15 may 2019 10:59
604

Dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır

“İki sahil”in “Parlaq gələcək təminatçıları” layihəsinin növbəti iştirakçısı Azərbaycan Dillər Universitetinin tələbəsi Şahin Sərdarlıdır

- Özün haqqında bizə məlumat ver, Şahin Sərdarlı kimdir?

- Keçmişimiz silinməz bir tarixdir. Uzun sözün qısası, 23 yaşım var. Şamaxının Meysəri kəndində doğulmuşam. Şəhid əmimin adını daşıyan Aslan Şirinov adına Meysəri kənd tam orta məktəbində oxumuşam. Kənddə doğulmaq, orada böyümək tamam başqadır. Təbiiliyi, çox yaxşı mühiti olsa da, min cür əziyyəti var. Əmək fəaliyyətimə 9 yaşımdan başlamışam. Yay aylarında tikinti sahəsində, şadlıq saraylarında, restoranlarda işləyir, yeni dərs ili üçün özümə dərs ləvazimatları alardım. Özümdə həmişə bir inam olub ki, əziyyət çəkəcəyəm, mən bacaracağam. 16 yaşımda “ASA” adlı jurnalistika məktəbini oxumuşam, həmin dövrdən fotoqrafiya və jurnalistika sahəsində çalışmışam. Azərbaycan Fotoqraflar Birliyinin üzvü olmuşam. 17 yaşımda “ATV xəbər”də titr operatoru, daha sonra isə “ATV.az” saytında fotomüxbir kimi işləmişəm. 374 balla Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər ixtisasına qəbul olundum. BSU-da həm təhsil alırdım, həm də mətbuat xidmətində çalışırdım. Birinci kursu bitirəndən sonra “transfer.edu.az” saytı vasitəsilə Azərbaycan Dillər Universitetinə (ADU) köçürüldüm. Elə həmin dövrdən ADU-nun Mətbuat xidmətində mütəxəssis, redaktor vəzifələrində çalışmışam. Hazırda isə ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədriyəm. Mir Cəlal adına hekayə müsabiqəsində iştirak etdim. Həmin müsabiqənin mükafatlandırma mərasimində isə çox hörmətli Arif Paşayev, Hafiz Paşayev tərəfindən mükafatlandırılmaq dəyərli və həyatım boyu unutmayacağım bir anlar idi. Bakı Slavyan Universitetindən Azərbaycan Dillər Universitetinə tələbə transferləri vasitəsilə (transfer.edu.az) köçürüldükdən sonra universitetin “Bir günlük xəlifə” layihəsinin seçimlərində iştirak etmiş və tələbələr tərəfindən “mətbuat katibi” vəzifəsinə seçilmişəm. Bir gün müddətində bu vəzifəni icra etmişəm. Ötən il Gənclər Günü münasibətilə keçirilən tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla tərəfindən “İlin ən uğurlu transferi” mükafatına layiq görülmüşəm. Ən böyük uğurum isə Bakı Slavyan Universitetində oxuyarkən Yeni Azərbaycan Partiyasının üzvləri sırasına qoşulmaq haqqında aldığım qərar oldu.

- Nəyə görə ixtisas seçimin məhz jurnalistika oldu?

- İnformasiyanın içində olmağı çox sevirəm. Hər şeydən məlumatlı olursan. Jurnalistikada sən informasiyanı axtarmırsan, informasiya səni tapır. Bir də qələmin iti olduğu üçün dostların da çox olur.

-  Yeni Azərbaycan Partiyasının bugünkü fəaliyyəti haqqında fikirlərin necədir?

-Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin ən ümdə partiyasıdır. Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verib. Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır. Özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər də böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərin inkişafına geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir. YAP Gənclər Birliyində parlaq zəkalı, ağıllı, iradəli, Vətənə sevgisi ilə seçilən gənclərimiz çoxdur. Bu gənclər ölkəmizin sabahıdır. Sabahımıza isə inamım böyükdür.

