Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Zahid Rza

Dövlətimizin məramı xalqın rifahını ən yüksək səviyyəyə çatdırmaqdır

29 aprel 2020 10:26
2224

Çevik və ağıllı dövlət siyasəti, sistemli və ardıcıl yanaşma, uzaqgörənlik və prinsipiallıq, yüksək idarəçilik və humanistlik. Dövlətimizin özünün gündəlik siyasətində əsas tutduğu bu xətt sayəsində pandemiyanın ilk günlərindən ölkədə gedən proseslər Azərbaycanın dünyanı bürüyən koronavirus bəlasından daha az itkilərlə çıxacağına tam əminlik yaratdı. Həyata keçirilən genişmiqyaslı qabaqlayıcı tədbirlər bir daha təsdiq etdi ki, ölkə başçısının əsas məramı və məqsədi, başlıca amalı yalnız Azərbaycan dövlətinin və onun vətəndaşının mənafeyinin qorunmasıdır.

Aprelin 17-də Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda bir daha vurğuladı ki, Azərbaycan dövlətinin məramı xalqın rifahını ən yüksək səviyyəyə çatdırmaqdır: “Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir. Eyni zamanda, təbii ki, biz bu şəraitdə iqtisadi sahəyə də daha çox diqqət verməliyik. Çünki hər kəs bilməlidir, əgər güclü iqtisadi imkanlarımız olmasa, biz öz sosial siyasətimizi uğurla apara bilməyəcəyik, xüsusilə pandemiya dövründə ki, bu xəstəlik və bu xəstəlikdən yaranan fəsadlar böyük maliyyə vəsaiti tələb edir. Ona görə bir daha demək istəyirəm, bu pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır”.

Bu gün Azərbaycan hökuməti bütün imkanlarını səfərbər edib ki, ölkəmiz bu vəziyyətdən az itkilərlə çıxsın, insanların həyatını qorusun və postpandemiya dövrünə hazır olsun. Artıq vətəndaşlarımız ölkə rəhbərliyinin həyata keçirdiyi genişmiqyaslı tədbirlərin müsbət nəticələrini gündəlik həyatlarında hiss edirlər. Prezident İlham Əliyevin aprelin 24-də Sumqayıt şəhərindəki yataqxanalarda müvəqqəti məskunlaşan 3042 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində yaşayış binalarından ibarət məhəllələrdə tikinti işlərinin gedişi ilə tanış olması bunun əyani təsdiqidir.

Qeyd edək ki, bu, ölkə başçısının tapşırıqlarına əsasən Neft Fondundan ayrılmış vəsait hesabına Abşeron rayonunun ərazisində 1890 ailə üçün nəzərdə tutulmuş tikinti sahəsidir. Hazırda burada iki qəsəbə salınır. Qəsəbələrdən biri 1890 ailə, digəri isə 1152 ailə üçün nəzərdə tutulur. Birinci qəsəbədə 1512 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, klub icma mərkəzi var, musiqi məktəbi tikilir. Digər qəsəbədə doqquzmərtəbəli 29 yaşayış binası tikilir. Bu qəsəbədə isə 35 yaşayış binası nəzərdə tutulub, hazırda tikintisi davam etdirilir. Cari ilin yanvar ayının 15-dən tikintisinə başlanılan obyektə 2200 işçi qüvvəsi cəlb olunub, müasir texnikadan istifadə edilir. Tikinti şərtləri nəzərə alınmaqla burada işlər sürətlə davam etdirilir və nəzərdə tutulub ki, noyabr ayının sonlarınadək qəsəbə tam hazır olsun. Bütövlükdə burada salınan iki qəsəbədə 3042 ailə məskunlaşacaq.

