KÖŞƏ

Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Dövlətin iradəsi ortadadır, vaxt itirməyək

07 may 2019 13:56
473

“Təklif edirəm ki, Azərbaycanın dövlət və İctimai Televiziyası Türk Şurasına üzv dövlətlərdə yayımlansın. Eyni zamanda, həmin dövlətlərin də dövlət və ictimai televiziyaları Azərbaycanda yayımlansın.”

Verilən xəbərə görə, bu fikirləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov səsləndirib. O, bunu Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Konseyi) informasiya və media üzrə rəsmilərinin 2-ci toplantısında çıxışı zamanı deyib.

Hörmətli Əli Həsənovun bu təklifi günümüz üçün həqiqətən də çox önəmlidir. Üstəlik, onun səsləndirdiyi əsaslandırma da olduqca ağlabatan və tutarlıdır. Doğrudan da bizim özümüzü həm də türk dövlətlərində – coğrafiyasında tanıtmağa ehtiyacımız var. Eləcə də digər türk dövlətləri və xalqlarıyla daha yaxın təmaslar bir zərurətdir.

Biz uzun illərdir, hətta SSRİ-nin mövcudluğu dönəmində, ondan öncə – Çar Rusiyasının işğalı altında qaldığımız illərdə belə Türküstan – Turan coğrafiyasında əlaqələr daim olub. Üstəlik, söz-sənət adamları, ədəbiyyat xadimləri arasında dostluq münasibətləri xalqların daim yaxın olmasına şərait yaradıb. Ona görə də yüz illər boyu işğal altında olmasına baxmayaraq türk xalqları vahid millət olma duyğularını daim qoruyub, saxlamağı bacarıb. Bunun da tək səbəbi ortaq türk duyğularıyla hərəkət edən xadimlərin mövcudluğu olub.

Hətta son illər ərzində belə bəzən bəzi türk dövlətlərində bizimlə eyni mövqeyi paylaşmayan türklərə rast gəlmişik. Səbəbsiz olmayıb. Oturub söhbət etmişik, izahımızı dinləyiblər, ondan sonra bizimlə eyni sırada yer alıblar.

İki ayrı misal çəkərək sözlərimi bir qədər də əsaslandırmaq istərdim.

2010-cu ildə Türkiyənin Bursa şəhərində bir bayraqçı dükanından bayraq almaq istəyirdim. Dostlara yaxın birinin dükanı idi. Çay verdilər, oturub söhbət etdik. Dükanda dünyanın hər cür qurumunun, dövlətinin bayrağı vardı. Bir anda diqqətimi Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın özü kimi qondarma “bayrağı” çəkdi. Bayraqçıdan niyə belə bir “bayraq” satdığını soruşdum, gözlərini döydü. Cavab verdi ki, “mən bunun Qaradağ bayrağı olduğunu sanırdım”. Türkiyədə Qaradağ bizim slavyanca Çernoqoriya, Avropalılarınsa Monteneqro dediyi ölkənin adıdır. Qarabağla Qaradağı bir türkün ayırd etməməsi başadüşüləndir. Lakin səbəb və günah bizə aiddir axı. İzah etdim, sağ olsun, anladı və bir qutu “bayrağı” götürüb gözümün önündə zibil qabına atdı.

Daha bir hadisə. İllərdir Qazaxıstanla, oradakı fərqli türk qurumlarıyla işləyirəm. Uyğurların çox mükəmməl təşkilatlanması var Qazaxıstanda. Dostlarımızdır. Bütün anlamlarda güclü bir təşkilatdır. Bizimlə təmaslara qədər onlar Qazaxıstandakı erməni təşkilatlarıyla yaxın olmasa da ünsiyyətdən qaçmırdılar. Lakin bir müddət sonra erməniləri ümumiyyətlə inkar etməyə başladılar. Hətta bir dəfə oradakı uyğur başçılarından biri mənə yazdı ki, ermənilər bizi bayram tədbirinə dəvət etmişdi, ilk dəfə rədd elədik. Sonra bizdən niyə gəlmədiyimizi soruşdular, cavab verdik ki, Qarabağı işğal altında tutduğunuz müddətcə sizinlə heç bir işbirliyimiz olan deyil. Erməni də ermənidir axı. Qayıdasan ki, “Qarabağın uyğurlara nə dəxli var?” Dostumuz da cavab verib ki, “Qarabağ türk dövləti olan Azərbaycan torpağıdır və deməli həm də biz uyğurların torpağıdır”.

