19 mart 2019 11:01
156

Dünya enerji bazarında stabilləşməyə və proqnozlaşdırmaya mühüm töhfə

Azərbaycanın təşəbbüsü ilə “OPEC plus” formatının fəaliyyəti belə dəyərləndirilir

Azərbaycan hər sahədə mühüm əhəmiyyət kəsb edən beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunur. Hər zaman qeyd olunduğu kimi, keçirilən tədbirlər istər ev sahibliyi edən, istərsə də iştirakçı ölkələrin malik olduqları imkanların təqdimatında mühüm rol oynayır. Yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurlardan səmərəli istifadəyə görə daim dünyanın diqqət  mərkəzində olan ölkəmiz iştirakçısı olduğu enerji layihələrinin uğurlu icrası ilə ölkələri, xalqları daha da yaxınlaşdırır,perspektivlərin müzakirəsi üçün yeni formatların formalaşmasında təşəbbüs rolunu möhkəmləndirir.  Bu gün “OPEC plus” formatının reallığa çevrilməsində də Azərbaycanın təşəbbüskarlığı təqdir edilir. 

Qeyd edək ki, dövlətimizin  başçısı İlham Əliyev 2017-ci ildə  Davos İqtisadi Forumunda  çıxışı zamanı neft istehsal edən  ölkələrin “OPEC plus” formatında iclasının keçirilməsi təşəbbüsü ilə  çıxış etmişdir.  Bu format OPEC-in üzvü olan ölkələrlə  neft hasil edən, lakin bu qurumda  təmsil olunmayan ölkələrin  birgə toplantısının və  enerji resurslarının hasilatı və icrası, dünya bazarında  neftin qiyməti və   digər məsələlərin vahid formatda  müzakirəsini nəzərdə tutur.  Həmin dövrdə cənab İlham Əliyev  neftin qiymətinin stabilləşdirilməsi  və 70 dollar civarında saxlanması təşəbbüsünü də irəli sürmüşdür.  Hazırda Bakıda “OPEC plus”  formatının baş tutmasında,  habelə dünya bazarında  neftin qiymətinin  60-70 dollar səviyyəsində  qalmasında  Prezident İlham Əliyevin böyük  xidməti vardır. Dövlətimizin başçısı  öz səmərəli  təklifləri, irəli sürdüyü təşəbbüslərlə  dünya enerji bazarında  stabilləşməyə və  proqnozlaşdırmaya  mühüm töhfə verir. 

“OPEC plus” ölkələrinin Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü iclasının ölkəmizdə keçirilməsi   Azərbaycan iqtisadiyyatının onurğa sütunu kimi dəyərləndirilən neft sənayesində əldə edilən  uğurlara və təcrübəyə əsaslanır. “Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər. Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik.” Dövlətimizin başçısı İlham Əliyev ötən il  Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bir daha diqqəti “Əsrin müqaviləsi”nin imzalandığı dövrə yönəldərək bildirmişdir ki, ancaq müstəqillik şəraitində Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bildi.   

“Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövrdə Azərbaycanın enerji sektorunda qazandığı uğurlara diqqət yetirsək, bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı etibarlı tərəfdaş imicinə bir daha işıq salarıq. Təkcə bu uğuru qeyd etmək kifayətdir ki,  müqavilənin imzalanmasının   23-cü ildönümü ərəfəsində yeni sazişin imzalanması ötən bu dövr ərzində Azərbaycanın qazandığı uğurların ümumiləşdirilmiş ifadəsi oldu.   Dövlətimizin başçısı İlham Əliyev yeni sazişin imzalanması mərasimində bu mühüm addımın perspektivlərini açıqlayaraq bildirmişdir ki, kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.  Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.

27 ildən artıq  müstəqillik tarixinə malik olan Azərbaycanın ilk illərdə yaşadığı duruma diqqəti yönəldən cənab İlham Əliyev bu əsas məqamı qeyd edir ki, əlbəttə, ölkəmizin inkişafı üçün xarici sərmayə lazım idi. Belə bir vəziyyətdə xarici böyük neft şirkətlərini inandırmaq, onları Azərbaycana cəlb etmək  böyük müdriklik, bacarıq, səriştə və siyasi təcrübə tələb edirdi. Ulu öndər  Heydər Əliyev bu tarixi missiyanı uğurla icra etdi. Belə bir çətin  vəziyyətdə 1994-cü il sentyabrın 20-də  “Əsrin kontraktı”nın imzalanması ölkəmizə  sərmayə axınını stimullaşdırdı. Arxada qalan illər  Azərbaycanın tarixinə biri-birindən əhəmiyyətli uğurları yazdı.

“Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü ildən neft-qaz sahəsində xronologiyaya diqqət yetirsək , ancaq və ancaq davamlı uğurların şahidi olarıq.   BTC və BTƏ neft-qaz kəmərlərinin istifadəyə verilməsi, 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı, iyununda TANAP-ın istifadəyə verilməsi  Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsini  nümayiş etdirməklə yanaşı, əməkdaşlığın coğrafiyasının genişləndirilməsini də nümaiş etdirir. 

“Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlardan bəhs edərkən bu reallığı xüsusi qeyd etməliyik ki, ölkəmiz çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Milyardlarla ölçülən xarici sərmayələrin cəlb edilməsi və Azərbaycana məxsus neft yataqlarının işlənməsi uğurlu inkişaf üçün əhəmiyyətli ilkin şərait yaratdı.  Neft satışından əldə olunan vəsait infrastruktur və sosial layihələrə, insan kapitalının inkişafına yönəldilmiş və  bunun nəticəsində ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olmuşuq. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, sərmayələr və beynəlxalq əməkdaşlıq olmasaydı,  1990-cı illərin ortalarında bunların heç birini etmək mümkün olmazdı: “Əlbəttə ki, “Əsrin kontraktı”nın uzadılması və “Şahdəniz” layihəsinin, Cənub Qaz Dəhlizinin icrası nəticəsində bizim maddi imkanlarımız daha da genişlənəcək.”

Təhlillər bu reallığı ortaya qoyur ki, dövlətimizin enerji siyasəti əməkdaşlığa və milli maraqlarımıza əsaslanır. Cənab İlham Əliyev bildirir ki,  əsası odur ki, gələcəklə bağlı planlar qurur və səylərimizi  birləşdiririk. Gerçəkləşdirdiyi layihələrlə dövlətlər, xalqlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə davamlı töhfələr verən Azərbaycan, eyni zamanda, iqtisadi qüdrətini, maliyyə imkanlarını artırmaqla dünya miqyasında aparıcı mövqeyini möhkəmləndirir.  Dövlətimizin başçısı  bu inamı da ifadə edir ki, gələcəkdə iqtisadiyyatın  daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və Azərbaycan qarşıdakı illərdə daha da güclü olacaq.

2013-2023-cü illərdə ÜDM-i iki dəfə artırmağı qarşıya mühüm vəzifə qoyan  Prezident İlham Əliyev buna nail olmaq üçün yeni müəssisələrin istifadəyə verilməsini iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, yoxsulluq səviyyəsinin 5 faizdən  də aşağı salınması baxımından günün tələbi kimi qeyd edir.  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, eyni zamanda, müxtəlif istiqamətləri əhatə edən  strateji yol xəritələrində  bu məqamların parametrləri  reallığı əks etdirməklə,  həlli yolları da göstərilib.  Təbii ki, bu sahədə enerji resurslarından səmərəli istifadə  başlıca istiqamətdir. Qarşıya qoyulan hədəfə çatmaq üçün isə neft-qaz gəlirlərindən  istifadə olunması mexanizmi təkmilləşdirilir, karbohidrogenlərin satışından əldə edilən gəlirlər tədricən həmin vəsaitlərin investisiyasından qazanılan gəlirlə əvəzlənməsi strategiyası həyata keçirilir, bu istiqamətdə aparılan işlər intensivləşdirilir.  Neft amilindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişafına xidmət edən və müasir tələblərə cavab verən istehsal, sosial  və bazar strukturu şəbəkəsi daha da təkmilləşdirilir,  idarəçiliyin mütərəqqi formalarından istifadəyə diqqət  artırılır.

Uğurlarımız  beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. Ən əsası bildirilir ki,  Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, eyni zamanda, digər ölkələrə investisiya yatıran ölkə kimi də tanınır.  Təbii ki, bunu şərtləndirən əsas amillər əvvəldə də qeyd etdiyimiz kimi, möhkəm təməl, fəal iş, qarşılıqlı etimad və əməkdaşlıqdır. Sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir. Ölkə iqtisadiyyatına qoyulan 250 milyard dollardan artıq sərmayənin  təxminən yarısı xarici investisiyalardır. Bu da ondan irəli gəlir ki, xarici investorlar qoyduqları sərmayələrin təhlükəsizliyinə tam əmindirlər. Sərmayələrin cəlb olunmasında təbliğat işinin lazımi səviyyədə qurulması vacib amil kimi önə çəkilir. Bu baxımdan  beynəlxalq əhəmiyyətli tədbirlərin, enerji sammitlərinin,  biznes forumların rolu xüsusi vurğulanır. 

Bu gün bu fikri böyük inam və qətiyyətlə bildiririk ki, tarixən neft ölkəsi kimi tanınan Azərbaycan hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində əldə etdiyi təcrübə, qazandığı uğurları ilə diqqət mərkəzindədir. İnkişafın Azərbaycan modelinin mövcudluğu  səbəbsiz yerə təqdir olunmur və öyrənilməsinə səy göstərilmir. Dövlətimizin başçısı İlham Əliyev uğurlarımızı şərtləndirən amilləri belə ümumiləşdirmişdir: “Bu işlərin təməlində bizim uğurlu neft-qaz siyasətimiz dayanır. Ancaq, eyni zamanda və böyük dərəcədə bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Bir çox ölkələr var ki, onların bizdən qat-qat böyük neft resursları, neft hasilatı var. Ancaq ölkələrin uğurlu inkişafını təbii resurslar həll etmir. Düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir.”

