06 avqust 2019 10:39
429

Əldə olunan uğurlar, qarşıdakı hədəflər...

Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirə bir daha əldə olunan uğurların fonunda qarşıdakı dövr üçün proqnozların müəyyənləşdirilməsinə əsas verdi. “İlin əvvəlində qarşımıza qoyduğumuz vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur.

Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir” söyləyən cənab İlham Əliyev bu uğurlara yol açan məqamlara diqqəti yönəltmişdir: “Bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul edilib. Bu çox genişmiqyaslı proqramdır. Baxmayaraq ki, son illərdə infrastruktur layihələri ilə bağlı bir çox işlər görülmüşdür, bu günə qədər həllini tapmayan məsələlər də bu proqramın icrası nəticəsində öz həllini tapacaq. Bildiyiniz kimi, bu sahə bizim üçün prioritet sahədir. Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülüb və gözəl nəticələr var.”

Azərbaycanda qazlaşdırmanın səviyyəsinin 96 faizə yaxınlaşdığını xüsusi qeyd edən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, nadir ölkələrdə bu qədər qazlaşdırma aparılır. Təbii ki, bunu şərtləndirən amillər mövcuddur. Dünyanın enerji təhlükəsizliyinin tminatçısına çevrilən Azərbaycan özünün enerji təminatını yüksək səviyyədə ödəyir. Elektrik enerjisi ilə bağlı böyük generasiya gücləri yaradılıb. Azərbaycan bu baxımdan da ön sıralardadır. Bu hədəf də açıqlanır ki, cari ildə mövcud stansiyalarda aparılan yenidənqurma işləri nəticəsində əlavə generasiya gücü əldə ediləcək.

İnfrastruktur layihələri sırasında içməli su təminatı da əsas yer tutur. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində bu sahədə də qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olunub. “Bütün bölgələrimizdə içməli su layihələri icra edilir və bu il də bir neçə şəhərin içməli su problemi həll olunacaq” söyləyən dövlətimizin başçısı bu rəqəmi də açıqlayır ki, hər il təxminən 100 min hektar torpağın suvarılması ya yaxşılaşır, ya da suvarılmayan torpaqlara su çəkilir.

Nəzərə alsaq ki, bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafı prioritetdir, biznes mühiti üçün beynəlxalq standartlara cavab verən, təkmil infrastrukturun mövcudluğu əsas şərtdir. Müşavirədə də qeyd olunmuşdur ki, infrastruktur layihələrinin icrasının davam etdirilməsi regional proqramın əsas məqsədlərindən biridir. Elektrik, qaz təchizatı, yolların, xüsusilə kənd yollarının çəkilməsi bölgələrdəki vəziyyəti köklü şəkildə dəyişib. Artıq bu gün böyük inamla qeyd edirik ki, bütün kəndlərimiz, qəsəbələrimiz inkişaf dövrünü yaşayır. Ən ucqar kəndlərimizin yolları belə müasir tələblərə uyğun qurulub, sosial-iqtisadi inkişafdan geri qalmayıb. Bu da həm əhalinin rifahının yaxşılaşmasına, həm də iqtisadiyyatın inkişafına çox müsbət təsir göstərib. Bu gün uğurla icra edilən özünüməşğulluq proqramını stimullaşdıran amillər sırasında infrastrukturun tələblərə uyğun qurulmasıdır. Ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi məqsədilə “ABAD” mərkəzlərinin fəaliyyətə başlaması və coğrafiyasını genişləndirməsi də bu amilə söykənir.

Regionların sosial-iqtisadi inkişafı proqramlarının əsas məqsədlərindən biri də sosial sahədə layihələrin həyata keçirilməsidir. 3 mindən çox məktəb yenidən tikilib və ya əsaslı şəkildə təmir olunub. Son illərin mühüm layihələri sırasında modul tipli məktəblərin tikintisi əsas yer tutur ki, bunlar da ilk növbədə kiçik kəndlərdə, ucqar regionlarda yerləşən kənd məktəblərini əhatə edir. Təbii ki, əsas məqsəd insanların rahat yaşayışını təmin etmək, onların bütün ehtiyaclarını ödəməkdir.

Göründüyü kimi, atılan bu addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstəkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Həmçinin son illərdə dövlətimizin başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur. “Kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir” söyləyən ölkə Prezidenti bildirir ki, ən müasir texnologiyalar tətbiq edilməlidir. Xarici mütəxəssislər cəlb edilməlidir.  

