13 iyun 2019 14:00
522

Düşmən təxribatı uğursuzluqla nəticələnib

Hərbi pilotlarımızın peşəkarlığı sayəsində düşmən təxribatı uğursuzluqla nəticələnib

İyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu zaman Ermənistan silahlı qüvvələri “OSA” zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa uğursuz cəhd göstərib. Zenit-raket kompleksindən buraxılan iki raket hədəfə dəyməyərək havada partlayıb.

Bu, hərbi pilotlarımızın ustalığı və aviasiya vasitələrimizdə quraşdırılmış müasir cihazlar sayəsində, digər tərəfdən isə düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz, onun idarə olunmasına təhkim edilmiş döyüş heyətinin isə hazırlıq səviyyəsinin aşağı olmasını göstərir.

Düşmən tərəfindən buraxılan raketlərdən birinin hərəkət traektoriyası və hədəfdən yan keçmə anı aviasiya vasitələrimizin təlim uçuşlarının çəkilişlərini həyata keçirmək üçün nazirliyin havaya qaldırılan pilotsuz uçuş aparatı tərəfindən qeydə alınıb.