18 sentyabr 2019 12:56
164

Əli Əhmədov: Azərbaycan hökumətinin əsas məqsədi gənc nəslin arzuladığı cəmiyyəti onlara təqdim etməkdir

“Bu gün ölkəmizdə təhsilin inkişafına əhəmiyyətli yer verilməsi, bu sahədə genişmiqyaslı islahatların həyata keçirilməsi Azərbaycanın uğurlu gələcəyinin təminatına xidmət göstərir. “Ən yaxşı təqdimat” inşa-yazı müsabiqəsinin əhəmiyyəti də ondan ibarətdir ki, bu müsabiqə Ulu Öndər Heydər Əliyevin zəngin irsinin mənimsənilməsi, gənclərin dövlətçilik məfkurəsinin formalaşması baxımından əhəmiyyətli rol oynayır”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov məktəblilər arasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” inşa-yazı müsabiqəsinin qalibi olaraq ali məktəblərə qəbul olunmuş və Yeni Azərbaycan Partiyasının təqaüdünü alan bir qrup tələbə ilə görüşündə deyib.

Yeni Azərbaycan Partiyasının müxtəlif layihələr həyata keçirildiyini deyən YAP Sədrinin müavini qeyd edib ki, ən əhəmiyyətli layihələrdən biri də məhz bu müsabiqədir. Onun sözlərinə görə, müsabiqənin qalibi olan və ali məktəblərə qəbul olunan tələbələrə partiyamız tərəfindən təqaüd verilir: “Həmin tələbələrdən bir çoxu artıq ali təhsillərini başa vurublar, hazırda da xeyli sayda təqaüd alanlar var. Bu il isə həmin müsabiqənin qaliblərindən olan gənclərdən təxminən 40 nəfərə yaxını  ali məktəblərə qəbul olunduğu üçün YAP-ın təqaüdünü alacaqlar. Bundan sonra da hər il keçirilən  müsabiqədə qalib gələn şagirdlər gələcəkdə ali məktəbə qəbul olunarsa, onlar dördillik təhsil müddətində YAP-ın təqaüdünü alacaqlar. Bu görüş həmin gənclərlə bir tərəfdən onların təhsili ilə maraqlanmaq məqsədi daşıyır, digər tərəfdən isə bizim onlara münasibətimiz sadəcə təqaüdün verilməsindən ibarət deyil. Daim bu gəncləri  diqqətdə saxlayırıq, təhsilləri ilə, eləcə də təhsil aldıqdan sonrakı həyatı ilə  maraqlanırıq”.

Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycan hökumətinin əsas məqsədi gənc nəslin arzuladığı cəmiyyəti onlara təqdim etməkdir. Bu ümumi məqsədə nail olmaq üçün var gücümüzlə çalışırıq. “Bunun üçün də gənc nəslin daha yaxşı təhsil alması və zəngin biliklərə yiyələnməsi tələb olunur. Yaxşı yaşamağın, cəmiyyətin layiqli vətəndaşı olmağın yeganə yolu zəngin, etibarlı, dərin biliklərə yiyələnməkdir. Ölkədə gənclərin yaxşı təhsilə sahib olmaları üçün bütün imkanlar yaradılıb. Son illər Azərbaycanda təhsil sahəsində böyük islahatlar həyata keçirilir. İnanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq olacaq. Çünki bu parlaq gələcəyi yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz yetişib. Onlar gələcəkdə Ulu Öndər Heydər Əliyevin ideyalarını, eləcə də Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirləri layiqincə davam etdirmək potensialına malikdirlər”-deyə, YAP Sədrinin müavini vurğulayıb.