27 fevral 2020 20:47
1445

Əkizlərlə bağlı bunları bilirsinizmi?

Əkizləri adətən, bir-birindən ayıran yeganə şey adları olur. Onları çox vaxtı ancaq anaları ayıra bilir. Lakin bu heyrətamiz insanların təəccüb doğuran cəhətləri təkcə bənzər xarici görünüşləri ilə bitmir. Məsələn, körpə vaxtı onların yalnız özlərinin başa düşdüyü xüsusi dilləri olur.

Aşağıda əkizlərlə bağlı öz təsdiqini tapmış müxtəlif elmi faktlarla tanış ola bilərsiniz:

21-ci əsrdə 20-ci əsrlə müqayisədə daha çox əkiz uşaqlar doğulur. Görəsən niyə? Təbiət artıq yeni unikal insanlar yetişdirməkdən usanıbmı? Bunun səbəblərindən biri süni mayalanma prosedurudur. Bu prosedur zamanı eyni anda bir neçə embrion mayalanır.

Lakin 1980-ci illərdə, hələ süni mayalanmanın elə də geniş yayılmadığı bir dövrdə Çerepovçe şəhərində əkizlərin doğulması bumu yaşandı. Şəhərin bəzi bağçalarında hətta tək əkizlər üçün olan xüsusi qruplar açılmışdı. Bu hadisənin səbəbi hələ də aydınlaşdırılmayıb.

Britaniyalı alimlər müəyyən ediblər ki, dünyada ən çox əkiz uşaqlar Nigeriyada doğulur. Əsasən ölkənin cənub-qərbində hər min doğuşdan 50-də əkiz uşaqlar dünyaya gəlir.

Ən az əkizlər olan ölkə isə Çindir. Niyə? Tibb bu barədə susur. Fərziyyələrə görə, buna səbəb qidalanma, çirkli ətraf mühit, rasoqenez və digər şeylərdir, ancaq bu fikirlər öz elmi təsdiqini tapmayıb.

Dünyanın ən çox əkizlər doğulan qəsəbəsi Braziliyanın Kandidu-Qodoy qəsəbəsi sayıla bilər. Orada 10 % hallarda əkiz uşaqlar dünyaya gəlir. Braziliyanın digər qalan hissələrində yenidoğulanların cəmi 1 %-i əkizlər olur.

Böyük Britaniyanın Nottingem Universitetinin alimlərinin hesablamalarına görə, əkizlər arasında solaxaylar adi insanlarla müqayisədə daha çox olur.

Heyvanlar aləmində ən çox ağ ayılar əkiz balalar dünyaya gətirirlər.

Əkiz uşaqlar digər uşaqlardan daha erkən doğulurlar. Adi halda hamiləlik 39-40 həftəyə qədər davam edirsə, bu zaman 36 həftə çəkir.

“Xilasedici qucaqlaşmalar” deyilən bir hadisə var. Belə ki, əkizlərdən biri xəstə doğularsa, onun yanına sağlam qardaş və ya bacısını da yerləşdirdikdə onun təzyiqi, temperaturu normallaşmağa başlayır. Perinatal mərkəzlərdə belə “qucaqlaşmaları” son vaxtlar çox təşkil edirlər. Bu hadisəni elm hələ də heç cür əsaslandıra bilmir.

Ana bətnində yer kiçik olduğundan əkizlər digər uşaqlardan iki dəfə kiçik olurlar. Ancaq əkiz uşaqların bədən çəkisi doğularkən həmişə bir-birindən fərqli olur.

Lakin bu o demək deyil ki, əkizlər dünyaya vaxtından əvvəl və yarımçıq gəlirlər.

İndiyədək ən ağır çəkiyə malik əkizlər 12,5 kq olub.

Bəzən əkiz uşaqlar eyni gündə doğulmaya bilərlər. İrlandiyada belə bir hal baş vermişdi, 23 həftəlik erkən doğuşla əkizlərdən biri dünyaya gəldikdən sonra ikincisi doğulmamışdı və həkimlər ananı təhrik etməmişdilər. Beləcə digər bacı düz üç ay sonra dünyaya göz açmışdı.

Ata və ananın saçlarının rəngi fərqlidirsə, əkiz uşaqların da saç rəngi fərqli ola bilər. 1997-ci ildə dünyaya gələn Lyusi Eylmer düz, narıncı saça və açıq dəriyə, Mariya Eymler isə tünd rəngli saçlara və tünd dəriyə malik idi.

Nubar Süleymanova, “İki sahil”