Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Rəşid Faxralı

Döyüş ruhu qələbənin başlanğıcıdır!

01 oktyabr 2020 17:45
993

Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir

Neçə gündür dan yeri o qədər gözəl sökülür ki!

Neçə gündür ön xət könlümüzə daha yaxındır. Neçə gündür ön xət döyüş bölgəsidir. Döyüş bölgəsindən aldığımız informasiyaları Böyük Qələbənin Cıdır düzünə, İsa bulağına, Ərgünəşə, ... yaxınlaşan təranəsi bilirik. Bilirik ki, bu səs böyüyəcək, daha geniş ərazini əhatələyəcək, Bilirik ki, Azəərbaycan əsgərinin döyüş bayrağı işğaldan azad ediləcək torpaqlarımızda daha əzəmətlə dalğalanacaq!.

Neçə gün əvvəl ön xətdə, indi döyüşlərə cəlb olunmuş hərbi hissələrimziin birində ezamiyyətdəydim. Səngərlərdə söhbətləşdiyimiz əsgərlərimizin döyüş əzmini, qələbə ruhunu düşüncələrimizə torpaqlarımızın işğaldan azad edilməsiylə nəticələnəcək döyüşlərin başlanğıcı bilmişdik. İki gündən sonra bu başlanğıc Azərbaycan əsgərinin döyüş rəşadətiylə qələbələrin ilki oldu. Döyüş əmriylə tamamlanan bu başlanğıcın xalqın ruhunun eyni olduğunu bilmək də, qazanılan qələbələrin qədərsiz ovqatı da necə xoşdur!

Nəvəm 7 yaşındadı. Ezamiyyətdən gələndə soruşmuşdu: “Erməniləri qovladınızmı?”. Bir qədər duruxub, “Qovlayacağıq!” demişdim. Bu yazını yazanda nəvəmin o günkü baxışlarının eyni düşüncələrimin yaxasından yapışanda saçlarını oxşadım, “Qovlayırıq!” dedim. Boynuma sarıldı. Səngərdə yazdığım, anasının təqdimatıyla həvəslə əzbərlədiyi “Azərbaycan əsgəri” şeirimi birnəfəsə dedi. Kövrəldik. Necə xoş kövrəlməyiydi! Minlərlə ailədə belə xoş ovqat yaşadan Azərbaycan əsgərinə eşq olsun! Eşq olsun!

Üç gün əvvəl əsgər Elmar Sadıqov demişdi:

– 2016-cı ilin aprel döyüşlərində məktəbli idim. Çağırışçı yaşlarımda hərbi xidmətdə olmağı, hərbi xidmətə başlayanda Ali Baş Komandanın əmri ilə başlayacaq döyüşlərdə iştirak etməyi arzulayanlardan biri olmuşam. Hərbi xidmətdən tarpaqlarımızı işğaldan azad etmiş əsgərlərin sırasında tərxis olunacağıma inanıram. Əsgər yoldaşlarım da mənim kimi...

Onda xəyallarım Ali Baş Komandanın əmri ilə yaxın vaxtlarda başlanacaq döyüşlərdə güllələrin, mərmilərin nizamsız nizamlı səsini qabaqlamışdı, xəyalımda nəfəsiylə əsgərlərimizin kürəyini isidənlərimizin “Salam, Qələbə!” nidasını da eşitmişdim...

Zabitlərin əsgərlərlə hər söhbəti döyüş hazırlığını tamamlayan mənəvi-psixoloji hazırlıq üçündü. Ön xətdə belə söhbətlər daha gərəklidi. Həmin gün belə bir söhbəti düşüncələrimin nizamı kimi izləmişdim. Üç gündən sonra döyü.lərin başlayacaqmış...

İndi Elmar da döyüşür....

Elmarın da mərdliklə döyüşdüyünə şübhəm yoxdu. Dun-duru düşüncəsi var nümunəvi əsgərin; nümunəvi əsəgər qətiyyətli döyüşçüdü, şübhəsiz...

