22 may 2020 19:29
274

DOST layihəsi: Azərbaycanın yeni brendi

Dövlətimizin başçısı İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Ölkə Prezidentinin “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin də məqsədi məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. İstifadəyə verildiyi gündən vətəndaş məmnunluğuna doğru keyfiyyətcə yeni mərhələ açan DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilir. Bu layihə dövlət sosial xidmətlərinin innovativ təqdimat üzərindən, vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və sadə prosedurlar əsasında göstərilməsinə xidmət edir. Vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi, bundan başqa mərkəzlərdə vətəndaşlara xidmət göstərən əməkdaşlar üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə və digər aidiyyəti bacarıqlarını inkişaf etdirən müxtəlif təlimlər də həyata keçirilir.

Dövlətimizin başçısı İlham Əliyev növbəti DOST mərkəzinin açılışı mərasimində bildirdi ki, Azərbaycan bu sahədə də liderlik göstərir və DOST mərkəzinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür: “Artıq üçüncü mərkəz açılır və ilk açılan iki mərkəzin fəaliyyəti də çox uğurludur. Vətəndaşların bəyənmə əmsalı 96 faizə çatıbdır. Burada göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır”.

Onu da qeyd edək ki, Heydər Əliyev prospektində yerləşən 3 saylı DOST Mərkəzi paytaxtın Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinlərinə xidmət göstərəcək. Mərkəzdə əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, övladlığa götürmə, əlillik, əmək və məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza Komissiyasının xidmətləri göstəriləcək. Burada 130 nəfərdən çox işçi və “Könüllü DOST” proqramı üzrə 50 könüllü çalışacaq. Mərkəz gün ərzində 500, il ərzində isə ümumilikdə 150 mindən artıq vətəndaş qəbul edə biləcək.

2019-2025-ci illərdə 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulur. Onların 5-i Bakıda, 26-sı isə regionlarda olacaq. Ümumilikdə DOST mərkəzlərində “bir pəncərə” prinsipi ilə 2,8 milyon insana 132 xidmət göstəriləcək. Ötən il istifadəyə verilən 1 və 2 saylı Bakı DOST mərkəzlərində indiyədək 100 mindən çox şəxsə xidmət göstərilib ki, bununla da vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 96 faiz təşkil edib. “Könüllü DOST” proqramı üzrə artıq 300-dən çox könüllü, o cümlədən 22 yaşlı şəxs bu mərkəzlərə də cəlb edilib.

Göründüyü kimi, DOST layihəsi Azərbaycanın yeni brendi kimi özünü təsdiq etməkdə qərarlıdır. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, ABAD, DOST kimi layihələrin sırasına yenilərinin əlavə olunacağı qaçılmazdır. Müasirliyi, təkmilləşməni həyata keçirdiyi siyasətin önündə saxlayan Azərbaycan daim ilklərə imza atan dövlət kimi tanınır və nüfuz qazanır. İdarəçilik sistemində təkmilləşmə, yeni texnologiyaların tətbiqi ilə iqtisadiyyatın rəqabətliliyinin təmin olunması, kadr hazırlığının iqtisadi tərəqqiyə uyğunlaşdırılması və sair kimi biri-birindən əhəmiyyətli addımlar Azərbaycanı beynəlxalq aləmə innovasiyalar ölkəsi kimi təqdim etməkdədir.

Mənsumə Babayeva, “İki sahil”