- Şahin üçün Vətən sevgisi nə deməkdir?

-Vətən hər birimizin özümüzdən, ətrafımızdan, dostlarımızdan başlayır. Vətən mənim üçün şəhid olmuş əmimdir. I kursda oxuyurmuş, könüllü olaraq müharibəyə yollanıb. Şəhid olub, məzarı belə yoxdur. Elə bilirəm ki, ölkəmin hər qarış torpağına onun ucaboy qaməti qarışıb, nəfəsi təbiətə can verir. Vətən başqadır, mən indi deyə bilmərəm ki, vətən üçün filan şeyi edəcəyəm. Bilirəm ki, zamanla deyəcəyim şeylər edəcəyim işlərin yanında çox kiçik görsənəcək. Hərdən düşünürəm ki, hər rayondan bir qarış torpaq gətirəm, əmimin ruhu üçün bir məzar düzəldəm. Saatlarla orada oturam, onunla dərdləşəm. Fikrimcə, Vətənim, yurdum, şəhidlərim üçün canımdan da keçsəm azdır. Torpaqlarımızı geri almayana qədər özümü şəhidlərim və Vətənim qarşısında borclu və günahkar hiss edirəm.

- Bildiyimə görə, Milli Qəhrəmanımız Mübariz İbrahimovun doğum günü ilə bağlı yazı müsabiqəsi də keçirmisən...

- O qədər gözəl yazılar gəlmişdi ki. I sinif şagirdləri belə nələrsə yazmağa çalışmışdı. Yüzlərlə yazı göndərildi. 3 mərhələli seçim turu etdik. Layiq olanlar yer qazandılar. Əslində bu müsabiqəni öz əməkhaqqım hesabına başlatsam da, sonradan Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti də maddi dəstək verdi. Hətta rektorumuz Kamal Abdulla da şəxsi təşəbbüsü ilə layihəmizə dəstək verdi, müsabiqənin maliyyəsi daha da artdı. Qəhrəmanlarımızın təbliği, onların uca tutulması hər bir gəncin ən ümdə vəzifəsidir.

- Asudə vaxtlarını necə dəyərləndirirsən?

- İnsanlar necə rahat ola bilirsə, o cür də həyat planlamasını qururlar. Məsələn, mən asudə vaxtımda şeir, ya da hekayə yazıram. Nərdi oynamağı çox xoşlayıram, tək gəzməyi, mütaliə etməyi sevirəm. Amma həftədə cəmi 3-4 saat asudə vaxtım olur. Gücümü işləməyə ayırıram. Gəncəm, enerjiliyəm, daha çox işləyə bilərəm deyə düşünürəm.

- Yazdığın şeir və hekayələr hansı mövzuda olur? Yadında qalan bəndlərdən biri...

- Əsasən Vətən sevgisindən, peyzajdan, humanizm haqqında mövzular olur. Şeirlərimdən bu bənd yadıma düşdü:

Sərçələr düzülüb ayaqlarıma!

Bir sıxma, bir ovuc dəndən ötəri.

Ağzı da sulanır gözləri kimi,

Həsrətin çəkdiyi dəndən ötəri.

Gözü dən axtarır, dili dən deyir,

Yavru sərçələrin dəncəyi boşdur.

Titrək “əlləriylə” dilənir indi,

Məndən istədiyi dən məndə yoxdur.

- Gələcəkdə özünü harada görürsən?

-Heydər Əliyev Fondunda çalışmaq istəyirəm. Bunun ən başlıca səbəbi isə odur ki, mən insanlarla işləməkdən, onlara kömək əli uzatmaqdan xüsusi zövq alıram. Yaşamaq həvəsim artır. Heydər Əliyev Fondu isə çətin durumda olan insanlar üçün dayaqdır, mərhəmətin oazisidir. Mərhəmətin oazisində olmaqdan başqa nə arzumuz ola bilər ki? İnsanlar üçün çətin görünən hər hansı bir məsələni həll edib, onlardakı sevinci gördükdən sonra gecələr yaxşı yata bilirəm. Yaşlı bir insanın əlindən tutub pilləkənləri düşürməkdən, yolu keçirməkdən belə enerji alıram.