“Bayaq zabitin sizin döyüş əzminizi qələbəyə kökləyən söhbəti də Hərbi anddan süzülüb gəlir. Siz qalib gələcəksiniz, torpaqlarımızı işğaldan azad edəcəksiniz. Qələbəniz işğalçılığın son nəfəsi olacaq. Düşmən gözucu da olsa daha bu tərəflərə baxmağa cəsarət etməyəcək” – demişdim. Lələtəpədən əsən payız mehi Araza sarı əyilmiş söyüdün saçaqlarına daraşmışdı. Orda zabit Səbuhi Qarayev əsgərlərin Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə hazır olduğunu demişdi. Onu da demişdi ki, bu əmr müharibəni sonlandıracaq,  torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnəcək. Əsəgərlərimizin döyüş ruhu belə ifadə etmişdik. Bu fikir indi daha dönməzdir...

“Döyüş ovqatınız yaxın vaxtlarda məmləkət boyunca yaşanılacaq qələbə ovqatının başlanğıcıdır”, – sözümü bitirər-bitirməz çavuş Fuad Zeynalov döyüş növbətçiliyindən qayıtmış Murad Məcidovun xidmətinin sonları olduğunu bildirərək demişdi ki, döyüş əmrinin veriləcəyi günü bəlkə də hamıdan çox o gözləyir. “Əsgərin belə darıxması da Vətən sevgisidi, Hərbi anda sədaqətdir”, – çavuşin fikrini belə tamamlamışdım. İndi Murad da döyüşür...

Döyüşqabağı əsgər ruhunu qələbə ruhunun özü bilmişdim. Əks-hücum kimi başlayan Böyük Qələbə döyüşlərində əsgərlərimiz bu ruhla döyüşür...

Ön xətdə sökülən dan yerinin ecazkarlığını gözlərimə köçürmüşdüm.  Bilirdim ki, yaxın vaxtlarda ön xətt olmayacaq, səngər olmayacaq, dan yerinin necə söküldüyünü sərhədlərdə görəcəyik. Dan yerinin gözəlliyini ləngiyən zaman içində Günəşin çölün-düzün tellərini daraqlayan şəfəqlərinin ecazkarlığı əvəzləmişdi. Gözlərim səngərin o üzündən yığılmırdı; Səməd Vurğun demişkən, səyyar xəyalımda bir döyüş qədərincə vaxt ötüşmüşdü. Xəyallarım Ali Baş Komandanın əmri ilə yaxın vaxtlarda başlanacaq döyüşlərdə güllələrin, mərmilərin nizamsız səsini qabaqlamışdı, xəyalımda nəfəsiylə əsgərlərimizin kürəyini isidənlərimizin “Salam, Qələbə!” nidasını da eşitmişdim. Xəyallarım gerçəkləşir. Ordumuz düşmənin ciddi müqavimətini qırıq-qırıq edir, mövqelərini çığnayıb keçir, döyüş texnikalarını, canlı qüvvəsini məhv edir. Ermənistan öz zabitlərini, əsgərlərini ölümə özü məhkum edib, bu məhkumluğun ağrıları onu hələ çox üzəcək...

Tam qələbənizin işığını görürük, Azərbaycan əsgəri. Bu qələbəyə döyüş-döyüş yaxınlaşırsınız. O gün əsəgərlərlə söhbətləşdiyim səngərlər indi arxa cəbhədi. Səngərləri sərhədlərə köçürmək amalıyla xidmət edirdiniz. Niyyətli olduğinuz məqamdır. Yaxın vaxtlarda bütün səngərləri sərhədlərimizə köçürəcəksiniz. Xalqın bu inamının gerçəkləşəcəyi günün ərəfəsindəyik. Bu əminlik sizin döyüş hazırlığınıza, qələbə ruhunuza, dövlətə, dövlətçiliyə sədaqətinizin əminliyidir...

