29 fevral 2020 14:41
2022

Efiopiyada Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib

Efiopiya Dövlət Qulluğu Universitetinin və Əddis-Əbəbə Universitetinin birgə təşkilatçılığı ilə “Münaqişələrin həlli və sülhün yaradılması” mövzusunda keçirilmiş konfransda bu ölkədəki Azərbaycan icmasının nümayəndəsi Nigar Cavadova Xocalı soyqırımı və bəşəriyyətə qarşı törədilmiş bu cinayətin beynəlxalq miqyasda işıqlandırılmasında, dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında medianın rolu məruzəsi ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Nigar Cavadova Xocalı soyqırımı barədə təqdimatla çıxış edərək, faciə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında beynəlxalq medianın rolunu və xüsusilə günahsız insanlara qarşı törədilmiş bu dəhşətli cinayətin KİV-lərin diqqət mərkəzində olduğunu qeyd edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət!” kampaniyası nəticəsində bu faciəyə beynəlxalq aləmdə siyasi-hüquqi qiymət verilməsi baxımından böyük irəliləyişlərin əldə olunduğu bildirilib.

N.Cavadova artıq bir çox ölkələrin qanunverici orqanları tərəfindən Xocalı soyqırımının tanındığını bildirib. O, artıq 10-dan artıq dövlətin və ABŞ-ın 20-dən çox ştatının Xocalı qətliamını tanıdığını və rəsmi şəkildə pislədiyini vurğulayıb. Bundan başqa, o, xarici ölkələrdə Xocalı soyqırımına dair müxtəlif kitabların və məqalələrın dərc edildiyini də diqqətə çatdırıb.

Tədbirdə Efiopiya Dövlət Qulluğu Universitetinin və

Əddis-Əbəbə Universitetinin müəllim heyəti, alimlər, tədqiqatçılar və tələbələr iştirak ediblər.