Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
24 oktyabr 2020 13:17
306

Düşmən təcavüzü nəticəsində 40-a yaxın məktəbə ciddi ziyan dəyib, 8 məktəbli həlak olub, 16-sı yaralanıb

Oktyabrın 24-də səhər saatlarında Ermənistanın silahlı qüvvələri tərəfindən Goranboy və Tərtər rayonları raket və ağır artilleriyadan atəşə tutulub.

Təhsil Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub. Belə ki, həmin raketlərdən biri Orxanın yaşadığı həyətə düşüb. Orxan rayonun Xoruzlu kənd tam orta məktəbində 10-cu sinifdə təhsil alırdı.

Həmçinin, oktyabrın 17-də düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimir oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq, bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Artur Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi idi.

Qeyd edək ki, düşmən təcavüzü nəticəsində artıq 8 məktəblimiz həlak olub, 16 məktəblimiz isə yaralanıb. 40-a yaxın məktəbə ciddi ziyan dəyib.

Allahdan şagirdlərimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!