Düşüncələrimdə qazilərin döyüş məsləhətləri şəhidlərin ruhunun dönməzliyiylə qoşalaşıb. Qazilər əsgərlərə deyir: Döyüşəcəksiniz! Qalib gələcəksiniz! Şəhidlərin ruhu deyir: Döyüşlərdən əvvəl Dövlət himnimizi, Hərbi andı bir də xatırlayın!

Azərbaycan Ordusunun birləşmələri Ermənistan silahlı birləşmələrinin hücumunun qarşısını qətiyyətlə aldı. Azərbaycan əsgəri əks-hücum əmrini torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüş əmri bildi. Xalq bu əmrin icraçılarını Böyük Qələbənin əsgəri bilir, “Döyüşün!” deyir. Deyir ki, bu döyüşünüz müqəddəs döyüşdü. Qəhrəmanların, şəhidlərin döyüş yolunu davam etdirərək döyüşürsünüz!

Döyüşürsünüz. Əks-hücum əməliyyatını Böyük Qələbə ilə tamamlayacaqsınız, işğala son qoyacaqsınız, torpaqalarımızı işğaldan azad edəcəksiniz.

Bu döyüş işğalın son nəfəsi olacaq, Azərbaycan əsgəri. Siz azərbaycançılığın əsgərisiniz, siz “Mən Azərbaycanlıyam!” deyənlərin inamının əsgərisiniz. Sizin döyüşünüz tarixləşəcək. Siz tarixin qalibiyyət əsgəri olacaqsınız. Siz müqəddəsliyin döyüşündəsiniz, Azərbaycan döyüşür!

Döyüşün!

Xalq döyüşünüzü Vətənin qurtuluş döyüşü bilir. Minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağıırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinə müraciər edir. Sizin döyüşünüzün səsi xalqın nəfəsiylə qoşalaşıb. Bu birlik də sizin döyüşünüzün qüdrətidir, Azərbycan əsgəri! Xalqın murazını, niyyətini də sıranızda bilib döyüşün!

İşğala son güllə atacağın an bəşərilik tarixinin əbədilik anı kimi yaşadılacaq. Onu sizin qüdrətiniz yaşadacaq, Azərbaycan əsgəri!

Döyüşün!

Başlanğıcı 27 sentyabr olan bu müqəddəs döyüşün qalibi olacağınız günün ərəfəsindəyik. Döyüşün!

Neçə-neşə kəndi, strateji yüksəkliyi düşməndən azad edibsiniz. Döyüşlərin davam edir. Tam qələbəyəədək davam edəcək. Tam qələbə günü uzaqda deyil. Döyüşünüz müqəddəs döyüşdür. Döyüşün!

Könüldən könülə yollar var. İndi daha duyğusallıqla. Bu yolların da sonu qələbə yoluyla birləşir. Xalq bütünlüklə bu yolun – Qələbə yolunun yolçusudur...

Ürəyimiz sizinlədir, Azərbaycan əsgəri. Siz döyüşürsünüz. Bizim inamımızı da sıranızda bilin. Şəhid ataları-anaları da, şəhid balaları da, qazilər də sizə deyir ki, 

 

                   Sellər kimi axıb gələn,

                   Şimşək kimi çaxıb gələn,

                   Köynəyindən çıxıb gələn

                   Səhər sənin səhərindi.

 

                   Gecə üzərlik üstədi,

                   Qələbə ərlik üstədi...

                   Barmağın tətik üstədi,

                   Zəfər sənin zəfərindi!..

 

Bu zəfərlərin mübarək, Azərbaycan əsgəri! Yaxın vaxtlarda sizə “Torpaqlarımızı işğaldan azad etmiş son döyüşün mübarək, Azərbaycan əsgəri!” deyəcəyik!..

Döyüşün!

Böyük Qələbə günü xalq sizi qalibiyyət bayrağı kimi ucalıqlara yüksəldəcək!

Mənsumə Babayeva
28 illik işğala son
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?