Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
29 sentyabr 2020 18:56
318

Əgər ermənilər öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar

Prezident İlham Əliyev: Bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər ermənilər öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar

Azərbaycan Ordusunun  Qarabağı işğaldan azad edəcək sürətli hücumu davam edir

Sentyabrın 27-də  Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək  yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutub. Nəticədə ikisi azyaşlı olmaqla ondan çox mülki vətəndaş həlak olub.  Azərbaycan Ordusu bu hərbi təxribatlara dərhal cavab olaraq, uğurlu əks-hücum əməliyyatı keçirib. Hərbçilərimiz əks zərbələr nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulmaqla cəmi bir neçə saat ərzində Füzulinin 7 kəndini və Tərtər, Ağdərə, Kəlbəcər istiqamətində bir neçə mühüm əhəmiyyətli yüksəklikləri işğaldan azad ediblər.

Məhz  bu uğurlu döyüşlərdə qazanılan qələbələrimizə və davam edən hərbi üstünlüyümüzə görə, Ali Baş Komandan İlham Əliyev xalqımızı təbrik etdi. Ölkə Prezidenti  istər  xalqa müraciətində, istərsə də Təhlükəsizlik Şurasının iclasında Ermənistanın  bu təxribatlarının əsl səbəblərini ictimaiyyətə açıqlamaqla yanaşı, bu əminliyi də  ifadə etmişdir ki,  bizim uğurlu əks-hücum əməliyyatımız ədalətsizliyə son qoyacaqdır: « Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır!  Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər.»

Bəli, bu hərbi savaş ölkəmizin haqq  mübarizəsidir. İşğala  məruz qalan, bir milyondan  artıq soydaşı  qaçqın  və məcburi köçkün vəziyyətində yaşayan, 20 faiz torpağı işğal  altında olan Azərbaycandır. Ancaq bir çox hallarda dünya birliyi və beynəlxalq təşkilatların ölkəmizə qarşı ikili standartlara yol verməsi Ermənistanın işğalçı siyasi rəhbərliyini daha da quduzlaşdırırdı. Bu gün Ermənistanın nəinki artıq durdurmağın, hətta burnunun ovulmasının tam zamanıdır.

Azərbaycana bu ağır günlərdə dəstək olan dövlətlərin önündə hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə gəlir. Qardaş ölkənin rəhbəri cənab Rəcəb Tayyib Ərdoğanın döyüşlər başlayan kimi dərhal dövlətimizin başçısı İlham Əliyevlə telefon əlaqəsi  yaratması, Türkiyənin hər zaman olduğu kimi, bu gün də  Azərbaycanın yanında olduğunu bildirməsi, həmçinin Türkiyənin digər rəsmilərinin də hər an Azərbayanın  haqq  mübarizəsi ilə bağlı fikirlərini səsləndirmələri,  mətbuat səhifələrinin   manşetinə Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində uğularını çıxarmaları  bu birlikdən qürur keçirməyimizə  əsas verir. Azərbaycanın sevincini  öz sevinci, kədərini öz kədəri kimi qəbul edən qardaş ölkənin   Prezidentinin  ən yüksək tribunalardan  dünyanı ikili siyasətinə  son qoymağa çağırması, dünyadan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe gözlədiyini bəyan etməsi bu birliyimizin təcəssümüdür.

Məhz bu ağır döyüşlər zamanı hərbi üstünlüyümüzü daha da artıran digər önəmli məsələ Azərbaycan xalqının Ali Baş Komandanımızın ətrafında sıx birləşməsidir. Cənab İlham Əliyev  Təhlükəsizlik Şurasının iclasında bildirmişdir: «Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Biz onlara 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik.»

Hazırda Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək gücündə və qüdrətindədir.  Qeyd edək ki, beynəlxalq hüquqda məhz Azərbaycanın tərəfindədir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib: «Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə «Qarabağ Ermənistandır», bu, yalandır. Mən deyəndə ki, «Qarabağ Azərbaycandır», bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır.»

Zəfər dolu Lələtəpə və Günnüt əməliyyatlarından, 12 iyul Tovuz hadisələrindən sonra  artıq ordumuz ermənilərə növbəti  güclü zərbələrini  vurmaqdadır. Bəli, Azərbaycan Ordusu bu günlər qızıl hərflərlə şanlı tarix yazır.

Qeyd edək ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyasında videoformatda çıxışı zamanı işğalçı Ermənistanın yeni təxribat planları haqqında dünya ictimaiyyətini məlumatlandırmışdır. Ölkəmizin başçısı sentyabrın 27-də Azərbaycan xalqına müraciətində və Təhlükəsizlik Şurasının iclasında işğalçı Ermənistana layiqli cavab veriləcəyini bəyan etmişdir. Cənab Prezident bir daha vurğulamışdır ki, Azərbaycanın işi haqq işidir. Təmas xəttində atəşkəs rejiminin pozulmasına yönələn bu kimi təxribatçı hərəkətlər Ermənistanın çirkin, məkrli və təcavüzkar siyasətinin təzahürüdür və bunun məsuliyyəti işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Onu da qeyd edək ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaradıb. Bütün ölkə vətəndaşları cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndirirlər. Bu, Azərbaycan cəmiyyətində vətənpərvərlik hisslərinin yüksək səviyyədə olduğunu  bir daha nümayiş etdirir. Bu gün Azərbaycan güclü orduya malikdir və Silahlı Qüvvələrimiz  Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. İnanırıq ki, tezliklə bütün torpaqlarımız işğaldan azad olunacaq.

Xüsusi vurğulamaq lazımdır ki, bu gün Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil. İqtisadi böhran içərisində çabalayan işğalçı dövlətin güclü ordudan danışması mümkün deyildir.  O cümlədən Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında dayanmaq iqtidarında deyil.

Elçin Zaman, «İki sahil»