Bundan sonra Prezident İlham Əliyevin iştirakı ilə Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışı olub. Məlum olduğu kimi, Sumqayıt şəhərinin əhalisi Qaradağdan 12 düymlük 12 atmosfer təzyiqli xətlə qazla təmin olunurdu. Həmçinin Sumqayıtın sənayesi üçün Qaradağ-Digah-Şimal DRES xəttindən 30 atmosferlik bir xətt çəkilmişdi. Bu xətt Sumqayıtın sənaye müəssisələrini və karbamid zavodunu qazla təchiz edir. Artan tələbat və Şimal DRES-də artım Sumqayıtın təmin olunması üçün müəyyən problemlər yaradırdı. Son illər Sumqayıtda böyük sənaye klasterinin yaradılması üçün qaz imkanları məhdud idi, hətta qış vaxtlarında çatışmazlıq olurdu. Ölkə başçısının göstərişi ilə 80 milyon manat vəsait ayrıldı və 60 kilometrlik yeni Ağdərə-Sumqayıt xətti çəkildi. Bu, imkan verdi ki, Sumqayıt-Abşeron dayanıqlı, yüksəktəzyiqli qazla təmin edilsin. Bu magistral xətt hətta gələcəkdə Sumqayıtın inkişafı üçün də böyük imkanlar yaradacaq. Bir məqamı da vurğulamaq yerinə düşər ki, tikinti işlərinə keçən ilin üçüncü kvartalında başlanılmış və dövlətimizin başçısının göstərişi ilə vaxtından 2 dəfə tez-6 ay müddətində başa çatdırılmışdır. Bu gün artıq böyük sənaye şəhəri olan Sumqayıt dairəvi qazla təmin olunur.

Bundan əvvəl isə ölkə başçısının iştirakı ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksi açılıb. Yeri gəlmişkən, bu Baş İdarəetmə Mərkəzi vasitəsilə enerjisistemin avtomatik idarəedilməsinin, idxal-ixrac proseslərinin, tənzimləmələrin həyata keçirilməsi nəzərdə tutulur. Əməliyyatlar insan müdaxiləsi olmadan məsafədən həyata keçirilir. Hazırda burada müasir avadanlıqlar və proqram təminatı ilə təchiz ediləcək yeni SCADA sistemi qurulur. Yeni sistem əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən, 7 Regional Monitorinq Mərkəzindən ibarət olmaqla, ilkin mərhələdə 21 elektrik stansiyasını və 80 yarımstansiyanı əhatə edəcək. Yeni SCADA layihəsinin ilin sonunda tam başa çatdırılması nəzərdə tutulur. Binada ilk dəfə olaraq müasir avadanlıqla təchiz edilən 500 nəfərlik Energetiklərin Mədəniyyət Mərkəzi yaradılıb. Kompleksin binasında tibbi maskaların istehsalı üçün xüsusi otaq da ayrılıb, zəruri avadanlıq quraşdırılıb.

Göründüyü kimi, koronavirusla mübarizə tədbirləri fonunda bütün dünya son illər ərzində Azərbaycanın modernləşərək yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunun, dövlətlə xalqın bir platformada birləşməsinin bir daha şahidi oldu. Bir daha təsdiq olundu ki, ölkə başçısının yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları dayanır. Elə buna görə də xalqımız bu çətin günlərdə həmişə olduğu kimi, öz liderinə böyük dəstək göstərdi, həmrəylik nümayiş etdirdi. Bunu son günlər keçirilən rəy sorğuları, eləcə də soydaşlarımızın ölkə başçısına ünvanladırları minnətdarlıq məktubları bir daha təsdiq etdi. Vətəndaşlarımız COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə görülən işlərə və qabaqlayıcı tədbirlərə görə Prezident İlham Əliyevə öz dərin təşəkkürlərini bildirirlər. Onlar əminliklə vurğulayırlar ki, Azərbaycan xalqı öz liderinin - Prezidentinin ətrafında sıx birlik nümayiş etdirməklə bu ağır sınaqdan da uğurla çıxacaq.

Mənsumə Babayeva
28 illik işğala son
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?