Cənab İlham Əliyev bunu da bildirir ki, bu il kənd təsərrüfatı ilə bağlı bir çox önəmli tədbirlər həyata keçirilmişdir: “Kənd təsərrüfatında da rekord göstərici əldə edilib. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır. Yəni bu onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək.”

Ölkə Prezidenti bu çağırışı da edir ki, çalışmalıyıq öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək. Təbii ki, rayonlar üzrə aparılan ixtisaslaşma, dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə həmin sahələrin inkişafına dair müşavirələrin keçirilməsi, prioritetlərin açıqlanması qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olacağımıza əsas yaradır. Əsas hədəflərdən biri  ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkələr sırasında görməkdir. İşsizlik və məşğulluq probleminin həlli istiqamətində atılan addımların nəticəsidir ki, bu gün işsizliyin səviyyəsi 5 faizdir. Yoxsulluq da 5 faiz səviyyəsindədir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında  Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. “Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurumuruq” söyləyən ölkə Prezidenti İlham Əliyev, eyni zamanda bildirir ki, əlbəttə, belə fikirlər ortaya qoyulanda həm bizi daha da sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır.

Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır və 32 pillə irəliləyərək 25-ci yerdədir. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan müşavirədə bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir: “Əminəm ki, bizim yerimiz daha da irəliləyəcək. Çünki bu sahəyə doğrudan da çox böyük investisiyalar qoyulur və bundan sonra da qoyulacaq. Yol tikintisi də Azərbaycanda geniş vüsət alıb. Son 15 il ərzində 15 min kilometr yol çəkilib. Bu il də kənd yollarının, şəhərlərarası yolların çəkilişi nəzərdə tutulur. Təxminən min kilometrə yaxın yolun çəkilişi nəzərdə tutulur. Məndə olan məlumata görə, altı ayda təxminən 400 kilometrə yaxın avtomobil yolu çəkilib. Bu, demək olar ki, Azərbaycanda yol infrastrukturunun tamamilə yenilənməsinə gətirib çıxardı.”

İnfrastrukturun yenilənməsi qarşıya mühüm vəzifə kimi qoyulan “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” tezisinin gerçəkləşdirilməsində də əsas rol oynayır. Özəl bölmənin əsas sahələrindən olan aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki, yaradılmaqda olan aqroparklar ixrac potensialımızı böyük dərəcədə artıracaq. Aqroparkların yaradılması ən müasir təcrübə kimi dəyərləndirilir. Aqroparkda fermer artıq  satışın təşkili, saxlanma, təkrar istehsal kimi məsələlərdən azad olur. Bu rəqəmlər də açıqlanır ki, dövlət ancaq infrastruktur layihələrinə 200 milyon manatdan çox investisiya qoyub, sahibkarlara 100 milyon manatdan çox güzəştli şərtlərlə kreditlər verib. Ölkə üzrə 45 aqroparkın yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, son illərdə əksər kənd təsərrüfatı məhsulunun istehsal həcminin artım tempi ölkədə kənd əhalisinin sayının artım tempini dəfələrlə üstələyib. Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir. Sözsüz ki, müsbət göstəricilərimiz verilən tapşırıqlar və onların icrası nəticəsində mümkün olmuşdur. “Əgər biz oturub gözləsəydik ki, kimsə gəlib bunu bizim əvəzimizə edəcək, hansısa investor gəlib pul qoyacaq, bunların heç biri mümkün olmazdı” söyləyən dövlətimizin başçısı bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafının bütün dövrlər üçün aktual olduğunu bildirir. Ölkəmizdə keçirilən biznes forumlar, həmçinin ölkə Prezidentinin bu və ya digər xarici ölkəyə səfəri zamanı iş adamları ilə görüşləri iqtisadi imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır. Əvvəldə də qeyd etdiyimiz kimi, ölkədə sabitliyin, eyni zamanda, normal biznes mühitinin mövcudluğunun nəticəsidir ki, son 15 ildən artıq dövrdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub ki, bunun böyük əksəriyyətini xarici investisiyalar təşkil edir.

Ümumiləşdirmə aparsaq, ölkə iqtisadiyyatında rəqabətqabiliyyətli qeyri-neft sektorunun, aqrar sahənin inkişafına nail olmaq əsas hədəflərdəndir. Hədəfə çatmaq üçün qeyri-neft sənayesi və kənd təsərrüfatı inkişaf etdirilir, dövlət dəstəyi artırılır, iqtisadi zonalar, sənaye parkları yaradılır, inzibati prosedurlar sadələşdirilir. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən cənab İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir.

Yeganə Əliyeva, “İki sahil”