- Azərbaycan dövlətinin gənclərimiz üçün daha hansı imkanlar yaratmasını istərdin?

- Dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə imzaladığı yüzlərlə Sərəncamı ilə təsdiq etdi ki, gənclərə dövlət qayğısı gündən-günə artırılır. Həmin sərəncamlarda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri öz əksini tapır. Bu istiqamətlər tamamilə xalqımızın milli mənafelərinin inkişafına yönəldilərək gəncləri ideya müəllifi olmağa səsləyir. Yəni hər bir gənc fərdi qaydada özünü idarəçi kimi yetişdirməli, daim təşəbbüskarlıq göstərməlidir. Düşünürəm ki, dövlət hər gün gənclərə yeni imkanlar yaratmaq üçün müxtəlif proqramlar üzərində çalışır, bu iş öz axarında layiqincə yerinə yetirilir.

- Sənin fikrincə, parlaq gələcək təminatçılarımız necə olmalıdırlar?

- Daha şən, gülərüz, səmimi, mehriban, ağıllı, bacarıqlı gözüaçıq, müasir, ölkəmizin mənafeyini qorumaq üçün gecə-gündüz çalışan, fəal sosial şəbəkə istifadəçisi və ən əsası multikultural ruhda böyüyən bir vətənpərvər şəxsiyyət. Çox intellektual gənclərimiz var. Onlar müasir dövrlə ayaqlaşa bilirlər. Amma aramızda tənbəlləri də var. Təhsildən, ictimai fəaliyyətdən, könüllülük hərəkatından uzaq qaçmağa çalışırlar. Amma zaman itkisi və kənarda qalmaq onların əleyhinə işləyir. Dostlarımız sosial şəbəkələrdən doğru istifadə etməyi bacararsa, əlbəttə, bu sahəyə meyil etməsini normal və vacib hesab etmək olar. Sosial şəbəkə elə bir virtual məkandır ki, oradan ölkəmizin mənafeyi üçün çox mötəbər işlər görmək olar.

- Müasir gənclərin kitab oxumağa maraqlı olmamasının səbəbləri nədir?

- Mütaliə cəmiyyətimizin intellektual səviyyəsinin inkişafına xidmət edir. Mütaliə düşüncələrin rəqsidir. İki fərqli mədəniyyətə məxsis fikrin bir-biri ilə rəqsi nə dərəcədə önəm kəsb edə bilərsə, o qədər də önəmlidir. Kitab oxucularının azalması və artımı hər dövrdə də olub. Dağda çobanlıq edib bütün günü kitab oxuyan şəxs də tanıyıram, dünya ədəbiyyatını başdan-başa oxuyan xadimə də tanıyıram, professor da. Gənclər mütaliəyə bir az etinasız yanaşırlar. Bu da təbiidir. Sosial şəbəkə, mobil telefon onların zamanını oğurlayır. Bu azalma tempi buna görədir. Amma bir neçə ilə bu temp yüksələn xətlə inkişaf edəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə fəaliyyətə başlayan Bakı Kitab Mərkəzində bir neçə saat olmaq kifayətdir ki, orada kitaba bəşəri məhəbbəti duya biləsən.

- Gənclərimizə məsləhətin nə olardı?

- Ən birinci xahişim yaxşı təcrübə toplasınlar. İşlədikləri, istədikləri sahəni dərindən öyrənsinlər. İndi təcrübə daha ümdə yerdədir. Dil bilikləri də çox önəmlidir. Çalışıram ki, mən də dil biliyimi inkişaf etdirim.

Yaqut Ağaşahqızı, “İki sahil”