12 iyun 2019 10:49
814

Dövlətçilik tariximizə qızıl hərflərlə yazılan gün

Sözsüz ki, hər bir xalqın taleyində xüsusi önəm daşıyan hadisələr və tarixi faktlar olur. 15 İyun - Milli Qurtuluş Günü də məhz Azərbaycan xalqının dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış günlərdən biridir. Milli Məclisin deputatı Kamran Bayramov bu əlamətdar tarixi günlə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan tarixinə möhtəşəm hadisə kimi yazıldı: “Hələ 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Amma çox təəssüf ki, müstəqilliyin ilk illərində dövlətin sükanı arxasında xalqın həmrəyliyini təmin edə biləcək qüdrətli bir lider yox idi. Bu səbəbdən də həmin dövrdə çox ağır siyasi hadisələr baş alıb gedirdi. Ermənistan Azərbaycan ərazilərinin işğalını genişləndirir, əhalinin sosial vəziyyəti gündən-günə ağırlaşırdı. Ölkə daxilində siyasi vəziyyət getdikcə daha da gərginləşirdi. Ölkədə çətinliklərin qarşısını alan, xalqı öz arxasınca aparmaq iqtidarında olan rəhbərə çox böyük ehtiyac var idi. Sözsüz ki, hər kəs bu keyfiyyətləri ancaq ümummilli lider Heydər Əliyevdə görürdü. Xalq əmin idi ki, ölkəni düşdüyü bu cür ağır durumdan ancaq dahi şəxsiyyət xilas edə bilər. Belə bir ağır durumda ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdı. Elə həmin gündən etibarən Azərbaycan inkişaf, tərəqqi yolunu tutdu. 1993-cü ildən etibarən ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi”.

Deputat qeyd etdi ki, 15 iyun tarixi Azərbaycanın inkişafında və tərəqqisində dönüş nöqtəsi oldu.

Siyasi ekspert Azər Həsrət isə bildirdi ki, 15 İyun - Milli Qurtuluş Günü həqiqətən də Azərbaycan üçün bir şans məsələsi oldu: “Doğrudan da 15 iyun olmasaydı, yəni 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün biz azad, müstəqil ölkəmiz haqqında bu cür ağızdolusu danışa bilməzdik. Əgər o vaxt ulu öndər Heydər Əliyev siyasəti olmasaydı bu gün bəlkə də biz Suriyanın, İraqın gününə düşərdik. Biz hər gün hardasa bombaların, güllələrin partladığının şahidi olardıq. Amma dahi şəxsiyyət ölkəsini düşdüyü ağır durumdan xilas etdi, ona yeni nəfəs verdi. Bu gün dahi şəxsiyyətin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın ən öndə gedən ölkələri sırasına yüksəlib.  Elə bu baxımdan da 15 İyun Azərbaycan üçün sözün həqiqi mənasında əsl qurtuluş günü oldu. Düşünürəm ki, zaman keçdikcə biz 15 İyun - Milli Qurtuluş Gününün əhəmiyyətini daha da yaxşı dərk edəcəyik”.

Ekspert əlavə etdi ki, bu gün Ulu Öndərin uzaqgörən siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Mənsumə Babayeva, “İki sahil”