Şəxsən mənim təcrübəmdə N qədər belə örnəklər var. Fərdi təşəbbüslər, şəxsi təmaslar digər türk xalqlarının bizimlə eyni sırada yer almasına böyük töhfə verir. Lakin yetərli deyil. Yeri gəlmişkən, mənim bu təcrübəm başqa dostlarımızın da aktivində yetərincədir. Örnək üçün, Əkbər Qoşalının bəzən şəxsi fədakarlıq və böyük zəhmətlər hesabına türk coğrafiyasını gəzməsi, oradan aydın insanları Azərbaycana gətirməsi, ünsiyyət qurması da çox ciddi yaxınlaşmaya səbəb olub.

Biz bir də onu xatırlayaq ki, hələ ötən yüzilin əvvəllərində Bakıda, yaxud da Tiflisdə dərc edilən türk dilində mətbuatda verilən xəbərlərin coğrafiyası indiki kimi yalnız Azərbaycanla məhdudlaşmırdı. Hətta “Molla Nəsrəddin” kimi satirik jurnal belə bir üzü Krım, digər üzü Orta Asiya-Türküstan, başqa bir tərəfdən Osmanlı, Quzey Qafqaz və Güney Azərbaycan olmaqla bütün türk coğrafiyasından yazırdı. Eyni qaydada digər türk coğrafiyalarında da Azərbaycandan – Bakıdan yazılırdı. Bütün bunlar isə millətin vahid mövqedə ortaqlaşmasına xidmət edirdi.

İndi Əli Həsənovun TV kanallarının qarşılıqlı şəkildə yayımlanması təklifi də o qəbildəndir. Biz buna nail ola bilsək lap elə Qarabağ davamızda belə digər türk xalqlarını daha qətiyyətli şəkildə yanımızda görəcəyik. Eyni qaydada bizim özümüz də digər türk xalqlarıyla yaxınlaşmış olacağıq.

Yeri gəlmişkən, şəxsən özüm də kabel TV xidməti təqdim edən qurumlara illərdir təklif edirəm ki, türk dövlətlərinin hərəsindən ən azı bir kanalı da paketə əlavə etsinlər. Təəssüf ki, çağırışım bir fayda vermir. İndi düşünürəm ki, Azərbaycan ilk addım olaraq bunu gerçəkləşdirsə, biz Az.TV, İTV və digər kanallarımızın türk dövlətlərində heç olmasa kabel üzərindən yayımına nail ola bilərik. Qarşılıqlı mübadilə şəklində. Növbəti mərhələdə isə ikitərəfli danışıqlar aparıb yerüstü yayıma da nail olmaq mümkündür. Mən əminəm ki, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tatarıstan və digər türk dövlətləri həvəslə qarşılıqlı yayıma razı olacaqlar. Və ona də əminəm ki, istər Azərbaycan, istərsə də digər türk dövlətlərinin tamaşaçısı həvəslə bu kanallara baxacaq. Elə isə nəyi gözləyirik? Dövlətin rəsmisi dövlətin iradəsini ifadə edib. Heç bir maneə yoxdur. Yoxdursa, uyğun qurumlar hərəkətə keçsin. Həm də vaxt itirmədən.

Məhərrəm Ağalaroğlu
“Yelqovanlar”
Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...