16 may 2019 10:43
302

Ekspert: Bu, antimilli ünsürlərin son çırpıntılarıdır

Son zamanlar Azərbaycanın böyük uğurlar qazanması, beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi anti-Azərbaycan dairələri, ermənipərəst qüvvələri ciddi şəkildə narahat edir. Onlar müxtəlif vasitələrdən istifadə edərək ölkəmizin müsbət beynəlxalq imici üzərinə kölgə salmağa çalışırlar. Təəssüf doğuran və acınacaqlı hal odur ki, Orduxan Teymurxan və onun kimi “sapı özümüzdən olan baltalar” da bu cür proseslərdə “fəallıq” göstərərək müxtəlif təxribatlara əl atırlar. Həmin şəxslərin Prezident İlham Əliyevin Brüssel səfəri öncəsi yenidən “fəallaşmaları” üç-beş nəfərdən ibarət aksiyalar təşkil etmələri də bu qəbildəndir.

Həmin antimilli ünsürlərin mayın 13-də Brüsseldə aksiya keçirmək cəhdi bu insanların Azərbaycan dövlətinə və xalqına düşmən münasibətini bir daha əyani şəkildə nümayiş etdirdi. Heç kimə sirr deyil ki, bununla da onlar erməni diasporundan, ermənilərin maliyyələşdirdiyi xarici fondlardan aldıqları böyük məbləğdə vəsaitlər hesabına bu cür çirkin işlər görürlər. Həmin “aksiya” ilə bağlı internetdə yayılan kadrlardan da görünür ki, səviyyəsiz, mağara təfəkkürlü bu qaragüruhçular nə qədər cılız, tərbiyə və əxlaqi normaları tam deqradasiyaya uğramış, milli heysiyyatını itirmiş və ləyaqət anlayışını unutmuş durumdadırlar.

“Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən məsələ ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammiti ərəfəsində bir qrup antimilli ünsürün sözdə aksiya keçirmək cəhdləri arxasında dayanan əsas gerçəklik erməni diasporu və lobbisi tərəfindən maliyyələşdirilən xarici fondların pulları dayanır: “Bu kimi məsələlərdə Orduxan Teymurxan və onun kimi bir neçə xəyanətkarların dərhal ortaya atılaraq, sirk tamaşaları göstərmələri nəinki Azərbaycan xalqı, eyni zamanda, avropalılar tərəfindən də ciddi qarşılanmır, əksinə onlar belə vasitələrlə özlərini daha da rüsvay etmiş olurlar. Küçə təfəkküründən daha çox mağara təfəkkürü ilə ortalıqda var-gəl edən bu antimilli ünsürlər özləri də dərk edirlər ki, onların Azərbaycan dövlətinə qarşı tətbiq etməyə çalışdıqları xain planları işə düşməyib. Onlar sadəcə erməni lobbisinə köləlik edərək, xüsusilə erməni diasporunun maliyyələşdirdiyi, donorluq etdiyi xarici fond və təşkilatlardan nökərpulu alaraq missionerlik edirlər.  Daha dəqiq desək, hazırda bir çox mühüm və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın yüksələn xətlə sosial-iqtisadi inkişafını görür və bunu qiymətləndirirlər. O cümlədən ermənilər də artıq anlayırlar ki, Azərbaycana qarşı yürütdükləri işğalçılıq siyasətləri get-gedə onları dünyadan təcrid edir. Bu baxımdan Azərbaycan dövlətinin və rəhbərliyinin mötəbər tədbirlərə Qarabağın işğalı faktı barədə irəli sürdüyü dəlillərdən ciddi şəkildə narahat olurlar. Yəni, erməni lobbisi özünü sığortalamaqdan ötrü Azərbaycan dövlətinə qarşı müxtəlif qarayaxma, şantaj, böhtan xarakterli təxribatlar düzənləyirlər və çox təəssüf ki, həmin təxribatlarda orduxanlar və onun kimiləri “siyasi mühacir” adı altında ermənilərin əlində oyuncaq vasitə olaraq ipli kuklalar kimi oynadılırlar. Amma fakt və sübut budur ki, onlar birbaşa düşmən marağına xidmət etməklə daxillərindəki çirkin məkrlərini daha çox üzə çıxarmış olurlar. Təəssüf ki, bu cür dırnaqarası adamlar üçün nə Vətən, nə dövlət, nə də xalq anlayışı mövcud deyil. Çünki onlar bütün varlıqları ilə özlərini pula-paraya satmış siyasi əxlaqsızlar yığnağıdırlar”.

B.Quliyev onu da qeyd etdi ki, belələrinin azərbaycanlı adını daşımağa nə mənəvi, nə də digər hüquqları qalmayıb: “Onlar əvvəlki kimi, indi də ağır məğlubiyyətlə qarşı-qarşıya qalıblar. Məğlubiyyətə uğradıqca isə daha da qıcıqlanır erməni ağalarının verdikləri təlimatları yerinə yetirə bilmirlər. Bu, əslində antimilli ünsürlərin son çırpıntılarıdır. Onlar birbaşa çirkabla dolu olan bataqlığa doğru yuvarlanırlar və oradan çıxış yolu əlbəttə ki, yoxdur”.

Mənsumə Babayeva, “İki sahil”