24 aprel 2019 10:45
165

Ekspert: 2020-ci ildə valyuta axınının daha da artacağı gözlənilir

Bu gün Azərbaycanın maliyyə sahəsində əsas üstünlüklərindən biri də böyük həcmdə valyuta ehtiyatlarına sahib olmasıdır. Məhz bu ehtiyatlar ölkəmizə çoxsaylı imkanlar qazandırır. Ölkəmizin ixrac potensialının artırılması istiqamətində görülən tədbirlər qarşıdakı dövr ərzində Azərbaycanın valyuta ehtiyatlarının daha da artacağını deməyə əsas verir.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları 44,9 milyard dollar olub. Bu strateji ehtiyatlar xarici dövlət borcunu 3 dəfə üstələyib. Cari ilin ötən dövrü ərzində isə valyuta ehtiyatları artıq 46 milyard dolları keçib. Araşdırmalar göstərir ki, son 10 ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta ehtiyatları 27,3 milyard dollar və yaxud 3,4 dəfə artıb. Hazırda qurumun valyuta ehtiyatları 40 milyard dollara yaxınlaşır. Görülən tədbirlər nəticəsində artıq Mərkəzi Bankın da valyuta ehtiyatları artır.  Belə ki, Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatları son bir ildə 275 milyon dollar artıb. Qarşıdakı dövr ərzində isə valyuta ehtiyatlarının daha sürətlə artması gözlənilir.

Beynəlxalq qiymətləndirmələrə görə, cari ildə Azərbaycanın valyuta ehtiyatları daha bir neçə milyard dollar artacaq. Bunu şərtləndirən başlıca səbəb qeyri-neft sektorudur. Azərbaycanın hazırda ümumi daxili məhsulunun üçdə iki hissəsindən çoxu məhz qeyri-neft sektorunun hesabına formalaşır. Ekspertlər bildirirlər ki, turizm, nəqliyyat, kənd təsərrüfatı, informasiya-kommunikasiya sektoru tükənməyən gəlir mənbəyidir ki, bu sahədə də işlər kifayət qədər uğurlu qurulub. Digər tərəfdən, dünyanın bir çox yerlərində Azərbaycanın sənaye evləri və ticarət mərkəzləri açılıb. Bunlar da Azərbaycan brendinin dünyaya çıxmasını şərtləndirən amillərdir.

İqtisadçı ekspert Vüqar Bayramov mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycana daxil olan valyuta ehtiyatlarının həcmi bundan sonra xeyli artacaq: “2020-ci il Azərbaycan üçün prioritet illərdən biridir. Gələcəyə baxış konsepsiyasında və Strateji Yol Xəritəsində 2020-ci il Azərbaycanda aparılan islahatlar dövrünün həlledici mərhələsi kimi dəyərləndirilir”.

Ekspert söylədi ki, 2015-ci ildə başlanan dərin islahatlar gələcək üçün baza formalaşdırıb: “İslahatların tərkib hissəsi olaraq 2019-cu ilin ilk rübündə əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində inqilabi addımlar atılıb. 2020-ci il üçün nəinki Azərbaycan hökuməti, eyni zamanda, beynəlxalq maliyyə qurumları - Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ölkəmizdə iqtisadi artım tempinin sürətlənəcəyini proqnozlaşdırırlar. 2017-ci il stabillik, 2018-ci il artımların əldə edilməsi dövrü kimi yadda qalıb. 2019-cu il daha sürətli artım, 2020-ci il isə bu sürətli artımın qorunub saxlanması ilə xarakterik olacaq”.

V.Bayramov vurğuladı ki, 2020-ci ildə Azərbaycana valyuta axınının daha da artacağı gözlənir: “Gələn il Cənub Qaz Dəhlizi çərçivəsində TAP boru kəmərinin istifadəyə verilməsi ilə Avropa bazarına Azərbaycanın təbii qazının nəqli nəzərdə tutulur. İlkin mərhələdə Avropa bazarına 10 milyard kubmetr Azərbaycan qazı nəql olunacaq. TANAP-la Türkiyəyə nəql edilən qaz həcmləri isə 6 milyard kubmetrə çatacaq ki, bu da ölkəyə daxil olan valyutanın həcmini əhəmiyyətli dərəcədə artıracaq. 2020-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımaların artması fonunda da valyuta gəlirləri çoxalacaq. Bundan başqa, Sumqayıt Kimya Sənaye Parkında qurulan zavodlar qeyri-neft sektorunun artımını sürətləndirəcək. Eyni zamanda, sahibkarlığın inkişafı istiqamətində mühüm addımlar atılacaq. Bütün bunlar Azərbaycanın ixrac potensialını və bu fonda ölkəyə valyuta daxilolmalarını artırır”.

Cavid Əkbərov, “İki sahil”