Düşünürük ki, “OPEC plus” ölkələrinin Nazirlərinin Birgə Monitoriq Komitəsinin XIII iclası ölkəmizin, həmçinin bu formatın iştirakçılarının malik olduqları imkanlara bir daha işıq salaraq, müzakirə olunan məsələlərdə  vahid yanaşmanın ortaya qoyulmasını şərtləndirəcək.

Cari ilin fevralında keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında da dövlətimizin başçısı İlham Əliyev bu əminliyi ifadə etmişdir ki, enerji sahəsinin xronologiyasına nəzər salsaq görərik ki, tədricən məqsədimizə çatmışıq. Məqsəd enerji resurslarının nəqlinin şaxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılması idi. Bu məqam da xüsusi vurğulanmışdır ki, Azərbaycan neft ehtiyatlarının nəqli baxımından vacib tranzit ölkədir və  regiondakı rolu artmaqdadır.  Keçilən yola qısa baxış fonunda bildirilmişdir ki,  biz tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Vahid komanda şəklində çalışmağımız nəticəsində uğurdan bəhs edə bilərik.

Bu kimi tədbirlərin keçirilməsi təbii ki,  il ərzində görülən işləri nəzərdən keçirməyə, həmçinin gələcək addımları planlaşdırmağa əsas verir. Bunlar isə öz növbəsində  ikitərəfli və çoxtərəfli görüşləri, məsləhətləşmələri və konfransları zərurətə çevirir.  Bu ümumiləşdirməni apara bilərik ki, Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbədir və  yeni kəmərlər inşa etməklə  enerji marşrutlarını şaxələndirir.

Əməkdaşlığın inkişafına xidmət edən hər yeni format özlüyündə yeni-yeni  hədəflərin gündəmə gətirilməsini stimullaşdırmaqla  səylərin artırılmasını bir tələb kimi ortaya qoyur.

Dövlətimizin başçısı İlham Əliyevin ənənəvi keçirilən Davos Dünya İqtisadi Forumunun bu il sayca 49-cu toplantısı çərçivəsində  Çinin CGTN  televiziya kanalına müsahibəsində  “Bir dövlət başçısı kimi Siz bu qısamüddətli və uzunmüddətli faydalar arasında balansın qorunmasına necə baxırsınız” sualına cavabı keçilən yolun aydın mənzərəsini yaradır: “Qısamüddətli faydalara gəldikdə deyə bilərəm ki, bizim nisbətən qısa müddət ərzində xeyli gəlir gətirən çoxlu layihələrimiz var. Biz investisiyaların cəlb edilməsi mexanizmini yaradırıq, eyni zamanda, özəl sektorumuza çox aşağı faiz dərəcəsi ilə kreditlər ayırırıq ki, onlar da tezliklə gəlir gətirəcək sahələrə investisiya yatıra bilsinlər. Məsələn, kənd təsərrüfatı, kiçik və orta biznes kimi sahələr. Biz bunu qısamüddətli gəlir götürmək üçün edirik. Lakin uzunmüddətli investisiyalara gəldikdə əsas məqsəd elə bir infrastrukturun yaradılmasıdır ki, o, uzun zaman ərzində fəaliyyət göstərsin və ölkəni dəyişmiş olsun, dünyanın ölkəyə münasibətini dəyişmiş olsun. Çünki bu infrastruktur layihələri olmadan Azərbaycanın coğrafi mövqeyinin bir o qədər də böyük mənası yoxdur. Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq. Sizə deyə bilərəm ki, nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır. Bir-birindən asılı olan ölkələr; biri tranzit ölkəsindən asılıdır, digəri tranzit ölkəsi olur, əlbəttə ki, onlar arasında daha yaxın münasibətlər yaranır. Onlar faydaları paylaşır, onlar bütün tərəflərin uduzmadığı bir vəziyyət tapa bilir. Təkcə ikitərəfli formatda yox, çoxtərəfli formatda da. Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sistemimizin Avropa sistemi ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır və qarşılıqlı asılılıq, zənnimcə, fəal siyasi dialoq üçün, müəyyən çətinliklərin, gərginliklərin azaldılması üçün və müsbət gündəliyə diqqət yetirmək üçün mühüm alətlərdən biridir. Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir. Eyni zamanda, məqsədlərimizə - siyasi, iqtisadi və maliyyə məqsədlərimizə fəal əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə nail olmaqdır.”

Yeganə Əliyeva, “İki sahil”