24 aprel 2019 10:49
193

Eldar Əzizov: Hələ də bəzi neqativ hallar mövcuddur

Bakı Şəhər İcra Hakimiyyətində aparatın və struktura daxil təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə iş forma və metodlarına, eləcə də neqativ hallar və korrupsiyaya ilə mübarizə məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.

“İki sahil” xəbər verir ki, müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının apardığı çoxşaxəli islahatların bir çox neqativ halların qarşısını aldığını və bu sahələrdə şəffaflığın təmin olunduğunu bildirib. E.Əzizov Prezident İlham Əliyevin dövlət qulluqçuları qarşısında qoyduğu tələblərə toxunaraq bildirib ki, hər bir rəhbər işçi öz fəaliyyətində şəffaflıqla çalışmalı, hər hansı korrupsiya hallarına və pozuntulara yol verməməli, dövlət büdcəsindən səmərəli, düzgün istifadə etməli, ən vacibi isə bütün işlərini “təmiz əllərlə” görməlidir.

İcra başçısı hələ də bəzi neqativ halların mövcud olduğunu qeyd edib, belə hallara qarşı ciddi mübarizə aparılacağını və aşkarlanan faktlar barədə hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini bildirib.

Struktura daxil olan xidmətlərin işlərindən danışan Eldar Əzizov bildirib ki, ölkə başçısının Bakı şəhərinin lift təsərrüfatının yenilənməsi ilə bağlı müvafiq sərəncamının icrası məqsədi ilə Almaniya Federativ Respublikasının "Wittur Holding GMBH" şirkəti ilə müqavilə imzalanmasına hazırlıq gedir.

Eldar Əzizov liftlərin qiyməti haqqında ictimaiyyətə konkret məlumat verilməsinin vacibliyini vurğulayıb və şəffaflığın təminatı üçün gələcəkdə bütün müqavilələrin və alınan malların qiymətlərinin ictimaiyyətə açıqlanacağını bildirib.

Məktəbəqədər təhsil müəssisələrinə uşaq qəbulunda yol verilən bəzi neqativ hallara da toxunan E.Əzizov bu ilin sonuna kimi bağçalarda elektron qəbul formasına keçiddən sonra bu sahədə də şəffalığın təmin ediləcəyinə əmin olduğunu vurğulayıb.