarını namərd yollarla “vurmağa” çalışırlar. Sözüm sadəlövhcəsinə belə çirkin oyunlara alət olan sadə vətəndaşlaradır.

Dövlət xadimi həm də dövlətin simvolu sayılır. Dövlət xadiminə qarşı tərbiyəsiz davranış dövlətə, dolayısı ilə Vətənə hörmətsizlik deməkdir. Dövlətinə hörmətsizlik edən kəslər isə bütün mənəvi ucalıqlardan yıxılıb ölmüş adamlardır. Bu siyasi meyitlərə inanmayın. Bilin ki, onlar sizə sosial şəbəkə tilovlarındakı yem kimi baxırlar”.

Göründüyü kimi, yazıçı sosial şəbəkələrdə aparılan çirkin oyunların və qarayaxma kampaniyalarının əsl mahiyyətini açıb göstərib. O, ziyalı kimi anti-Azərbaycan şəbəkəsinin manipulyasiyalarına uymamağı, yalana inanmamağı məqsədəuyğun hesab edir.

Zamin Mammədov,

“İki sahil”